Tanınmış şair prezident təqaüdünə layiq görüldü…

Tanınmış şair Şərafəddin İlkin bu il AYB-nin təqdimatı ilə Prezident təqaüdünə layiq görülüb. Müstəqil.Az-ın yaradıcı kollektivi bu münasibətlə şairi təbrik edir, yaradıcılıq uğurları arzulayır və şairin  yeni şeirlərini təqdim edir

ÖMRÜMƏ
 
Mən ömrümü fəsillərə bölmədim,
Yay gəlməmiş payız gəldi ömrümə.
Bircə dəfə isinmək nə, bilmədim,
Nə gəldisə bumbuz gəldi ömrümə.
 
Gözüm tökdü gecə-gündüz gürşadı,
Özüm oldum dərdlərimin yaşıdı…
Deyirdilər sevinc qəmlə qoşadı,
Amma kədər yalqız gəldi ömrümə.
 
Vaxt tapmadım bu dünyaya baxmağa,
Bircə dəfə çınqı oldum çaxmağa…
Eşq odunda yandırmağa, yaxmağa,
Bir də gördüm o qız gəldi ömrümə.
 
Ona qoşdum şerimin hər sətrini,
Vəfasızdı, bilmədi ki, qədrini…
Qoxlamadım qızılgülün ətrini,
Nanə gəldi, yarpız gəldi ömrümə.
 
Məni yaman qaraladı bu ələm,
Dərdimi kağıza köçürdü qələm…
Nə bir aylı gecəm oldu dincələm,
Nə günəşli gündüz gəldi ömrümə.
 
MƏNİ SEVIRSƏNSƏ MƏNDƏN UZAQ OL
 
Dərdimiz bərabər doğulub bizim,
Qəmimiz, qüssəmiz çox olub bizim.
Xəmrimiz həsrətdən yoğrulub bizim,
Çalış öz evində yanan çıraq ol,
Məni sevirsənsə, məndən uzaq ol.
 
Axı, dözəmməzsən çəkdiyim dərdə,
Bəlaya düşərsən durduğun yerdə…
Çalış gözlərimə görünmə bir də,
Bir az kənar dolan, bir az qıraq ol,
Məni sevirsənsə, məndən uzaq ol.
 
Daha yanaqlarım qurumaz nəmdən,
Zilə yetməz səsim, ötərəm bəmdən.
Sevən qaça bilməz qüssədən, qəmdən,
Kədər zəmi olsa, biçən oraq ol,
Məni sevirsənsə, məndən uzaq ol.
 
Mən olum dərdindən gül kimi solan,
Darılma, onsuz da olacaq olan…
Məndən uzaqda gəz, kənarda dolan,
Demirəm saçımda gəzən daraq ol,
Məni sevirsənsə, məndən uzaq ol.
 
Yola çıxmamışdıq yolu azmağa,
Yuxu da görmədik xeyrə yozmağa.
Uğursuz bir eşqdən dastan yazmağa,
Nə mən qələm olum, nə sən varaq ol,
Məni sevirsənsə, məndən uzaq ol.
Məni sevirsənsə, məndən uzaq ol!
 
ÜRƏYIM BAĞIŞLAMIR
 
Mərd oldum ömrüm boyu,
Xəyanət nə?
Bilmədim.
Düşmənin də dərdinə
Sevinmədim, gülmədim.
 
Aldanıb şan-şöhrətə
Heç öymədim özümü.
Arxadan danışmadım,
Üzə dedim sözümü.
 
Dostumun qeyrətini
Çəkdim qeyrətim kimi.
Düzlük, həqiqət oldu
Ürəyimin hakimi.
 
Qədrimi bilməyənlər
Deyildir heç gərəyim.
Gözümdən düşənləri
Bağışlamır ürəyim.

Share: