Serena Uilyamsdan həyat yoldaşına dəstək

Dünyanın keçmiş bir nömrəli raketkası, “Böyük dəbilqə” turnirlərinin 23 qat qalibi Serena Uilyams “Reddit” şirkətinin idarə heyətindən ayrılmaq qərarına gələn həyat yoldaşı Aleksis Ohanyanı dəstəkləyib.

Müstəqil.AZ xəbər verir ki, amerikalı tennisçi “Twitter” hesabında belə yazıb:

“İstənilən şirkətin direktorlar şurasında müxtəlif fikirlərin olması vacibdi. Mən səninlə fəxr edirəm, Aleksis! Bilirəm ki, qızımız Olimpiya da səninlə qürur duyacaq”.
Aleksis “Reddit”in yaradıcılarından biridi. O, ötən gün şirkətin idarə heyətindən ayrıldığını və yerini qaradərili həmkarlarından birinə verəcəyini bəyan edib. Bununla yanaşı, Aleksis şirkətin səhmlərindən əldə etdiyi gəlirin bir hissəsini qaradərili icmalara dəstək və irqi ayrıseçkiliklə mübarizə üçün ayıracağını açıqlayıb.
Qeyd edək ki, afroamerikalı Corc Floydun Minneapolis şəhərində polis tərəfindən öldürülməsindən sonra ABŞ-da kütləvi etirazlar başlayıb.
Müstəqil.AZ
Share: