Prezident və xanımı Şamaxıda… – Fotolar

15:56

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı rayonuna səfərə gəliblər.

Müstəqil.Az xəbər verir ki, dövlət başçısı və birinci xanım ümummilli lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı şəhərində Pirsaat Baba ziyarətgahının yenidən qurulması çərçivəsində görülən işlərlə tanış olublar.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma tikinti-bərpa və yenidənqurma tədbirləri barədə məlumat verib. Bildirib ki, zəlzələ zamanı ziyarətgahın divarlarında çatlar əmələ gəlmişdi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirsaat Babanın məzarını ziyarət ediblər.

Pirsaat Baba ziyarətgahı bütün ölkə əhalisinin ziyarət etdiyi müqəddəs ocaqlardan biridir və hər gün buraya yüzlərlə zəvvar gəlir. Ziyarətçilərin rahatlığını təmin etmək məqsədilə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə burada geniş yenidənqurma işlərinə başlanıb.

Qeyd edək ki, təxminən IX-XV əsrlər arasında tikilmiş türbə 1918-ci ildə Hacı Cəfərqulu tərəfindən yenidən ucaldılıb. Heydər Əliyev Fondu tərəfindən 2020-ci ildən başlanmış yenidənqurma işləri həm tarixi abidə, həm də müqəddəs ziyarətgah olan Pirsaat pirinin tamamilə yeni görkəmdə əhalinin ixtiyarına verilməsinə imkan yaradacaq.

Dini ziyarətgahlarımız da xalqımızın qürur doğuran keçmişinə, milli – mənəvi dəyərlərinə maksimum həssas münasibətinin əyani nümunələrindəndir. Azərbaycanın müasir tarixində müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin prinsipial və həsəd doğuran vətəndaşlıq mövqeyi, iradəsi, qətiyyəti, milli-mənəvi dəyərlərə dərindən bağlılığı nəticəsində ölkəmizdəki ziyarətgahlara yeni həyat verildi. Təsadüfi deyil ki, Ulu Öndərin müəyyənləşdirdiyi mükəmməl siyasi kursun layiqincə davam etdirilməsinə və daha da zənginləşdirilməsinə Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində indi ziyarətgahların və dini məbədlərin yenidən qurulmasının miqyasına görə heç bir ölkə Azərbaycanla müqayisə edilə bilməz. Bu baxımdan Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da səylərini əsirgəmir, istər ölkəmizdə, istərsə də xaricdə silsilə layihələr reallaşdırır. Bunlardan biri də Bunlardan biri də Şamaxı şəhərinin girəcəyində, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında, Pirsaat çayının sahilində yerləşən Pirsaat Baba ziyarətgahıdır.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı rayonuna ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalara baxıblar.

Bir sıra sahələrdə, o cümlədən şəhər təsərrüfatı, kommunal, səyyar tibbi və digər sahələrdə xidmətin keyfiyyətini yaxşılaşdırmaq üçün Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq Şamaxı rayonuna çoxlu sayda nəqliyyat vasitələri və xüsusi texnikalar ayrılıb.

Şamaxıya səfəri zamanı həmin nəqliyyat vasitələri və texnikalar dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya təqdim olundu. Bildirildi ki, texnika və nəqliyyat vasitələri seçilərkən rayonun turizm potensialı, seysmik ərazidə yerləşməsi və landşaftı nəzərə alınıb. Rayonda sərnişindaşımanın lazımi səviyyədə təşkili üçün 10 avtobusu ayrılıb. Rayonun kommunal təsərrüfatında bundan sonra məişət tullantıları daşıyan, küçə süpürən və yuyan, qartəmizləyən və digər müasir texniki vasitələrdən istifadə ediləcək. Şamaxının səhiyyə potensialına 3 təcili tibbi yardım avtomobili və 1 reanimasiya maşını əlavə olunacaq. Bundan başqa, rayonun bərpa-quruculuq və abadlıq işlərində istifadə etmək üçün çoxlu sayda ağır və yüngül tonnajlı yük maşını, ağır tonnajlı buldozer, çoxfunksiyalı ekskovator və digər texniki vasitələr ayrılıb. Bu təşəbbüs dövlət başçısının regionların daha da müasirləşməsi, şəhər, qəsəbə və kəndlərdə rahat həyat şəraitinin yaradılması üçün apardığı sosial-iqtisadi siyasətin daha bir əyani göstəricisidir.

Ölkənin başqa şəhərlərinin də belə texnika və nəqliyyat vasitələri ilə təchizatını təşkil etmək üçün təkliflər hazırlanması barədə tapşırıq verən Prezident İlham Əliyev dedi:

-Avtobuslar gərək bu gündən xətlərə çıxsın. Ondan sonra təcili tibbi yardım maşınları. Şamaxı rayonunun təchizatı ilə bağlı görülən işlər indiki mərhələdə kifayətdir. Həm Prezidentin ehtiyat fonundan, həm də dövlət büdcəsindən vəsait ayrıldı. Gərək biz prinsipcə bütün şəhərlərimizdə texnika ilə təchizatı yüksək səviyyəyə qaldıraq. Bu baxımdan Şamaxı birinci şəhərdir. Mən demişəm, digər şəhərlərdə, bir çox yerlərdə şəhər nəqliyyatı bərbad vəziyyətdədir. Kommunal texnikanın çatışmazlığı problemlər yaradır, təkliflər hazırlayın, bizim bütün şəhərlərimizdə müasir texnika təchizatı təmin edilməlidir – həm sərnişin nəqliyyatı, kommunal texnika, həm də təcili tibbi yardım maşınları. Bakı şəhərində bu, öz həllini tapıb. Baxmayaraq ki, Bakıda da hələ köhnədən qalan avtobuslar var, onlar da yavaş-yavaş yeniləri ilə əvəzlənir. Bir çox şəhərlərə təcili tibbi yardım maşınlarının göndərilməsi təmin edilmişdir. Ancaq vaxt keçir, onların da istismar müddəti başa çatır, sıradan çıxır, qəzaya uğrayır. İndi Şamaxı rayonunun timsalında biz prinsipcə görürük ki, əhalini nəzərə alaraq nə qədər texnika lazımdır. Ona görə, digər rayonlarda da nə qədər texnika lazımdır, biz bunları kompleks şəkildə, tədricən həll edək.

Prezidentin köməkçisi Anar Ələkbərov: Oldu, cənab Prezident, aydındır.

Prezident İlham Əliyev: Mən göstəriş vermişdim k, Şamaxı şəhərinin avtomobil yollarının da təmiri ilə bağlı tədbirlər görülsün. Kənd yollarının bir çoxu asfaltlanıb, hətta ucqar kəndlərə də asfalt yollar çəkilib. Amma şəhər yolları o qədər də yaxşı vəziyyətdə deyil. Ona görə də, həm kənd yollarının çəkilişinin davam etdirilməsi, eyni zamanda, Şamaxı şəhərinin yol infrastrukturunun müasirləşməsi ilə əlaqədar əlavə tədbirlər görülməlidir. Dayanacaqlar da pis vəziyyətdədir. Ona görə bu yeni texnika bütün şəhər infrastrukturunun müasirləşməsinə xidmət göstərəcək. Əsas məsələ insanların sağlamlığı və təhlükəsizliyidir. Bu müasir təcili tibbi yardım maşınları hər yerdə lazımdır, özü də ən aparıcı şirkətlərin istehsalıdır. Əlbəttə ki, yeni avtobuslar həm rahatlıq gətirəcək, həm də təhlükəsizlik baxımından çox vacibdir.

Anar Ələkbərov: Cənab Prezident, Sizə təşəkkür edirik.

***

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxı şəhərində inşa edilən 2 nömrəli körpələr-evi uşaq bağçasının mayın 25-də açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

110 yerlik bu müəssisədə uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb, bütün otaqlar lazımi avadanlıqla təchiz edilib. Burada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması diqqət mərkəzində saxlanacaq.

Dövlətimizin başçısının Şamaxıya səfəri zamanı Meysəri kəndində də yeni uşaq bağçası istifadəyə verilib. Kənd yerlərində belə bağçaların inşası ölkəmizdə şəhərlə kənd arasında fərqin getdikcə aradan qaldırılması üçün atılan mühüm addımlardandır.

***

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhərində istismar müddəti başa çatmış binalarda yaşayan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tikilən 51 mənzilli binada olublar.

Daha sonra dövlətimizin başçısı və birinci xanım zəlzələdən zərər çəkənlər üçün yeni tikilmiş çoxmərtəbəli binalarda yaradılmış şəraitlə də maraqlanıblar.

Məlumat verilib ki, zəlzələdən zərər çəkənlər üçün ilkin mərhələdə inşa olunmuş 44 və 20 mənzilli iki binada hər cür şərait yaradılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında olublar.

Hazırda Heydər Əliyev Fondunun layihəsi əsasında burada bərpa-konservasiya işləri aparılır.

Ziyarətgahda aparılan arxeoloji tədqiqatlar zamanı XIV əsrin ortalarına aid türbə qalıqları və onun məhz xəlvətilik təliminin banisi Pir Ömər Avaxıliyə aid olduğunu təsdiqləyən artefaktlar aşkar edilib.

    Share: