Şuşa bu gün od tutub yanacaq…

Bu gün mayın 21-dir. Sizə adi tarix kimi gələ bilər, amma qətiyyən elə deyil. Bu gün ermənilər Şuşanı ikinci dəfə işğal edəcəklər – Qarabağdakı qondarma-terrorçu rejimin “prezident”i andiçmə mərasimi keçirəcək. Şuşada…

Ehtimal var ki, Şuşanı Qarabağdakı qondarma rejimin paytaxtı elan etsinlər. Dünən bunu dostuma dedim, hönkür-hönkür ağladı.

Şuşa Azəbaycanın mədəniyyət paytaxtı, ruhaniyyətidir. Şuşa Azərbaycanın Qüdsüdür, Məkkəsidir. İslam dünyası necə Qüds uğrunda səfərbər olub ayağa qalxıbsa, biz də elə etməliyik. Şuşamızı – bu müqəddəs şəhərimizi düşmənin murdar ayaqlarından təmizləməliyik.

Təbii, bunu Ordumuz etməlidir. Biz indi çarəsizcəsinə gözləməkdəyik. Amma hiss edirəm, insanlar artıq gözləyə bilmirlər. Bu, başqa söhbətin mövzusudur, gəlim mətləbə.

Dediyim kimi, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Və bu gün Şuşaya dəyən murdar ayaqlar Azərbaycan mədəniyyətinə də dəyəcək. Amma özlərinə Azərbaycanın mədəniyyət xadimləri deyənlər fil qulağında yatıblar. Onları ermənilərin bu gün Şuşada keçirəcəkləri toy-bayram yox, Bakıda toy-bayramların nə vaxt başlayacağı düşündürür. Ancaq toylardan, şənliklərdən 5-10 min alıb qarınlarını otarmağı fikirləşirlər. Hələ bir utanmaz-utanmaz da toyda “Şuşanın dağları” mahnısı oxuyurlar. Guya bunların yadına Şuşa düşür.

Deyəcəklər ki, biz müğənniyik, gedib Qarabağı alası deyilik ki!

Sizdən Qarabağı tələb edən yoxdur. Başqa vaxt saytlara zəng edib sinənizin slikonu, son model maşınınız haqqında çərənləyirsiniz. Bu dəfə də zəng edib Şuşadan danışın, işğalla barışmadığınızı göstərin. Ümumiyyətlə, torpağı işğaldan olan bir müğənninin, aktyorun, yazarın milli mövqeyi olmalıdır. Yoxdursa, onun özü də, sənəti də yekə bir lox torbasıdır.

Axşam ermənilər Şuşada atəşfəşanlıq edəcəklər, o atəşfəşanlığın alovu, istisi bizi də yandıracaq.

Bizi həm də o yandıracaq ki, xalq bu saxtakar, bayağı müğənniləri sabah yenə 5-10 min verib toyuna çağıracaq.

Şeyx TEYMUR

Share: