Keçmişdən gələn qız

Sevil GÜLTƏN

…Tələbə vaxtı qrupumuzda N. adlı bir qız vardı. Ortaboylu, qaraşın, suyuşirin, iri alagözlü. Uzun kiprikləri gözünü daha cəlbedici edirdi. Qara qıvrım saçları ona xüsusi bir gözəllik verirdi. Çox vaxt saçını açıq qoyardı. Halqavarı sırğaları hələ də yadımdadır. O otağa girəndə sanki özüylə bir istilik gətirərdi. Həmişə gözləri gülərdi..Sanki xoşbəxtlik üçün yaranmışdı…

…Uzun illərdən sonra bir-birimizi axtarıb tapdıq. Bir azca kökəldiyindən əvvəlkindən bir az balacaboy göründü gözümə. Saçları tələbə vaxtında olduğu kimi yenə qapqaraydı- rəng qoyur saçına. Gözlərinin ətrafında qırışlar var indi. Daha uzun kiprikləri yanağına kölgə salmır. Saçlarını düyünləyib sancaqlayıb. Qulağında halqavarı sırğa yoxdur daha. Gözlərinin işığı azalıb-məktəbdə dərs dediyi şagirdlərə paylayıb gözlərinin nurunu.
Qarabağ bölgəsindəndir. Məlum hadisələrdən sonra qaçqınlıq həyatı yaşayıb. Ömrünün ən gözəl illərini kirayədə yaşadığı evlərdə bir xatirə kimi qoyub. Xəstə anasına qulluq edə-edə səbrini xərcləyib. Həyata keçməyən arzularını düyünləyib ömür boğçasında gizlədib. İndi ən böyük arzusu iki övladını xoşbəxt görməkdir.
…Çox qəribədir, bir neçə ay əvvəl metroda bir qız gördüm. Sanki onun cavanlığı idi. O boy-buxunda, onun kimi qaraşın, qulağında halqavarı sırğalar. Qara dalğalı saçlar.. Geyimi də indiki qızların geyiminə bənzəmirdi. Elə bil keçmişdən gəlmişdi bu günə. Elə bil o illərdəki N. bu günkü N-nin həyatı ilə tanış olmağa gəlmişdi. Həmin gün o qızı iki dəfə gördüm. Əvvəlcə qatarda….Deyəsən elə 28 May stansiyası idi- bir vaxt oxuduğumuz instituta ən yaxın metro…Elə həmin gün ikinci dəfə gördüm onu…Bu dəfə eskalatorda…Mən üzüaşağı düşürdüm…O isə üzüyuxarı qalxırdı…
…O gün, Qurban bayramında N-ya zəng etdim- bayramlaşmaq üçün. Sözarası metroda gördüyüm, ona bənzər qız haqda danışdım. Bir anlıq susdu. Hiss etdim ki, kövrəlib…
Bir az susub məndən soruşdu:
–Bəs sən o qızı görəndə heç nə demədin ona?
Təəccübləndim:
–Axı tanımadığım qıza yanaşıb nə deyəydim?
Telefonun o başından N-nin titrək səsini eşitdim:
–Ona deyəydin ki, keçmişdən gələn qız, hara gedirsən?
Doğrudan da görəsən keçmişdən gələn qız hara gedirmiş?

24 oktyabr 2013

Share: