Yardımlıda “sehirli qutular”ın taleyi

Yardımlıda “sehirli qutular”ın taleyi
Bir onu bilirəm ki, Yardımlının taleyi hər birimizin taleyidir. Saatın hər dəqiqəsində Yardımlı boyda boşluq, Yardımlı boyda sükut dolaşır içimdə.
Ölkədə çətin vəziyyət hökm sürməkdədir. COVİD19 pandemiyasının mövcudluğu, habelə ölkə iqtisadiyyatının nisbətən aşağı düşməsi xalqın güzəranına da təsirsiz ötüşmür. Ölkə Prezidenti tərəfindən “Xüsusi karantin” rejiminin elan olunması insanların evdə qalmasına səbəb olmuşdur. Bu halda ölkə prezidentinin qarşısında iki seçim qalırdı: iqtisadiyyatı dirçəltmək və ya xalqın sağlamlığının qeydinə qalmaq. İkinci variant seçilərək atılacaq addımlar, görüləcək işlər planlaşdırıldı. Bu istiqamətdə dövlətin atdığı addımlar təqdirəlayiqdir. 190 manatlıq birdəfəlik yardımın iki dəfə verilməsi, Heydər Əliyev Fondunun və digər dövlət və özəl müəssisələrin, habelə könüllülərin yardım aksiyaları xalqın rifahının stabil saxlanılmasına səbəb ola bilmişdir.
Pandemiyanın sponton olaraq ortaya çıxması kütləvi məzuniyyətlərin yol açmasına, iş yerlərinin bağlanmasına və həmçinin, bir sıra müəssisələrin iş əmsalının həddindən çox artmasına gətirib çıxarmışdır. Bu sarıdan dövlətin xalqa olan dəstəyi danılmazdır. Yuxarıda qeyd edilən yardımların göstərilməsi və bu yöndə görülən işlər pandemiya müddətində ölkə səviyyəsində əsas amil rolunu oynamışdır.
Bu çətin günlərdə Paytaxt Bakıdan kilometrlərlə uzaqda yerləşən Yardımlı rayonu da diqqətdən yayına bilməzdi. Xəstəliklə əlaqədar Heydər Əliyev Fondundan 1500 ədəd, ayrı-ayrı nazirlik və həmkərlar təşkilatlarından göndərilən 300 ədəddən çox, Rayon İcra Hakimiyyəti tərəfindən 1500 ədəd və həmçinin bank, digər kommersiya təşkilatlarının, eləcə də könüllü şəxslərin yardım bağlamaları verilmişdir. Yardımlıda yaşayan əhalinin sosial cəhətdən zəif olan təbəqələrinə, şəhid ailələrinə… necə deyərlər, boynu bükülmüş arzularla yaşayanlara ərzaq yardımlarının düzgün paylanılması haqqında tapşırıqlar verilmişdir. Hazırda da yardım kampaniyaları davam etdirilir.
Bugün Yardımlı adamını maraqlandıran 3 minə yaxın yardım bağlamalarının ərazisi 667,2 km2, əhalisi 67 min nəfərdən çox, 30 inzibati ərazi vahidindən, 30 bələdiyyədən, 88 yaşayış məntəqəsindən, o cümlədən, 1 şəhər və 87 kəndən ibarət olan kiçik rayonda həmin bağlamaların, necə deyərlər, “sehirli qutular”ın taleyi maraqlandırır. Son vaxtlarda vəzifəli şəxslərin, icra sturukturunda çalışanların, habelə yerlərdə icra hakimiyyəti başçılarının həbsi bu məsələnin aktuallığından xəbər verir. Məsələ o qədər aktualdır ki, o qədər problemlər içərisində haqqında danışdığımız mövzu Milli Məclisdə mübahisə yaratmışdır. Millət vəkilləri Sabir Rüstəmxanlı və Musa Qasımlı arasında yaranmış söz-söhbət Yardımlıda paylanılan ərzaq yardımlarının taleyindən, sosial təminatı az olan ailələrə çatdırılıb-çatdırılmamasından söz açmağın vacibliyindən xəbər verir.
Yardım bağlamaları rayona gətirilir. Aztəminatlı ailələrin siyahısı RİH başçısının inzibati ərazi dairəsi nümayəndəlikləri tərəfindən alınır və aidiyyatı üzrə çatdırılır. Fəqət və lakin, amma və ancaq… problem də burasındadır. Koronavirus səbəbilə gücləndirilmiş tədbirlər rayonun bir sıra qurumlarının məsuliyyətini çoxaltmış olur və bu səbəbdən də ərzaq bağlamalarının paylanılması işində ən çox aktivliyi ərazi nümayəndəlikləri və onların işçiləri həyata keçirmiş olurlar. Rəhbərlik icra nümayəndələrinə güvənərək səlahiyyətləri çərçivəsində onlara ixtiyar verir. Sakinlərin vəziyyətini yerli nümayəndələr daha yaxşı bilir və rayon mərkəzinə çatdırır. Bəs bunların bəziləri nə edir? Qutuları öz qohumlarına paylayır, burda yaşamayan şəxslərin adına yazılaraq sıradan çıxardılır, yalnış informasiya verirlər rayon rəhbərliyinə və s. Buna nə ad vermək olar? Belə çətin anlarda aztəminatlı ailələrin, həqiqətən də, həmin yardımlara ehtiyacı var. Bunlar düşünmək istəmirlər ki, başqalarını düşünməmək, elə özünü unutmaqdır. Ölkənin çətin və çıxılmaz durumundan ölkədə xüsusi karantin şəraitində aztəminatlı ailələrə göndərilmiş ərzaq bağlamalarının bəzilərinin təyinatdan yayındırılması dövlət qulluqçusuna, dövlət məmuruna yaraşmayan haldır. Belə hallar haqlı olaraq vətəndaş narazılığına gətirib çıxarır, “sehirli qutular” məsələsini uçan boşqablar möcüzəsinə bənzər həyəcan notlarını yaşadır, narahatlıq yaratmış olur. Bu, nəinki ərazi, nəinki rayon, hətta ölkə səviyyəsində utancverici hal, bağışlanılmaz özbaşınalıq vahididir.
Ölkənin çətin anında bu kimi hərəkətlərə yol verən dövlət məmuru bağışlanıla bilməz. Mütləq şəkildə cəza tədbirləri qaçılmazdır. Ərazi nümayəndələrinin yalanları və etdiyi şər əməllər uzun çəkə bilmir, həqiqət qısa vaxtda işıq kimi parlayır. Bu səbəbdən dolayı ərzaq qutularını paylayan zaman aztəminatlılar üçün nəzərədə tutulmuş iki bağlamanı öz yaxın qohumlarına göndərən ərazi nümayəndələrindən birinin işinə xitam verilmiş və etdiyi neqativ əməlin bədəli olaraq işi Yardımlı rayon prokurorluğuna göndərilmişdir. Məsələ bununla bitmir: vətəndaşların şikayəti əsnasında araşdırmalar aparılmaqda davam edir və belə nöqsanlara yol vermiş digər məmurlar barəsində də müvafiq tədbirlərin görüləcəyi qaçılmazdır. Elə vəzifəli şəxslər nə bu xalqa, nə də dövlətə lazım deyil. Aztəminatlı ailələrə göndərilən ərzaqları mənimsəyəcək dərəcədə çirkin əmələ əl atanlar insanlara fayda verə bilməz. Çünki kimlərəsə aid olan “beytül malı” mənimsəyən sabah daha da çirkili əməllərə qol çəkəcək və belə şər əməllərin sayı çoxalacaq. Bu yollara əl atan ərazi nümayəndəlikləri və bu işə qurşanmış digər işçiləri vaxtında haqqı çatan cəzalarla mükafatlandırılmalıdırlar. Yoxsa bu mərhələyə çatmağa gecikə bilərik. Axı daşı deşən suyun sərtliyi deyil, damcıların davamiyyətli olmasıdır.
Bu və buna oxşar xoşagəlməz mənzərə vətəndaşlara zidd təsir bağışlaması səbəbilə şikayətləri çoxaldır və ümumilikdə, qeyri-normal təəssurat yaradır. Görünən fiqurlar tənqidlərə məruz qalır: Yardımlı Rayon İcra Hakimiyyətinin məsul işçiləri. Tarixən belədir: düz olan həmişə vurulur. Düzdür, demirəm rayonun nüfuzlu adıçəkilən şəxslərin təqsirləri yoxdur. Nə də kimisə müdafiə etməkdən yadam, elin gözü tərəzidir. Bəzi hallarda nəzarətin zəif olması da həmin özbaşınalığa şərait yaradır. Amma bu nəzarətin zəif olması arqumentin arxasında da səbəblər dayanır. Tapşırıqların çoxluğu, işgüzar məsələlər və s.
Məsələnin mahiyyətinə bir fərqli baxış bucağından yanaşaq, bu günlərdə nə baş verir? Ümumi ölkə ərazisində narahatlıq bəzilərinin ayaqlarının geniş addım atmasına imkan yaradıb sanki. Düzdür, korrupsioner məmur heç kimə lazım deyil. Biz azərbaycançılıq məfkurəsini daşıyırıq, doğulduğumuz yer Yardımlı olduqda isə bu yerlər, burdakılar bizə daha doğma, daha da əzizdir. Yaxşısı da, pisi də bizimdir. Amma bəzi ziyalılarımız niyə elementar anlayışı dərk etmir? Bəlkə də dərk etmək istəmir. Yardımlıda qalan azsaylı məmur var ki, onları da özümüzün aydınları daşlayır, yenə təkrar edirəm, söhbət əqidəli, xalqına can yandıran məmurdan gedir. Birmənalı şəkildə bunu da unutmayaq ki, iş varsa, nöqsan da var. Ancaq bu nöqsanların ümumi mahiyyəti işin gedişatına əngəl olmamalıdır.
Və sonda… Ədəbə o qədər yaltaqlıq, riyakarlıq və boşboğazlıq qarışdırıblar ki, ədəbi abırdan salırlar. Bizə öyrədilən ədəb həqiqi ədəb deyil, yaltaqlıq, riyakarlıq və boşboğazlıqdır, yaxud da tabeçilik və yalanı eşidib həqiqət kimi təsdiq etməkdir. Heç kim heç kimdən üstün deyil. Padşahla yoxsul bərabər yaranıb. Padşah şahlıq tacı, yoxsul dilənçi torbası ilə həyata gəlmir, öləndə də belədir. İnsan bu dünyada yaxşı və pis iş görməkdə azaddır. Qazanılan bir manat qanunsuz mənimsənilmiş hər bir vəsaitdən daha qiymətlidir. Bizim hesabatımız ilk növbədə vicdanımız qarşısında olmalıdır. Qiyməti zaman verəcək.
Rizvan Fikrətoğlu,
“Yardımlının Səsi” qəzetinin xüsusi müxbiri
Share: