Müavininə nəzarət edə bilməyən general – Ona sərhədi etibar etmək olarmı?

Ən azı 15-20 il əvvəlin söhbətidir. Gənc yazarlardan biri “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qarşısını kəsib, giley-güzara başlayır: “Bəy, mən sizi demokrat kimi tanıyırdım. Sizin partokratlardan heç bir fərqiniz yoxmuş”.

Təbiət etibarıyla sakit adam olan Qənimət Zahid halını pozmur: “Nə olub, bəy? Nədən narazısan?”

Postmodernist ədəbi cərəyanı ilə yenicə tanış olan gənc dərhal izahat verir: “Sizə tənqidi məqalə göndərmişdim. Amma çap etmədiniz. “Azadlıq” qəzeti azad fikri boğur”.

Bu söhbəti mənə Qənimət Zahidin özü danışdığı üçün ən xırda detal da yadımdadır. Həmin yazar “Azadlıq” qəzetini tənqid etməyə başlayanda, baş redaktor ondan hansı mövzuda yazdığını soruşur.

Oğlanın cavabı özünü çox gözlətmir: “Məhəmməd peyğəmbərin əleyhinə məqalə yazmışdım. Amma siz çap eləmədiniz. Siz necə demokratsınız?”

Qənimət bəy oğlana belə məsləhət verir: “A bala, sən Ramil Usubovun əleyhinə yaz, birinci səhifədə çap edəcəm”.

Oğlan gözünü döyə-döyə soruşur: “Ramil Usubovdan niyə?”

Sən demə, həmin vaxt bir neçə gənc yazar “Azadlığ”ın redaksiyasına Məhəmməd peyğəmbərin əleyhinə məqalə təqdim edibmiş. Onların əlindən boğaza yığılan baş redaktor bu dəfə səsini qaldırmalı olur: “A bala, bir dəfə də topu-tüfəngi olan adamdan yazın. Min dörd yüz əvvəl dünyadan köçmüş insanla nə işiniz var? Belə cəsarətlisinizsə, bir dəfə də polisdən, prokurordan yazın, bir generalın adını çəkin”.

Bu hadisəni təsadüfən xatırlamadım. Mədəniyyət nazirinin müavini Rafiq Bayramov həbs olunandan sonra hamı Əbülfəs Qarayevin üstünə düşdü. İndi sağdan da, soldan da onu “vururlar”. Məncə, düz edirlər. Əbülfəs Qarayevi nə qədər vursalar da, onun Azərbaycan mədəniyyətinə vurduğu zərbədən çox vura bilməzlər. Amma incə bir məqam var. Axı elə bu günlərdə DSX-nın rəisi Elçin Quliyevin müavini, general-leytenant Əfqan Nağıyev də həbs olunub. Əbülfəs Qarayevi yıxıb-sürüyən adamlar niyə bir dəfə də Elçin Quliyevə “gözün üstə qaşın var” demirlər? Əfqan Nağıyev rüşvət və korrupsiyaya qurşananda, dövlət əmlakını talayanda, Elçin Quliyev hara baxırdı? Axı o, sərhədçidir. Axı o, digər vəzifəli şəxslərdən daha sayıq olmalıdır. Öz müavininə nəzarət edə bilməyən generala sərhədlərimizi etibar edə bilərikmi? Günün sualı budur. Nə qədər ki, Elçin Quliyevin topundan, topxanasından qorxub bu sualı xorla səsləndirə bilməyəcəyik, sərhədlərimiz həmişə təhdid altında olacaq; bir gün iranlılar pozacaq, bir gün ermənilər. Çünki sərhəd pozucusunu tutmalı olan adamların gözünü pul tutub…

Seymur VERDİZADƏ

48 baxılıb
mersin escort