Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının iclası keçirilib

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurasının xüsusi karantin qaydaları şərtlərinə uyğun olaraq iclası keçirilmişdir. İclasın gündəliyinə iki məsələ daxil edilib.

Gündəliyin birinci məsələsi olaraq ictimai-siyasi vəziyyət və partiyanın qarşısında duran vəzifələrlə bağlı VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı geniş çıxış etdi.  Bundan sonra çıxış ətrafında müzakirələr aparıldı. VHP-nin parlament seçkilərindəki uğuru yüksək qiymətləndirildi, eyni zamanda partiyanın rayon təşkilatlarının fəaliyyətinin gücləndirilməsinin vacibliyi qeyd olundu. Çıxışlarda VHP Ali Məclisinin sədri Rafiq Manaflının Milli Şuranın toplantısındakı fikirləri ilə bağlı müzakirələrə münasibət bildirildi və qeyd edildi ki, bu fikirlər Rafiq bəyin şəxsi fikirləridir, VHP hər zaman insan haqları və demokratik dəyərlərə önəm verib, insanlar arasında irqi, dini, cinsi fərqlər qoymur. VHP insani dəyərləri, bəşəri prinsipləri fəaliyyətinin əsas prioriteti sayır.

Gündəliyin ikinci məsələsində təşkilati məsələlər müzakirə olundu. Rayon təşkilatlarının vəziyyəti müzakirə edildi və Abşeron, Binəqədi, Nəsimi rayon təşkilatlarının bütün seçkili orqanları buraxıldı. Bu rayon təşkilatlarının yenidən formalaşması üçün təşkilat komitələri yaradıldı.

Müstəqil.Az

Share: