“Dəli sənin atandı!..” – Aydın Arslan

 

Müstəqil.Az şair Aydın Arslanın şeirlərini təqdim edir:
 
 
Tərcümeyi-əhvalım
 
Qəlbimdə- ilk sevginin qeysəriyyə çapığı.
Sinəmdə- kasıblığın silinməz çarpaz dağı.
Ehtiyacın tapdağı.
Gözümdə -tənhalığın məzlum yetimçəliyi.
Qoltuğumda-zamanın yüklədiyi Xoruzum,
Çeynənmiş etibarım.
Kürəyimdə- dostların “sən qardaşsan” dəliyi.
Kirpiyimdə-həsrətin ölümcül rütubəti.
“Gələr-gəlməz’ söhbəti.
Peysərimdə- Xocalı,
Şuşa, Laçın, Kəlbəcər.
Xəyalımda-hələ də azad olmaq sevdası.
Vicdanımda-dağ boyda susqunluğun damğası.
Boynumda- yadlar taxan “müstəqillik” xaltası.
Üzümdə-Şəhidlərin yerdəki qan ləkəsi.
Ovcumda-paralanmış məmləkətin tikəsi,
Yanmışların ölkəsi.
Sınmışların ölkəsi.
Dilimdə- milyon dənə “axı niyə?” kəlməsi.
Qucağımda- kəfənsiz,
boğulmuş, boğdurulmuş,
İtib-batmış haqq səsim.
Kəsik-kəsik nəfəsim.
Belimdə- illərdi ki, pas bağlayan silahım.
Burnumda- Qarabağda açılmayan sabahım.
O sabahın qoxusu.
Atəşkəsin öz adı, məğlubuyyət qorxusu.
Başımda- öz təpəmə çırpılmış namazlarım.
Olarım, olmazlarım.
Çiynimdə topladığım günah adlı odunlar.
Aldatdığım kişilər, ağlatdığım qadınlar…
Yormam İnkər-Münkəri,
Nəyim var, saydım özüm.
Əziyyət çəkmə, Allah,
layiq olduğum yeri özümə qıydım özüm.
Açıl, Cəhənnəm açıl!!
Gəlirəm, eyy, gəlirəm.
Məni yandırmaq üçün,
Odun çatmaz, bilirəm.
Çıxılmaz durumdasan,
Həyatımda ilk dəfə,
Sənə, sənə gülürəm.
Gəlirem eey, gəlirəm…
 
 
 
Dəli sənin atandı!
 
Ayağımı söykəyib dünyanın divarına,
Boş-bekar ömür adlı bu vaxtı öldürürəm.
Mənim gülməyim üçün kimsə bir şey etmədi
Mənsə bütün cahanı özümə güldürürəm.
 
 
Pişiyə bax pişiyə qolbasanı bəyənmir,
Sanki, padşah qızıdır naz ilə yemək seçir.
Bu hec nəyi bəyənməz doğmağın qoçağıdı,
Vay ərinin halına, günü “raddom”da keçir.
 
 
Gördün? Yıxdı özünü yaş qurunun altına.
Yanmağa meyillidir, fəda olub çoxuna.
Bəlkə də yanmaq bunun əzəldən canındadı…
Eh.. əşşi,, bəlkənin də, kaşın da, var-yoxuna..
 
 
Köpəyə bax köpəyə dişidir, qancıq deyil!
Yolunu düz yeriyir, o yan bu yana baxmır.
Desəm inanmazsınız, qancıq sahibəsidir.
Gündə birini tutur, tutduğunu buraxmır.
 
 
Kişiyə bax, kişiyə.. bircə yubkası çatmır.
Qadın kimi yeriyir, sanki mamlımatandı.
O gün məni daşlayıb dəli deyəndə oğlu.
Alnımın qanın silib, dedim: -“dəli atandı.”
 
 
Kasıba bax kasıba…Atam, vallah gicdi bu..
Adını çörək qoyub, dayanmadan işləyir.
Biri tutub qolundan başa salmır ki, bunu,
İşləmə, işləməyən işçidən çox dişləyir.
 
 
Dindara bax dindara… necə batıb murdara.
Zəqqum sələmi yeyib, şirinlikdi söyləyir.
Qəlbində üzüyumşaq Allah düzəldib kişi,
Günahına bərabər ibadət də eyləyir.
 
 
Vəkilə bax vəkilə… baxıb necə görəsən?
O ki, seçilən gündən bu küçədən keçməyib.
Düz edir, əcəb edir, özü bilər, haqlıdır,
Heç kimə borclu deyil, onu heç kim seçməyib.
 
 
Ürəyə bax, ürəyə… necə durur sinəmdə?
Sanki, Xocalı boyda dağı, ləkəsi yoxdu.
Kəlbəcərsiz, Laçınsız hələ vurur sinəmdə,
Vurar da… bunda arın bircə tikəsi yoxdu…
Aydın Arslan
Müstəqil.Az
Share: