“Andiçmə mərasimi Şuşada olacaq – Bakı atəşfəşanlığa hazırlaşırmı?

“Şuşadan atılan fişənglər pərən-pərən olmuş Qarabağ camaatının başına əbədi qaranlıq kimi çökəcək”
Andiçmə mərasimi Şuşada olacaq. Atəşfəşanlığa hazırsanmı ay millət?!
Vaxtilə yazılanda ki, qarşımızda Azərbaycan matəmgahı durur, heç ağlıma da gəlməzdi ki, bu sözlər  100 il keçəndən sonra da aktuallığını saxlayacaq, daha doğrusu mənzərə dəyişməyəcək, matəm içində olacağıq.
İl başlayandan zərbə-zərbənin ardınca gəlir. Düşmənin 31 martda seçklər keçirməsi, 9 may Şuşanın alınmasını bayram etməsi, Xudafərin körpülərinin stresi canımızdan çıxmamış, indi də xəbər gəldi ki, düşmən seçdiyi rəhbərin andiçmə mərasimini 21 mayda Şuşada keçirəcək. Fikirləşərsiniz ki, onsuz da Qarabağ 30 ildi işğaldadır, düşmən maneəsiz bildiyini edir, inauqurasiyanı harda istəsə keçirəcək, daha bunu xüsusi vurğulamağa nə hacət?
Var. Bu xəbəri mənə Hikmət Sabiroğlu  çatdıranda onun səsindəki ağrı-acının hansı ərşə yüksəldiyini təsəvvür edə bilməzsiniz. Yox, Hikmət bərkdən danışmırdı, o zatən səsini ucaldan deyil, amma onun sükuta bənzəyən səsində küllü Qarabağın harayı, həm də ümidsizliyi vardı. Andiçmənin Şuşada keçirilməsinin isə mənası başqadır. Düşmən bizdən fərqli olaraq nə etdiyini bilir. Düşmən işğal altında olan 14 rayonun hər birində, əsasən də paytaxt bildikləri Stepanakertdə də andiçmə təşkil edə bilərdi. Amma bilir ki, Şuşada keçirməklə bir millət olaraq bizi heçə saydıqlarını, heç zərrə qədər də çəkinmədiklərini bir daha sübut edəcəklər. Və bilirlər ki, bu andiçmə məkanı Azərbaycanı cin atına mindirməyəcək, Azərbaycan silaha sarılmayacaq, Azərbaycanı məğlubiyyətlə barışdıracaq, Azərbaycanı yerdən-yerə vuracaq. Çünki Azərbaycan məmurlarının – içi generallar qarışıq hamısının başlarının rüşvətə, milyonlar yığmağa qarışdığını yaxşı bilirlər. Bilirlər ki, Qarabağ kəlməsini o məmurlar, o generallar unudublar! Bilirlər ki, millətin çox böyük hissəsi indi də “190-nın”dalına düşüb, Qarabağın yox! Bilirlər ki..,  axı nəyi bilmirlər, hər şeyi də elə qəşəng bilirlər ki…
Nə etməlidir Azərbaycan? Andiçmə ərəfəsində hansı gərginliyi yaşatmalıdır? Min dəfə demişik, minbirinciyə ehtiyac da yoxdur. Çünki heç nə etməyəcək. Sözü o kəslərə deyərlər ki, anlasın.
Əgər Azərbaycan Araik Arutunyanın Şuşada andiçmə mərasimini poza bilməyəcəksə, deməli, düşmənlə həmrəyliyini nümayiş etdirmiş olacaq. Əgər Azərbaycan Ordusu 18-22 mayda keçirdiyi hərbi təlimlərin ağzını düşmənə tərəf yönəltməyəcəksə xalqda “Qarabağı çoxdan veriblər”düşüncəsi tam möhkəmlənəcək.
 
Düşmənin başına andiçmə ərəfəsində və həmin günü od yağdırılsa ümidimiz, inamımız artacaq, düşməndə isə əks proses gedəcək. Etməyəcəksinizsə, deməli andiçmə mərasiminə dəvət olunanlar arasında xətrinə dəymək istəmədikləriniz də var. O zaman hazırlaşın atəşfəşanlığa. Şuşa çox yüksəkdədir, həm mənən, həm fiziki olaraq. Ordan atılan fişənglər Bakıda göz qamaşdıracaq.  Ordan atılan fişənglər onsuz da pərən-pərən olmuş Qarabağ camaatının başına əbədi qaranlıq kimi çökəcək.  Daş yerində möhkəmdir, ay qarabağlılar! Yerindən tərpədəndə uşaq da onu dərədən-dərəyə diyirlədə bilər, necə ki, diyirlənib parça-parça olmuşuq!
XALQ gözləyir. XALQ şərəfinin bu qədər də tapdanmasına mane olmağınızı istəyir. Etməsəniz  bu gün çox alçaldılmış  və təhqir olunmuş XALQ heç kəsi bağışlamayacaq!
İlham İsmayıl
(Miq.az)
Share: