Jukovun diz üstə çök əmri və Beriyanın çöküşü

Stalinin ölümündən 1 saat 10 dəqiqə qabaq Sov.İKP MK Rəyasət Heyətinin Büro iclası keçirildi və orada təşkilati məsələlərə baxıldı. Qəbul edildi ki, “Sov.İKP MK-nın iki orqanından biri – ya Rəyasət Heyəti, ya da Rəyasət Heyətinin Bürosu qalsın. Partiyanın nizamnaməsinə uyğun olaraq bir orqan-Sov.İKP MK-nın Rəyasət Heyəti qaldı”. İclasdan qabaq Xruşşov Malenkova təklif etdi ki, “bundan sonra necə yaşamağımız haqqında söhbət edək”. Ancaq əvəzinə soyuq rədd cavabı aldı: “İndi nə danışmaq olar? Hamı gələr, onda danışarıq. Bunun üçün yığışırıq”. Jukov
Sov.İKP MK, SSRİ Nazirlər Soveti və SSRİ Ali Soveti Rəyasət Heyətinin birgə plenum iclasında Beriya Nazirlər Sovetinin sədri vəzifəsinə Malenkovun namizədliyini irəli sürdü, o isə öz növbəsində iki nazirliyi birləşdirməyi təklif etdi. DTN və DİN bir nazirliyə — SSRİ Daxili İşlər Nazirliyinə çevrilsin və yeni struktur Beriyaya həvalə edilsin. SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Voroşilov oldu, Xruşşovu isə Stalinin dəfn mərasiminin təşkili üzrə komissiyanın sədri təsdiq etdilər, Sov.İKP MK-ya öz işində fikrini cəmləşdirmək məsləhət görüldü.
Stalinin ölümündən sonra L.Beriya Dövlət Təhlükəsizlik və Daxili İşlər nazirliklərini birləşdirərək yeni qurumun naziri oldu. Artıq 1953-cü ilin mart ayının sonlarında M.C.Bağırov Sovet İttifaqı KP MK Rəyasət Heyətinə namizəd kimi daxil olur. O, Rəyasət Heyətinin üzvlüyünə namizəd kimi Azərbaycan rəhbərliyindən bu yüksək pilləyə çatmış ilk şəxs olur. Stalinin ölümündən sonra ilk aylar Beriya-Malenkov birliyi KP MK-nın  Rəyasət Heyətində istənilən məsələni öz mənafelərinə uyğun həll edirdilər. Görünür, Beriyanın planına görə, SSRİ-də hakimiyyət bölgüsü aşağıdakı şəkildə aparılmalı idi:

  • Sovet İttifaqı KP MK-nın I katibi — E.M.Malenkov;
  • DTN və DİN sistemlərini əlində cəmləşdirmiş Nazirlər Sovetinin I müavini kimi — L.Beriya;
  • SSRİ Nazirlər Sovetinin sədri — M.C.Bağırov – sonradan KP MK-nın Rəyasət Heyətinin həqiqi üzvü seçilməklə — (Bunu biz aşağıda izah edəcəyik);
  • Müdafiə naziri – N.A.Bulqanin;
  • SSRİ Ali Sovetinin sədri – K.E.Voroşilov (onların hər ikisi öz vəzifələrində qalmaqla);
  • Xarici işlər naziri – V.N.Dekanozov-Rəyasət Heyətinə namizəd və sonra həqiqi üzv seçilməklə.

Stalinin ölümündən sonra 3 ay yarım ərzində L.Beriya demək olar ki, hər gün yeni-yeni təşəbbüslərlə çıxış edirdi.
N.K.Baybakovun «Ot Stalina do Yeltsına» kitabından.
A.Mikoyan öz xatirələrində qeyd edir:
«Beriyaya sual verirdim ki, bu qədər səlahiyyətlərlə Daxili İşlər Nazirliyi sənin nəyinə lazımdır?» O isə bu sualıma cavab olaraq söyləyirdi: «Qayda-qanunu bərpa etmək lazımdır. Ölkədə bu vəziyyətə dözmək olmur. Bizdə çox sayda həbs olunan insanlar var, onları azad etmək lazımdır». Həqiqətən də 24 mart 1953-cü ildə L.P.Beriya Sov.İKP MK Rəyasət Heyətinə əfv haqqında müraciət göndərir və bu müraciətin əsasında martın 27-sində SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı çıxır. Bu fərmana əsasən həbsdə olan 2,5 milyon insanın 1,2 milyonu azad olunur».
Sonra növbə siyasi dustaqlara gəldi, 1953-cü il aprelin 4-də qəzetlərdə «SSRİ DİN-in məlumatı» dərc olundu. Burada göstərilirdi ki, L.Beriyanın sərəncamına əsasən, DİN-də yaradılmış istintaq qrupu «Həkimlər işini» araşdıraraq bu qənaətə gəlmişlər ki, aparılan istintaq zamanı zor tətbiq edilmişdir, alınan ifadələr həqiqəti əks etdirmir və irəli sürülən ittihamlar əsassızdır. Əslində, həm də Beriya bu addımı ilə Molotovu öz tərəfinə çəkmək istəyirdi. Belə ki, “həkimlərin işi” ilə əlaqədar Molotovun arvadı da həbs olunmuşdu. Bununla bərabər o, hakimiyyətə can atan Xruşşova və di­gər  qruplara xəbərdarlıq işarəsi də edirdi. Belə ki, N.S.Xruşşov 1936-cı ildən Moskva partiya komitəsinin katibi, 1939-cu ildən isə KP MK-nın Rəyasət Heyətinin üzvü olduqdan sonra o, kütləvi həbslərlə və güllələnmələrlə nəticələnən «Moskva prosesləri»nin təşkili ilə məşhurlaşmışdı.
Məhz o, Ukraynada I katib işləyən zaman aclığa qarşı etiraz edən­lərin kütləvi terrorunu təşkil etmişdi.
O dövrlər Stalin partiya rəhbərləri arasından məxfi olaraq seçilmiş partiya funksionerlərinə xüsusi səlahiy­yətlər — «Samosud» (özünümühakimə) etmək hüququnu vermişdi. Bunlara «üçlüklər» de­yilirdi. Artıq Beriya həbs olunan siyasi məhbuslardan çoxlu sayda məktublar alırdı; bu məktublarda onların günahsız olduqları və N.S.Xruşşovun göstərişlərinə əsasən azadlıqdan məhrum olunduqları bildirilirdi. Beriya bu faktlardan Xruşşovu siyasi səhnədən uzaqlaşdırmaq üçün istifadə etməyə hazırlaşırdı. Təsadüfi deyil ki, Beriyanın ölümündən son­ra birbaşa Xruşşovun göstərişi ilə Ukrayna və Moskva «təmiz­ləmələri» ilə əlaqədar bütün sənədlər arxivlərdən çıxardılıb yandırılır. Bu təmizləmələrdən sonra artıq o, «Stalin dövrünü» atəşə tutan ali hakimə çevrildi.

1957-ci ildə Sov.İKP Moskva şəhər komitəsinin Partiya İnstitutunun direktoru Kastamarova Xruşşovun imzası ilə güllələnmiş insanların sənədlərini arxivdən çıxartdı.
1988-ci il 25 dekabrda Sov.İKP MK Siyasi bürosunun komissiyasının 30-40-cı illərdə aparılan rep­ressiya ilə əlaqədar çıxarışında göstərilir:

Xruşşov 1936 – 37-ci illərdə Moskva şəhər partiya komitəsinə rəhbərlik etdiyi zaman 55741 nəfər, Ukraynaya birinci katib vəzifəsinə gəldikdən sonra 1938 – 1940-cı illərdə 167585 nəfər insan repressiyaya uğramışdır (Хрeстоматия по Отечественной истории 1948 – 1995 гг. М., 1996, səh. 317).
1948-ci il 2 iyulda SSRİ Ali Sovetinin məlum fərmanının tərtibçisi birbaşa Xruşşovun özü idi. Bu fərmana əsasən, əmək fəaliyyətindən yayınanları xüsusi, yeni insan məskənlərinə sürgün edirdilər. Bu fərmana əsasən, 33266 insan + 13538 ailə sürgün olunmuşdur.
SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin 9-cu idarəsinin (ali dövlət rəhbərlərinin mühafizəsi) rəis müavini, Sovet İttifaqı qəhrəmanı Mixail Stepanoviç Dokuçayev öz xatirələrində qeyd edirdi (N.K. Baybakov, «От Сталина до Ельцина», səh. 153):
«Müharibə zamanı N.S.Xruşşovun təyyarəçi oğlu Leonid ağır cinayət törədir. O, oğlunun əfv olunması xahişi ilə əlaqədar Sta­linin qəbuluna gəlir. Otağa daxil olan Xruşşov dizi üstə daya­naraq göz yaşını tökür, hıçqıra-hıçqıra Stalinin aya­ğından tutur və oğlunu əfv etməsini ondan xahiş edir. Ancaq Stalin onun oğlunu əfv etmir və ön cəbhədəki cərimə batalyonuna yollatdırmaq tapşırığını verir!
Xruşşov bu hadisədən sonra öz yaxın dairəsində Stalindən bu hayıfı çıxacağına and içir».
1953-cü ilin mart ayında Stalinin ölümündən sonra baş katibin səlahiyyətləri Rəyasət Heyətinin üzvlərinə keçdi. Ancaq real ida­rəetmə rıçaqları Rəyasət Heyətinin üç üzvü arasında bölünmüşdü; SSRİ Nazirlər Sovetinin sədri Malenkov, Mərkəzi Komitə aparatının rəhbəri Xruşşov və Nazirlər Soveti sədrinin müavini, daxili işlər naziri Beriyanın.
Ancaq Beriya Kremldəki hakimiyyəti tam ələ almaq üçün müəyyən hazırlıq tədbirləri də görməyə başlayır. Öz təsəvvüründə bu siyasi hakimiyyət dəyişikliyində ona dəstək verə biləcək şəxslərdən ən əsası M.C.Bağırovu sayırdı. Həqiqətən də Beriyanın aparacağı bu siyasi hakimiyyət də­yiş­kənliyinə M.C.Bağırov da hazırlaşırdı.
1953-cü ilin 6 aprelində AKP MK-nın büro iclasında M.C.Bağırov AKP MK-nın I katibi vəzifəsindən azad olunaraq Azərbaycan Nazirlər Sovetinin sədri seçilir. Bu təyinat Beriya-Bağırov planına görə, SSRİ Nazirlər Sovetinin sədrliyinə gedən yolda tramplin rolunu oynayacaqdı. AKP MK-nın I katibi vəzifəsinə Siyasi büro tərəfindən Mir Teymur Yaqubov təsdiq edilir. Ona qədər o, Bakı şəhər Partiya komitəsinin I katibi vəzifəsində işləyirdi. İkinci katib yenidən Vitali Səmədov təsdiq edilir.
F.1, siy. 405, d. 3188
СОВЕТ ИТТИФАГЫ КОММУНИСТ ПАРТИЙАСЫ
КОММУНИСТИЧЕСКАЯ ПАРТИЯ СОВЕТСКОГО СОЮЗА
Азəрбаjчан КП Мəркəзи Комитəси
Центральный Комитет КП Азербайджана
5 мая 1953 года
Учетный сектор ЦК КП Азерб.
Вопросы III сессии Верховного Совета
Азербайджанской ССР
Внести на рассмотрение III сессии Верховного Совета Азербайджанской ССР следующие вопросы:

О председателе Совета Министров
Азербайджанской ССР
Утвердить председателем Совета Министров Азербай­джанской ССР тов. Багирова Мир Джафара Аббасовича, освободив от этих обязанностей тов. Кулиева Т.И
Утвердить тов. Кулиева Теймура Имам Кули оглы первым заместителем председателя Совета Министров Азербай­джанской ССР.

Секретарь ЦК КП Азербайджана   М.Д.Багиров.

Beriya həmçinin  öz niyyətlərini həyata keçirmək üçün mövcüd olan milli problemləri də qabardırdı. O, respublikalarda milli kadrlardan geniş istifadə etmək, Moskvadan göndərilən rusları milli kadrlarla əvəz etmək, milli mühacirlərin geri qayıtmasına şərait yaratmaq, deportasiya olunmuş xalqları geri qaytarmaq, milli ziyalılarla ümumi dil tapmaq konsepsiyasını irəli sürürdü.

Mikoyan yenə öz xatirələrində qeyd edir ki, «Beriya ümumiyyətlə, qarşılıqlı iqtisadi yardım şurasının yaranmasının əleyhinə idi. O, Almaniya Demokratik Respub­li­kasında sosializmin süni surətdə yaradılmasının da əleyhinə idi. O, AFR-lə ADR-in birləşməsi ilə bağlı sülhsevər neytral bur­jua-demo­kra­tik dövlətin yaradılmasının tərəfdarı idi». Mən yuxarıda qeyd etmişdim  ki, Kremldən milli respublikaların rəhbərliyinə qeyri-yerli olanlar göndərilirdi və onlar da sanki  agent funksiyalarını yerinə yetirərək milli  rəhbərlərə nəzarət edirdilər. Ona görə də Xruşşov başa düşürdü ki, Beriya onu ifşa edəcək və o da  Beriyanı aradan götürmək üçün öz planını sürətləndirdi.

N. Xruşşov öz xatirələrində (“Voprosı İstorii” jurnalı) qeyd edirdi:
«Stalinin ölümündən bir müddət sonra Mikoyan mənə yaxın­laşdı. O, Beriyanın təhlükəli olduğunu və mənə hakimiyyəti necə ələ almaq yollarını göstərərək, köməklik etmək istədiyini bildirdi. Mən də öz adımdan onunla razılaşaraq, qeyd etdim ki, nə qədər  ki, bu «əclaf» Rəyasət Heyətində oturub, biz özümüzü rahat hiss edə bilmərik».
Mikoyan bu razılaşmadan sonra öz növbəsində Beriyanı aradan götürmək üçün ona qarşı məxfi plan hazırladı.
Beriyanın həbsi
N. Xruşşov qeyd edirdi:

«Mən Siyasi büronun üzvləri ilə bir-bir görüşərək, onları özü­mə tərəf çəkirdim. Ən ehtiyat etdiyim vəzifəli şəxs Malenkov idi. O, Beriya ilə dostluq edirdi. Ancaq bu işdə Malenkov da, — başqa çarəmiz yoxdur — deyərək, məni dəstəklədi. Əslində, o özü də Beriyadan qorxurdu. Malenkovdan sonra K.Y.Voroşilov və Kaqanoviçlə də razılığa gəldik. Nəzərdə tutulmuş həbs günü mən K.Jukovu yanıma çağırtdırdım. O vaxtlar Beriyanın Jukov haqqında formalaşdırdığı mənfi fikirlərlə əlaqədar Stalin Jukovun vəzifəsini aşağa endirərək, Odessa hərbi dairəsinə komandir təyin etmişdi. Beriya bir neçə dəfə Jukovu həbs eləmək istəsə də, Stalin buna mane olmuşdu. Bunu bilərək Jukovun mənim tərəfimi tutacağını bilirdim. Jukov kabinetimə daxil olan kimi üzümü ona tutaraq söylədim:
– Bu əclafı — Beriyanı həbs etmək lazımdır. — Jukov bu təklifimin cavabında isə söylədi:
– Nikita Sergeyeviç, mən «jandarm» olmamışam, ancaq bu işi həvəslə yerinə yetirərəm və mən neyləməliyəm?
Mən isə ondan özünə sadiq, silahlanmış zabitlərlə Kremlin gözləmə otağında mənim zəngimi gözləməyini rica etdim.

Beriya həbsinin baş iştirakçısı – general K.S.Moskalenko 1953-cü ilin iyun hadisələrini belə xatırlayırdı:

Səhər saat 9 (1953-cü il, 25 iyun)…
Kremlin ATS telefonu ilə mənə N.S.Xruşşov zəng etdi. Salamlaşaraq, o soruşdu:
— Əhatənizdə bizim partiyaya sizin kimi sədaqətli adamlar varmı?

Fikirləşəndən sonra mən cavab verdim:
-Elə adamlar var və onlar partiyaya fədakarcasına sədaqətlidirlər.

Bundan sonra Xruşşov dedi ki, mən o adamlarla Kremlə — Stalinin əvvəl işlədiyi kabinetə, SSRİ Nazirlər Sovetinin sədri yol. Q.M.Malenkovun yanına gəlim.
Onu da əlavə etdi ki, mən özümlə HHM planlarını və xəritələrini gətirim, siqar da götürüm. Mən cavab verdim ki, deyilənlərin hamısını gətirərəm, ancaq çəkməyi hələ 1941-ci ildə müharibədə tərgitmişəm. Xruşşov güldü və dedi ki, sən deyən siqarlar ola bilsin lazım olmayacaq.

Onda başa düşdüm ki, özümlə silah götürməliyəm. Söhbətin axırında dedi ki, indi müdafiə naziri yol. N.A.Bulqanin zəng edəcək.
Xruşşovun özümlə silah götürmək işarəsi, məni o fikrə gətirib çıxartdı ki, qarşımızda Sov.İKP MK Rəyasət Heyətinin mühüm tapşırığını yerinə yetirmək durur.
Elektrik düymənin siqnalını basdım, xüsusi tapşırıqlar zabiti, mayor Yuferev V.İ., qərargah rəisi Baksov A.İ., siyasi idarənin müdiri, polkovnik Zuba İ.Q. mənə o dəqiqə cavab verdilər və mən onlara dedim: silahı götürüb Kremlə getmək lazımdır. Heç kimdə silah yox idi, mən qərargah komendantı mayor M.Q.Xijnyakı çağırdım və əmr etdim ki,  pistolet və patronlar versin. Qrup kiçik idi, sonra mən əlavə olaraq general – mayor F.Batitskiyə zəng etdim və dedim ki,  silahla yanıma gəlsin.
Bundan sonra müdafiə naziri, marşal N.A.Bulqanin zəng etdi və dedi ki, ona Xruşşov zəng edib və təklif edib ki, mən əvvəl ora — Bulqaninin yanına gedim. Silahlanmış qrup ilə mən müdafiə nazirinin yanına gəldim. Yol. Bulqanin məni tək qəbul etdi. O dedi ki, yol. Xruşşov zəng etmişdi, ona görə mən səni çağırdım. Beriyanı həbs etmək lazımdır, onun Kremldə mühafizəsi güclü və böyükdür, həmçinin ona sadiqdir. Səndə nə qədər adam var? Mən cavab verdim ki, mənimlə beş adam var, onlar hamısı cəbhədə olanlardır; döyüşlərdə sınanmış,  Kom-munist partiyasına, Sovet hökumətinə və sovet xalqına sadiq insanlardır. O dedi: “Bunlar yaxşıdır, ancaq adam azdır.” Elə o dəqiqə soruşdu: Daha kimi məsləhət görürsən? Mən cavab verdim ki, sizin müavininiz marşal Vasilevskini. Bulqanin o dəqiqə onun namizədliyini rədd etdi. Öz novbəmdə ondan soruşdum ki, nazirlikdə hörmətli hərbçilərdən kim var. O dedi — Jukov. Onda mən təklif etdim, onu götürək. O razılaşdı, bir şərtlə ki, Jukovun silahı olmasın. Biz sayca az idik, ona görə o yenə soruşdu: “Daha kimi məsləhət görürsən, dəvət edək?”.  Birinci mən baş qərargah rəisinin müavini L.İ.Brejnevin adını çəkdim, onu müharibədən — 1-ci və 4-cü Ukrayna cəbhələrinin tərkibində qorxmaz və mətin general, siyasi işçi,  partiyaya və xalqa sadiq adam kimi tanıyırdım. Onunla dəfələrlə döyüş şəraitində görüşmüşəm. General-leytenant Şatilovun adını mən ikinci dedim, o da həmin strukturda müavin idi, sonra keçmiş 1-ci Ukrayna cəbhəsinin baş siyasi idarəsinin rəisi, tank qoşunları general-leytenantı Getmanın adını çəkdim. Dördüncü adamın adı artilleriyanın general-polkovniki Nedelin idi, onu da mən müharibədən tanıyırdım. Beşincini Bulqanin təklif etdi: hərbi şuranın üzvü, MVO general-polkovniki A.M.Pronin.
Vaxt az olduğu üçün onlar hamısı silahsız gəlmişdilər. Ancaq L.İ.Brejnevdə Bulqaninin verdiyi pistolet var idi.
Ancaq  nə üçün Xruşşov məhz mənə müraciət etdi, buna cavab tapmaqda çətinlik çəkirəm. Beriyanın həbsindən sonra… Malenkov mənə və  baş prokuror yol. R.A.Rudenkoya dedi ki, bu əməliyyatı keçirmək üçün əvvəlcə biz Sovet İttifaqı marşallarından birinə müraciət etdik, ancaq o, bundan imtina etdi. Həmin marşalın kim olduğunu biz — nə mən, nə də Rudenko soruşmadıq…
Xruşşov məni yalnız müharibədən tanıyırdı — cəbhədəki döyüş əməliyyatlarından… Müharibədən sonra biz hərdənbir görüşürdük. Görünür, onun mənə qarşı yaxşı münasibəti varmış.  Əvvəllər mən Beriyanı şəxsən tanımırdım və onunla görüşməmişdim,  haqqında ancaq mətbuatdan oxumuşdum. Ona görə Xruşşovun təklifini Bulqanin tərəfindən dəqiqləşdirilmiş, partiyamızın, bizim MK-nın, onun Rəyasət Heyətinin tapşırığı kimi qəbul etdim. Qeyd etməliyəm ki, MK Rəyasət Heyətinin bütün üzvləri –  V.M. Molotov, Q.M.Malenkov, K.Y.Voroşilov və başqaları ona yaxşı münasibət bəsləyirdilər.
26 iyun saat 11.00-da biz Bulqaninin təklifilə onun maşınına oturub Kremlə getdik. Onun maşınında hökumət siqnalları var idi və Kremlin girəcəyində yoxlanılmırdı. Nazirlər Sovetinin binasına daxil olub Bulqaninlə mən liftlə çıxdıq, A.İ.Baskov, P.F.Batitski, İ.Q.Zub və V.İ.Yuferev isə pilləkənlə qalxdılar, Bizim arxamızca digər maşında Q.K.Jukov, L.İ. Brejnev, Şatilov, Nedelin, Getman və A.M.Pronin gəlirdilər. Bizim hamımızı Bulqanin Malenkovun kabinetinin yanındakı gözləmə otağına apardı və özü Malenkovun kabinetinə girdi.

Bir neçə dəqiqədən sonra Xruşşov, Bulqanin, Malenkov və Molotov çıxdılar. Onlar deyirdilər ki, son vaxtlar Beriya MK Rəyasət Heyətinin üzvləri ilə nəzakətsiz davranır, onlara qarşı casusluq edir, telefon danışıqlarına qulaq asır, kimin hara getdiyinə, Rəyasət Heyətinin üzvlərinin kimlərlə görüşdüyünə göz qoyur, kobudluq edir və s.  Onlar məlumat verdilər ki, indi MK Rəyasət Heyətinin iclası başlayacaq. Sonra Malenkovun köməkçisi Suxanovun şərti işarəsi ilə biz kabinetə girib Beriyanı həbs etməliydik. Bu vaxt o hələ gəlməmişdi.

Xruşşov xatırlayır: “MK Rəyasət Heyətinin 26 iyun 1953-cü il iclasını keçirmək üçün Rəyasət Heyətinin bütün üzvləri Malenkovun kabinetində yığışdılar. Ancaq Beriya hələ yox idi. Mənə elə gəldi ki, kimsə mənə xəyanət edib. Lakin bir azdan L.Beriya özü daxil oldu. Görəndə ki bütün idarəedici tərkib burada — kabinetdədir, Beriya təəccüblə Xruşşova müraciət etdi (onu “Xruşa” adlandırırdı — A.M.).
Beriya stulda oturdu və soruşdu: “Nə üçün məni təcili çağırmısınız, gündəlikdə hansı məsələ durur?” Elə bu zaman özümü itirmədən dedim: “Gündəlikdə bir məsələ durur: Beynəlxalq imperializmin agenti L.Beriya və onun antipartiya hərəkətləri. Onu tutduğu vəzifədən azad etmək, Siyasi bürodan və Sov.İKP sıralarından çıxarmaq və işi tribunala vermək təklifi var. Kim lehinədir?” Sonra sol əlimi qaldırdım, sağ əlimlə düyməni basdım ki, Jukova xəbər verim. Jukov zabitlərlə gəldi; başqaları da əllərini qaldırdılar. Zabitlərlə Jukov L.Beriyanı əhatəyə aldılar, əmr etdilər ki, əllərini qaldırsın. Özünə hələ də gəlməyən L.Beriya başa düşə bilmirdi ki, nə baş verir”.
Həqiqətdə isə, Xruşşov soruşanda ki “Kim lehinədir?”, onu dəhşətli qorxu bürüyür, ona görə ki, yeganə olaraq   təkcə öz əli qalxmışdı. Çünki Beriyanı görən kimi, Rəyasət Heyətinin digər üzvləri qorxularından özlərini itirmişdilər. Bu səhnəni görən Xruşşov tələm – tələsik düyməni basır və kabinetə silahlanmış generallar daxil olurlar. İçəri daxil olan Jukov Beriyaya əmr edərək qışqırır: “Dizi üstə çök!” Bu an  Beriyanın dizi üstə çökdüyünü görən Rəyasət heyətinin digər üzvləri yekdilliklə əllərini qaldıraraq Nikita Sergeyeviç “biz hamımız lehinəyik”deyirlər.
General Moskalenkonun xatirələrində deyilir: “Bunlar hamısı Beriya üçün o qədər gözlənilməz oldu ki, o, tamamilə özünü itirdi. Həbs zamanı onun portfelindən qırmızı qələmlə yazılmış bir kağız vərəqəsi tapılmışdı — “Həyəcan, həyəcan, həyəcan”…
Görünür, Xruşşov Beriya haqqında danışanda və onun hərəkətlərini tənqid edəndə, o, təhlükəni hiss etmiş və bu vərəqi Kremlin mühafizəçisinə ötürmək istəmişdi.

İclasdan 15-20 dəqiqə keçmişdi, məhz bundan sonra MK Rəyasət Heyətinin üzvləri çıxıb evə getdilər. Qaldı beş nəfər: Beriya və onunla üzbəüz Batitski, Baksov, Moskalenko, Zub və Yuferev. Bayırdan — qəbul otağı tərəfdən qapını Brejnev, Getman, Nedelin, Pronin və Şatilov qoruyurdular.
Müəllif: Adıgözəl Məmmədov
Share: