Mübariz Mənsimov göstəriş verdi

     “Palmali” şirkətinin prezidenti Mübariz Mənsimov müqəddəs Ramazan ayı münasibəti ilə soydaşlarımıza sovqatların paylanması barədə göstəriş verib.

Məlumatı Müstəqil.Az-a şirkətin İctimai əlaqələr departamentinin rəhbəri Fidan Quliyeva verib.

Fidan Quliyeva Mənsimovun bu addımı ilə bağlı sosial şəbəkədə status da paylaşıb.

Fidan Quliyeva öz statusunda bunları yazıb: “Mübariz Mənsimov unutmur… Sizi unutmur… Heç vaxt. Harada olmasından, iztirablar içində olub-olmamasından, ağrılarının şiddətindən asılı olmayaraq. Hər gün, hər saat, hər saniyə onun beynində, qəlbindəsiniz. Müqəddəs Ramazan ayını Mübariz bəy həmişə Sizinlə birlikdə keçirər, Ramazan bayramını birlikdə qeyd edərdi. Ötən il “Palmali Şirkətlər Qrupu”nun təşəbbüsü və dəstəyi ilə 500 nəfərə yaxın İstanbulda təhsil alan azərbaycanlı tələbə, müəllim və həkimlər bir araya gəlib bərabər iftar süfrəsində iştirak etdilər. Mübariz Mənsimov da orada idi. Həmin gün bir çox tələbə özünə iş tapdı, müəllimlər tələbələrlə, həkimlərlə, bir sözlə, insanlar bir-birilə tanış oldular, həmin tanışlıqların bir çoxu bu il artıq dostluq münasibətləri ilə əvəzlənib. Lakin bu, sadəcə, iftar deyildi. Əsas məqsəd soydaşlarımızı bir araya gətirmək, onları bu müqəddəs Ramazan ayında bir-birinə daha yaxın, həmrəy etmək idi. İldən-ilə Mübariz Mənsimov buna daha çox nail olurdu. Ümumiyyətlə, Mübariz bəy hər zaman birlik və bərabərliyin tərəfdarı olub. Ramazan aylarında, Qurban bayramlarında, tələbələr ücün məzuniyət tədbirlərinin, yarışmaların və əyləncələrin təşkili, az təminatlı insanlarla görüşlər yalnız və yalnız bir məqsədə – azərbaycanlıları bir araya toplayıb onları bir gücə çevirmək xidməti daşıyırdı. Təəssüf ki, bu dəfə belə olmadı. Koronavirus səbəbi ilə toplanmağımız mümkün olmadı. Amma heç bir dərd Mübariz bəyə Sizi unutdurmağa qadir deyil. O, Ramazan ayında süfrənizdə “Palmali”dən sovqat olsun deyə göstəriş verdi. İstanbulda yaşayan və ya təhsil alan az təminatlı ailələrə baş cəkmək zamanı gəldi. Artıq siyahılar tutulub. Hər birinizə zəng edib dualarınızı alacayıq. Mənim tək bir duam var: hər bir Ramazan bayramını Mübariz bəy ilə bərabər qeyd etmək! Əlbəttə, Sizin dualarınızın Mübariz insanın tezliklə azadlığa çıxması ilə bağlı olmasını rica edirik. “İNSAN” adını daşıyan Mübariz üçün.

Müstəqil.Az     

Share: