Ömrünü misradan asır, qoymayın…

Vasif SÜLEYMAN

Üzün dönsün, fələk! İndi gəl, Fərqanənin haqqında xatirə yaz. O, xatirəlik yaşda, vida sözü yazılacaq yaşda deyildi axı… İstər-istəməz yadıma gənclik dostumuz Həjarın

Hər ölənə ağı deyib ağlamaq olmaz,

Ölümlər var “Misri” üstə, “Cəngi” üstədir.

Adam gördüm, ölümə də qısqandım onu,

Ölüm gördüm, həvəsimdən ölmək istədim, -misraları düşür.

Mən yaşamaq, yaratmaq istəyən bu böyük ÜRƏYİ həqiqətən də ölümə qısqandım. Qısqandım ki, Fərqanənin indən belə nə düşündüyünü, nə yazmaq istədiyini ancaq ölüm biləcək.

Hər şeyə, şeirlərində toxunduğu bütün mövzulara özünün yanaşması var idi:

Sevin, sevginizi kəsir qoymayın,

Ürəyi nanə tək əsir, qoymayın,

Ömrünü misradan asır qoymayın,

Qızları qoymayın şeir yazmağa, –demişdi.

Əslində “Qızları qoymayın şeir yazmağa” deməklə ÖZÜNÜ MİSRADAN ASIR kimi şahanə yazan QIZLAR VAR, – demək, belə uğurlu şeirlərin sahibi olan xanım yazarlar var, – demək istəyirdi. “Qızları qoymayın şeir yazmağa” deməklə, neçə-neçə gənc qələm əhli olan xanımlara cani-dildən dəstək olurdu.

Hələ şeirlərində “Qadınlar, sıxmayın kişiləri siz”, – deyib bizm də qeydimizə qalırdı:

Siz elə bilməyin kefindən çıxıb,

Rahat baş qoyurlar elə balınca.

Səhərdən-axşama evindən çıxıb,

Düşürlər bir para çörək dalınca.

Fərqanənin həm yaşantısında, həm də yaradıcılığında valideynlərinə, övladlarına qəribə bir düşkünlük vardı.

Hansı gün doğuldum elə,

O dad hanı, o tam hanı?

Gəlişimə qurban kəsən,

Anam hanı, Atam hanı?

İndi övladları da, onu sevənlər də “Fərqanə hanı?” deyə haray çəkirlər…

Tez-tez görüşə bilməsək də, telefon əlaqəsi saxlayırdıq. Bir balaca dirçəlim, görüşək-dedi sonuncu dəfə. Biz o görüşə hazırlaşırdıq guya… Görüşürük indi, göz yumub-açınca, tələsirmiş kimi özünü yetirən vəfatının 40-cı günü ilə…

Vasif Süleyman

GÜNAHDI

Siz məni qoymayın şair olmağa

Fərqanə MEHDİYEVA

Günahdı, günahsız xatirələri,

İzlərin əlindən almaq, günahdı.

Dünyanı oynadan gözəllikləri,

Gözlərin əlindən almaq, günahdı.

Hanı, ürəklərin istisi, hanı,

Baxtdan eləməzlər baxtdan olanı.

Bir kimsə bizim tək sevməz, dünyanı,

Bizlərin əlindən almaq, günahdı.

Ürəyin sözdədi, söz ürəyində,

Bu atəş, bu alov, köz ürəyində.

Eh, nələr keçirsə, qız ürəyindən,

Qızların əlindən almaq, günahdı.

Dünyada hamının istəyi yarı,

Bu yarı istəyi qoruyaq barı.

Sözlərin başına dolananları,

Sözlərin əlindən almaq günahdı.

 

Share: