Cənab deputatlar və nazirlər mövqeyiniz ortaya qoyun

Prezident deyir və edir: Bəs, siz?

Parlamentdə təmsil olunan gənc deputatlardan yazmışdım. Bir də yazıram. Amma bu dəfə bir qədər fərqli notlarla qeyd edəcəm fikrimi. Bu gənclərin yaxşı tərəfləri odur ki, gəncdirlər. Əksəriyyəti xaricdə təhsil alıb. Deməli dünyagörüşləri sağlam və zəngindir. Çirkaba hələ tam batmayıblar. Çoxusunun sosial şəbəkələrdə profilləri var. Özlərini əlçatan millət vəkili imici formalaşdırırlar.

 Pis tərəfləri

Əksəriyyəti onlara verilən suallara cavab verməyə ya qorxur, ya da profillərinə özləri baxmır.  Köməkçiləri də onlara, deyəsən, məlumat vermirlər.

İkinci bir məqam. Ölkədə baş verən hadisələrə öz baxışları və fikirləri yox dərəcəsindədir. Əksəriyyəti Prezidentin, Milli Məclis sədrinin və ya digərinin (hərçənd baş verənlərə prezidentdən başqa sağlam və aydın fikir bildirən yoxdur) fikirlərini kopyalıyıb, öz profillərində paylaşırlar. Millət vəkili kimi cəmiyyəti maraqlandıran, narahat edən problemlərə münasibət bildirmək əvəzinə imitasiya ilə məşğuldurlar. Bir dəfə demişəm yenə deyirəm. Prezident baş verən hadisələrə münasibət bildirirsə, bu onun həm dövlət başcısı kimi, həm də Azərbaycanın birinci vətəndaşı kimi mövqeyidir. Vətəndaş kimi baş verən yaxşı və əyri məqamları dilə gətirir, tərifləyir və yaxud tənqid edir. Prezident kimi isə problemləri həll edir, neqativ hallara qarşı ciddi tədbirlər görürür və gördüyü işi ictimaiyyətin, sıravi vətəndaşın diqqətinə çatdırır.

Başa düşmədiyim nədir?

Prezidentin bu fikirlərini, sözlərini, mətinlərini bəzi millət vəkilləri, yüksək çinli məmurlar, politoloqlar, ziyalılar təkrarlayaraq mətbuatda, cəmiyyətdə öz mövqeləri kimi təqdim etməkləri nə dərəcədə düzgündür? Rəhmətlik Ümumilli lider Heydər Əliyev demişkən öz mövqeyinizi qoyun ortaya. Düzünə qalsa Azərbaycan mətbuatı prezidentin son kadır islahatlarını, koronovirus pandemiyası ilə əlaqədar görülən tədbirləri, DTX-nın apardığı həbslər barədə daha sağlam və aydın mövqe ortaya qoyur, nəyinki bəzi millət vəkilləri, ziyalılar və yaxud yüksək çinli məmurlar.

Çoxu gözləmə və ehtiyatlı mövqe sərgiləyirlər.

Səbəbini axtarsaq daha ciddi məsələlər ortaya çıxacaq. Çünki əksəriyyətinin bir-biri ilə qohumluq, biznes bağlılıqları var. Ya da onlar eyni adamın adamıdırlar. Ona görə dediyim təbəqə sadəcə prezidentin mövqeyinin arxasında gizlənərək, onun fikirlərini paylaşaraq, saytlarda, sosial şəbəkələrdə öz şəkillərinin altından verməklə, adlarını prezident İlham Əliyevin siyahısında görmək istəyirlər.

 Telejurnalist Şöhrət Əli

Share: