İnsanlara  yardım etməkdən böyük xoşbəxtlik ola bilməz -Həkim Yazar

Məlahət Hmmətqızı imzası ilə yayınlanan bütün yazıları diqqətlə oxumuşam. Özünəməxsus yazı üslubu var. Müstəqil.Az əsl sənəti həkimlik olan Məlahət xanımla müsahibəni  təqdim edir:

– Salam,  Məlahət  xanım, necəsiz?

-Salam, Təşəkkür edirəm, yaxşıyam.

-Son vaxtlar yəqin  ki,  çox yorğun olarsız.

-Bəli,  çox yorğun oluram.

-Yəni, əvvəlki günlərlə müqayisədə  işiniz çoxalıb…

-Elədir.Hal-hazırda  Tədris Cərrahiyyə Kilinikasında  çalışıram.  Növbəli  8 saatlıq iş rejimi  ilə işləyirəm.  Yuxusuz gecələr keçirirəm. Ağır, müalicəyə çətin tabe olan xəstəliklərlə üzləşirəm. Hər gün 20-25 xəstənin müayinəsini aparıram. Çox məsuliyyətli,  çətin və şərəfli peşə ilə  məşğul oluram.

-Şəkillərinizi paylaşmışdız, kosmanavatlara bənzəyirdiz.   

– Xüsusi qoruyuculuq funksiyası olan geyimdir. Geyindiyimiz o formalar çox isti olur, hava keçirtmir.  Yəqin ki, bilirsiniz,  Koronovirus pandemiyası ilə  mübarizədə  bir neçə  xəstəxana çalışır.

Mərkəzi Neftçilər xəstəxanası, Əfəndiyev adına xəstəxana,  Tədris  Terapevtik, və Tədris Cərrahiyyə klinikası. 700 –ə qədər  tibb personalı   Ağ şəhərdə  yerləşən Bulvar oteldə qalır. Pandemiyaya qarşı mübarizəni  hələ bura gəlməmişdən əvvəl 11 saylı şəhər poliklinikasında aparirdıq. Poliklinikamızda filtir otaqları yaradılmışdı.

-Demək, heç də birmənalı qarşılanmayan bu xəstəliklə ilk gündən mübarizəyə qoşulduz.

-Həkimlərimizin fədəkarlığı xüsusi qeyd olunmalıdır. Dediyim o filtr otaqlarının hərarətli xəstələrdə  “Covid-19”  virusunun tapılıb aşkar olunmasında   filtir otaqlarının  şox böyük rolu oldu. Hərarətli insanların burun və boğazından yaxma götürüb,  təcili yardım vasitəsilə Taun mərkəzinə  göndəriridik. Sonra  xəstələrin sayı xəstəxanalarda artdı və TƏBİB  xəstələri müalicə etmək üçün bütün həkimlərə çağırış etdi. Könüllü işləməyə gələnlər arasında  mən də  var idim. Aprelin 9-dan buradayam. Peşiman  da deyiləm. Yaxşı ki, gəldim və  üzərimə düşən  həkimlik  borcumu yerinə  yetirirəm.  Məncə İnsanlara  yardım etməkdən böyük xoşbəxtlik ola bilməz.  Mənim kimi  könüllü həkimlər burada çoxdu. Hər kəs xəstələrin sağalıb tezlikə evlərinə getməsinə  çalışır. Özümə söz vermişəm ki, son xəstə sağalıb  palatanı tərk edənə kimi   buradayam.

-Neçə ilərdir ki, həkim işləyirsiz, son iki ayın əziyyəti qədər, məsuliyyəti qədər qarşılaşmışdınızmı?

-Xeyir, qarşılaşmadım. Mən poliklinika həkimiyəm. Bizdə ambulator müalicədi.  Stasionarda işləməmişəm. Yuxusuz gecə keçirtməmişəm, ağır xəstələrlə bu qədər  təmasda olmamışam.   Bizim işimiz çox məsuliyyətlidir. İnsan həyatı ilə çalışırıq. Hər dəqiqə bir hadisə baş verə bilər. Palatalarda ağır xəstələrimiz  çoxdu.”Covid-19″ –a yoluxan xəstələr arasında  yanaşı xəstəliyi olan xəstələr də var. Onlar arasında şəkərli diabet, ürək-damar sisitemi, böyrək, qara ciyər,  ağ ciyər xəstəliyi,  hamilə qadınlar, hətta xərcəng xəstəliyi olanlar da var.  Hal- hazırda  bu ay  işlədiyim 11-ci mərtəbədə 20 xəstəmiz var. Onlardan  3-ü çox  ağırdır. Onların gecə-gündüz müalicəsi ilə məşguluq.  Bir dəqiqə nəzarətsiz qoymuruq. Əziziləri tez-tez zəng vurub  maraqlanır. Bizə ümüd etdiklərini bildirirlər.   Son zamanlar virusa yoluxan həkim  kolleqalarımızın sayı da  çoxalıb.

-Məlahət xanım, siz həm də yaradıcı  adamsız. Şeirləriniz, nəsr əsərləriniz var,  koronovirus  dalğası öz  əksini  tapacaqmı  yaradıcılığınızda?

-Bəli, tapacaq. Bura gələndən  çoxlu   müşahidə aparmışam,  həkim dostlar  tapmışam.  Burada çalışan həkimlərin  qəhrəmanlığından 3 hekayə yazmışam.

-Hazırda işlədiyiniz Tibb Universitetinin  təlim-tədris mərkəzində  xəstələrlə təmasda  şairliyinizin verdiyi imkanlardan istifadə edirsinizmi?

-Xeyir, xəstələrə  şeir söyləmirəm.  Amma burada həkim kolleqalarımız  arasında qruplar yaradılıb. Onların yorğunluqlarını çıxartmaq  üçün  hərdən  öz şeirlərimi  söyləyirəm.

-Demək bütün zamanlarda ədəbiyyatdan kənarda qalmırsız. Deyin, Ədəbiyyat sizin üçün nədir?

-Düşünürəm ki, ədəbiyyat  insanın öz hisslərini, cəmiyyətin  hisslərini, düşüncələrini  arzu və istəklərini  obrazlı şəkildə  əks etdirən söz sənətidi. Və bu  söz sənətini çox sevirəm, həyatımın bir parçasıdı. Məncə ədəbiyyat insana  özünü dərk etməyə kömək edir. Hərdən düşünürəm, mən niyə yazıram,  yazılarım insanların xoşuna gəlirmi,  oxunurmu? Çalışıram ki, yazdıqlarım maraqlı olsun,  düşündürücü  olsun, insanlar  faydalansın.

-Seçim qarşısında olsanız həkimliyi, yoxsa  yazıçılığı seçərdiz?

-Seçim qarşısında qalsaydım, yəqin ki, həkimliyi seçərdim. Çünki həkim olub, yazıçı ola bilərsən, amma yazıçı olub, həkim ola bilməzsən.

-Sizcə,  nə vaxtsa  ədəbiyyatla  məşğul olduğunuza görə  təəssüflənməyəcəksiz ki?

-Xeyir,  qətiyyən  təəssüflənməyəcəm. Əksinə fəxr etmişəm və edəcəm. Məncə istedadı olan hər kəs  çalışdığı peşədə  nəyi  bacardığını  göstərməli,  özünü sübut etməlidir.

-Məlahət xanım, son yaradıcılığınız nəyi əhatələyir?

-Son yaradıcılığım   karonavirus  pandemiyası  ilə əlaqədardır. Yeni hekayələrim yaranıb. İnşallah onları tezliklə mətbuta   verəcəm.

-Yazarlarımızın sayının çoxluğu  sizi narahat etmir ki? Ədəbiyyatda  özünü, yerini  tanımayanları xəstələrlə müqayisə etmək olar?

– Bu barədə danışmaq mənə düşməz. Məncə bərabər olar..

 

  Söhbətləşdi: Faiq Balabəyli

 

Share: