Fərqanə Ədəbi Məclisi yaradıldı

Azərbaycanın gənc şairlərindən olan Qabil Ədalət dəyərli addım atıb: yaxınlarda dünyasını dəyişmiş müasir tanınmış şairənin xatirəsini əbədiləşdirmək üçün Fərqanə Ədəbi Məclisi yaradıb.

  Sözügedən mövzu ilə bağlı TRT/Azerbaycan saytına eksklüziv müsahibə verən Qabil Ədalət deyib: “Bildiyimiz kimi, may ayının 2-də Azərbaycanın müasir tanınmış şairəsi Fərqanə Mehdiyeva 56 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişdi. Poeziyamızda öz dəst-xətti olan Fərqanə xanımın ölümü doğmaları ilə bərabər bütün ədəbiyyatsevərləri, sənət dostlarını və ədəbi gəncliyi göz yaşına qərq etdi. Hələ də yoxluğunu qəbul edə bilmirik. Onun cavan gedişi məni həm də övladları qədər üzdü, sanki anamı itirdim. Fərqanə Mehdiyevanı şair kimi tanıyıb sevsəm də, sonradan aramızda elə bir ana-bala münasibəti yarandı ki, dost olduq, sirdaş olduq, dərd ortağı olduq. Mənə belə doğma insandan ayrı düşmək ağır itkidir. Özümü onun balası gördüyüm üçün övladları ilə bərabər şairənin adını yaşatmağı özümə borc bildim. Belə bir qərar verdim ki, Fərqanə Mehdiyevanın adını ədəbilləşdirək. Ona görə bu addımı atdım: mənimlə həmfikir olan ədəbiyyat dostları ilə birgə Fərqanə Ədəbi Məclisi yaratdıq. Məclisin fəaliyyəti məlum pandemiya bitdikdən sonra başlayacaq. Ayda bir dəfə şairlər bir araya gələcək, Məhsəti, Natəvan sələflərindən olan Fərqanə Mehdiyeva yada salınacaq, şeirlər oxunacaq, Azərbaycanın ədəbi məclis ənənəsi onun xanım adında davam edəcək. Fərqanə Ədəbi Məclisi təkcə Bakıda deyil, bölgələrdə və ölkədən uzaqlarda da təşkil olunacaq.”

 

Müstəqil.Az

56 baxılıb
mersin escort