Bundan sonra hər bir məmurun yalnız iki seçimi, iki yolu var

Son vaxtlar cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri də korrupsiyaya, rüşvətxorluğa bulaşan, müxtəlif əliəyriliklərə yol verən, vəzifə səlahiyyətlərindən sui-istifadə edən bəzi icra başçılarının, məmurların həbs olunmasıdır. Bu da təbiidir. Çünki vətəndaşlarımızın əksəriyyətinin gündəlik həyatı, cari işləri bu və ya digər şəkildə icra hakimiyyətləri ilə, müxtəlif rəsmi qurumlarla əlaqəlidir.

Onların necə fəaliyyət göstərməsi hər bir vətəndaşımızın yaşam tərzində özünü ehtiva edir. Bu mənada sıravi vətəndaşlarımızın son hadisələrə xüsusi həssaslıqla yanaşması anlaşılandır. İnsanlar Prezident İlham Əliyevin qanunlara zidd addımlar atan, dövlətin və vətəndaşların deyil ancaq öz şəxsi mənafelərini güdən icra başçılarına, məmurlara qarşı sərt tədbirlər görməsini təqdir edir, dəstəkləyirlər.

Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə hazırda ən vacib vəzifələrdən biridir. Bu cür xoşagəlməz hallara qarşı çox ciddi iş aparılır. Bununla bağlı Prezident öz iradəsini ortaya qoyub və bu məsələ ilə bağlı dəfələrlə fikirlərini bildirib, məmurlara açıq mesajlar verib, ciddi xəbərdarlıq edib. Prezident çıxışlarından birində hətta onu da qeyd etmişdi ki, əgər hansısa məmur öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, bunu istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin. Prezident İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən səsləndirdiyi fikirlərdə də bir daha bu məsələyə toxundu. Dövlət başçısı böyük bir təəssüf hissi ilə bildirdi ki,”əfsuslar ki, mənim sözlərim bəziləri üçün dərs olmadı və bunun nəticəsində indi Dövlət Təhlükəsizliyi Xidməti bir neçə əməliyyat keçirərək rüşvətxorları, yüksək vəzifə sahiblərini ifşa etdi və onlar artıq cinayət məsuliyyətinə cəlb edilmişlər. Ağstafa, Biləsuvar, Yevlax, Neftçala rayonlarının icra başçıları həbs edilmişdir, ictimaiyyətə bu məsələ ilə bağlı ətraflı məlumat verilmişdir və bundan sonra da ətraflı məlumat veriləcəkdir”.

Burada bir sıra labüd suallar ortaya çıxır. Prezident nə üçün bu cür sərt addımlar atmaga məcbur olmalıdır ki? Ölkənin daxili və xarici siyasəti ilə bağlı bir çox təxirəsalınmaz, vacib məsələlər hər gün Prezidentdən çoxlu vaxt və böyük diqqət tələb etdiyi halda, Prezident nəyə görə hansısa icra başçılarına, hansısa məmurlara dərs vermək, öyüd-nəsihət etmək, xəbərdarlıq etmək məcburiyyətində qalmalıdır? Axı Prezident onların qanunsuz hərəkətlərinin nəinki özləri üçün, hətta əcdadları və övladları üçün də utancverici olduğunu dəfələrlə deyib. “Heç olmasa Allahdan qorxun” deməklə Prezident cızığından çıxan bəzi məmurları haqqa-imana dəvət edib, vicdanlı olmağa səsləyib. Hər bir icra başçısı vəzifəyə təyin olunanda cənab Prezidentin ona əsas tapşırığı bu olur ki, “get, vətəndaşlara xidmət et, get, vətəndaşlarla bir yerdə ol, təmiz işlə, rüşvət alma, vətəndaşları incitmə, kömək göstər, eyni zamanda, sahibkarlara kömək göstər, onların malını əlindən alma, onların fəaliyyətindən özünə pay istəmə”. Prezident onların hər birinə bu sözləri deyir. Biz dəfələrlə bunun şahidi olmuşuq və Prezidentin bu tapşırıq və tövsiyyələrini həmişə təqdir etmişik, bəyənmişik.

Lakin nəticədə nə baş verir? İcra başçılarının bəziləri Prezidentin onlara verdiyi tapşırığı unudur və yerlərdə özlərini xan kimi, padşah kimi aparmağa başlayırlar, dərəbəylik edirlər. Rüşvətxorluq bu adamlar üçün əsas prinsipə çevrilir. Onların bəzilərinin məsuliyyətsizliyi və insafsızlığı hətta o dərəcəyə çatır ki, bu gün bu ağır karantin dövründə dövlətin imkansız, işsiz vətəndaşlara verdiyi yardımları da, fəhlələrə nəzərdə tutulmuş maaşı da öz ciblərinə qoymağa, ictimai təşkilatların və Heydər Əliyev Fondunun imkansız ailələrə göndərdiyi ərzağı da oğurlamağa, mənimsəməyə çalışırlar. Özbaşınalıq, nəzarətsizlik və korrupsiya halları bir çox sıravi insanlarımızı dövlət tərəfindən verilən yardımlardan faktiki olaraq məhrum edir. Və yaxud da ki, həbs edilmiş icra başçılarının, icra nümayəndəsinin iş otaqlarından, onların ciblərindən həmin o kasıb insanlara çatacaq kartlar çıxır. Əlbəttə, bu kimi neqativ halların siyahısını uzatmaq da olar. Ölkə başçısı da son çıxışında bunları detalları ilə qeyd etdi. Bəs bütün bunlara nə ad vermək olar?

Şübhəsiz ki, bu hərəkətlər həm cinayətdir, həm də böyük vicdansızlıqdır, mənəviyyatsızlıqdır. Və bu cür kütləvi hal almış rəzil əməllər cəzasız qala bilməz. Onların hər birinin öz layiqli cəzasını alacağı qeydsiz-şərtsizdir. Prezident də Baş prokurorla videkonfrans formatlı görüşündə bir daha bunun anonsunu verdi. O qeyd etdi ki, bu və digər hallara qarşı mübarizə çox ciddi olmalıdır. İlham Əliyev birmənalı şəkildə qeyd etdi ki,”heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək. Heç kim qanundan üstün deyil və əgər kim fikirləşir ki, onun yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostları ona kömək edəcəklər, səhv edir. Qanun qarşısında hamı bərabərdir, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır. Hər halda biz çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldaq. Eyni zamanda, cəza tədbirləri də tətbiq olunur və tətbiq ediləcəkdir”. Yəni ki, dövlət başçısının bu xəbərdarlığı aşağı, orta və ya yuxarı ranqa mənsub olmağından asılı olmayaraq hər bir məmur üçün “Yol xəritəsi” olmalıdır. Qanunu pozan, vətəndaşın haqqını yeyən heç bir məmura güzəşt olmayacaq. Ortada Prezidentin qətiyyətli iradəsi var. Odur ki, bundan sonra hər bir məmur el diliylə desək, papağını qarşısına qoyub yaxşı-yaxşı düşünməlidir, dövlət başçısının sözlərindən özü üçün ciddi nəticə çıxarmalıdır.

Prezidentin bu xəbərdarlıqlarını, bu tövsiyyələrini dərk etmək və öz işlərini bu tövsiyyələrə uyğun tərzdə qurmaq üçün nə icra başçılarından, nədəki digər məmurlardan dahi olmaq tələb olunmur. Prezident onlara bundan sonra nə etməli və necə işləməli olduqlarının çox sadə formulunu, düsturunu verib. Bu düstür əsasında hərəkət etmək və fəaliyyət göstərmək üçün sadəcə olaraq hər bir məmurdan məsuliyyət, vicdanlılıq, humanistlik, ədalət, Vətənə sevgi, dövlət naminə fədakarlıq və vətəndaşlara qarşı qayğıkeşlik tələb olunur. Bu hisslər, bu keyfiyyətlər ən adi insani xüsusiyyətlər və həyat normalarıdır. Məmurlar öz iç dünyalarına boylanmalıdırlar. Onlar bu keyfiyyətləri özlərində inkişaf etdirməlidirlər. Hər bir məmur xalqa və dövlətə sədaqətlə, sevgi ilə xidmət etməlidir. Vəzifəsinin böyüklüyündən, kiçikliyindən asılı olmayaraq hər bir məmur xalqa canla-başla xidmət etməyi və Prezidentin etimadını qazanmağı özü üçün şərəf işi hesab etməlidir. Məmurlar nəhayət ki, anlamalıdır ki, ölkə başçısının haqlı narahatlıqlarına son qoyulması onların hər birinin öz vəzifə borclarını vicdanla, ləyaqətlə yerinə yetirmələrindən asılıdır. Odur ki, bundan sonra hər bir məmurun yalnız iki seçimi, iki yolu var: ya öz müsbət fəaliyyətləri ilə Prezidentin etimadını və vətəndaşların rəğbətini, hörmətini qazanmaq, yadaki işdə yol verdikləri qanunsuzluqlara görə həbs olunmaq və karyeralarının sonuna imza atmaq. Sadiqlər və müdriklər heç şübhəsiz ki, birinci yolu seçərlər. Hər halda biz buna ümid edirik.

Əlisahib Hüseynov –
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

129 baxılıb
mersin escort