Karonanı necə mat etdik? – Özü danışdı

Bayaq Respublikanın Baş koronası şəxsən özü zəng eləyib dedi ki, çox pis vəziyyətdəyik, çıxılmaz duruma düşmüşük, bilmirik, başımıza haranın daşını salaq.

Necə yalvarırdı, dil tökürdü, lap yabı kimi…

Soruşdum nə olub?

Dedi, bəs Azərbaycanın bəzi deputatlarının qarşısında aciz qalmışıq.

Dedim, bundan sonra bizim qorxumuzdan əyilə-əyilə gəzəcəksiniz!

Bir az keçdi, Qazaxdakı korona zəng elədi. Dedi, sıxılıb qalmışam, çıxan kimi başıma qapaz ilişdirirlər, cərimə yazırlar, bir tərəfdən də camaat araqdan-çaxırdan içir, heç yaxın belə düşə bilmirəm.

Hələ Şəkidəki koronaya görün nə olub! Yazığa Şəki halvası yedizdiriblər, təzyiqi qalxıb, yıxılıb qalıb orda.

Lənkərandakı koronalar isə onun təzyiqini salmaq üçün limon axtarışına çıxmaq istəyiblər. Ancaq necə çıxsınlar? Nə təhər qısılıblarla, adam görəndə girməyə yarasa axtarırlar.

Korona yaşıl və yumru olur axı. Sabirabadda bir dostumuz koronavirusu görüb, elə bilib, qarpızdır. Tutub əkib torpağa, üstünə də gübrədən töküb, yazıq korona elə oradaca can verib.

Dünyanın müxtəlif ölkələrində yaşayan koronaviruslar sosial şəbəkələrdə yazırlar ki, nə yaxşı ağıllı iş görüb Azərbaycana getməmişik.

Həqiqətən, xalqımız Milli Məclisin bəzi deputatlarının məxsusi dəstəyi sayəsində koronanı aftafanın gen gözündən salıb, dar gözündən çıxmağa qoymur. Guya korona dar gözdən çıxıb nə görəsidir ki?

Ay sağ olun, onu!

Ta hara çıxır?!

Qısası, ölkə üzrə bu virusu mat eləmişik. Düzdür, indi çempionat-zad keçirilmir, ancaq biz onlayn oynayıb, koronanı mata salmışıq.

Özünü yaxşı aparsa, bir az da yalvarsa, bəlkə bir partiya da oynadıq…

Şeyx Teymur

Share: