Çaşqınlıq: Dərslər sentyabrda açılacaq? – Ekspert

Təhsil eksperti Elşən Qafarovun Axar.az-a müsahibəsi:

– Təhsil naziri Ceyhun Bayramov Operativ Qərargahın brifinqində dedi ki, ehtiyac yaranarsa, dərslər yay aylarında da onlayn şəkildə tədris olunacaq. O həmçinin qeyd etdi ki, ola bilər, növbəti tədris ilində dərslər məktəblərdə başlasın. Bu açıqlamadan sonra belə bir fikir yaranıb ki, dərslər bir də sentyabrda açılacaq…

– Bilirsiniz ki, pandemiya ilə əlaqədar əksər ölkələrdə xüsusi qərargahlar yaradılıb və bütün qərarlar da buradan verilir. İndiki məqamda Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı bəyanatdan başqa heç bir açıqlamanı etibarlı hesab etmirəm. Bu gün hər evdə ən azı bir məktəbli var və valideynlərin də qulağı rəsmi orqanlardan gələn açıqlamadadır. Ona görə bir söz eşidən ki, nəticə çıxarmağa tələsirlər. Ancaq hamı bilməlidir ki, bu gün nazirliyin və idarənin açıqlamaları sadəcə ehtimallardır.

– Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva da müəllimlərin onlayn dərslərə üstünlük verəcəklərini bildirdi. Belə düşünmək olarmı ki, yayda da şagirdlərin onlayn formada dərsləri davam edəcək?

– Reallıq bundan ibarətdir ki, bizim təhsilimiz fors-major hallara hazır deyil. İndi də müşahidə edirsiniz ki, virtual dərslərdən hər kəs yararlana bilmir. Hər evdə internet sürətli deyil, hər evdə kompüter yoxdur, iki məktəbli olan evdə cəmi bir mobil telefon var. Belə olan halda bütün şagirdlər təşkil edilən onlayn dərslərdə iştirak edə bilmir. Onlayn dərs üçün, “Virtual məktəb”ə qoşulmaq üçün hər evdə ən azı məktəbli sayına görə texniki vasitə olmalıdır. 3 məktəbli olan evdə bir kompüterlə hansı formada onlayn dərs keçmək mümkündür? Siz elə bilirsiniz bütün müəllimlərin belə dərslər üçün kompüteri var?

Bu çətinliklərə görə yayda onlayn dərslərin davam etdirilməsinin tərəfdarı deyiləm.

– Nazir müavini həmçinin teledərslərin ilin sonuna qədər davam etdiriləcəyini da vurğuladı. Sizcə, buna ehtiyac varmı və teledərslərin ilin sonuna kimi davam etdirilmə səbəbi məktəblərin açılmaması ilə bağlı ola bilərmi?

– Teledərslərin ilin sonuna qədər davam edəcəyini düşünmürəm. Yəqin ki, Məhəbbət xanım Vəliyeva tədris ilinin sonunu nəzərdə tutub. Teledərsləri effektli təhsil növü hesab etmək olmaz. Çünki burada qarşılıqlı əlaqə yoxdur. Həmçinin teledərsləri nə qədər şagirdin dinlədiyi, nə qədər şagirdin maraq göstərdiyi bəlli deyil. Düzdür, biz hər zaman təhsil kanalının olmasının tərəfdarı olmuşuq. Teledərslərin, “Virtual məktəb”in davamlı olmasının tərəfdarıyam. Ancaq o halda ki, bunlardan yararlana bilmək üçün hər bir şagirdə texniki dəstək verilsin. Bu, təkcə pandemiya dövrü üçün hesablanmamalıdır. Müəyyən səbəblərdən evdə qalan, dərsə gələ bilməyən, problem yaşayan şagirdlər təhsilin bu növündən bəhrələnə bilərlər.

Share: