Acların savaşı -Aida ADIGÖZƏL yazdı

Qanadlarının altında tərpəşən , yumşaq , isti , yumru canlıların olduğunu hiss edib gözlərini açdı. Səhərin alatoranlığında yuvasına düşən bozumtul işıqda sevinclə qanadlarının altına göz gəzdirdi.Qanadlarını yığıb yumurta qalıqlarının üstündən biraz kənara çəkildi. Fərəhlə qabıqlardan çıxan civilti səslərini dinlədi. Sarıdimdik ətcəbalalar ağızlarını açaraq qanadlarının istisinə sürünürdülər .

 

Ana sərçə qanadlarını çırparaq canının keyini açmaq üçün özünü çölə atdı . Biraz qanad çalaraq yaxınlıqdakı yolun kənarlndakı yulğun koluna qondu . Balalarına yemək aparmaq lazım idi. Burada həmişə çörək qırıqları bol olurdu…
Yaxınlıqdan it zingiltisi və küçük səsləri duyulurdu. Deyəsən həmişə buralarda sülənən qəhvəyi rəngli it balalamışdı. Gözü açılmamış küçüklərin ciyiltisi ac olduqlarından xəbər verirdi.

Aida Adıgözəl adlı şəxsin şəkli.

Ətrafda parakəndə halda tikilmiş koma kimi evlər var idi. Həmişə burada zibillikdə dolaşan cır -cındır geyimli dəcəl uşaqlar dolaşırdı , tələ quraraq sərçə , sığırçın tutub elə yulğunların arasında ocaq qalayıb bişirib yeyirdilər .
Ana sərçə dəmir borunun üstünə qoyulmuş çörək parçalarını görərək sevinclə civildəyərək qanadlarını yanlarına çırparaq havaya qalxdı . Burada balalarını doyuracaq qədər çörək qırıntıları var idi…
Əvvəlcə haldan düşmüş canını doyurmaq lazım idi . Biraz qırıntılardan dənləyib yaxınlıqdakı axşam yağmış yağışdan qalmış gölməçəyə yaxınlaşıb su içməyə başladı.
Döymüş , susuzluğu yatmışdı . Yenidən borunun üstünə qonub kiçik çörək parçasını dimdiyinə almağa çalışdı . Balaları ac idi və anasından yemək gözləyirdilər .Boynunun arxasında ləhləyən isti nəfəsi hiss edib uçmağa macal tapmadı…onu nə isə kiçik , lakin incidən möhkəm barmaqlar göyə qaldırıb sevincək harasa qaçaraq aparmağa başladı…
Yulğunların arasında ocaq qalayan uşaqların sevinc çığırtıları eşidilirdi.
Ana sərçənin qulağına ac küçük zingiltilərinin səsinə qarışmış səslərin arasında ağızlarını açaraq yemək gölzləyən sarıdimdik ətcəbalalarının civiltisi gəlirdi…

25.04.2020

Share: