Maskalar atılsın, matç başlasın… – Səbuhi Məmmədli yazır

İki əfsanə – Devid Bekhem və Ronaldo bir araya gəlib. Yox, hansısa klub yaratmırlar, müştərək biznes layihələri də yoxdur. Koronavirusa görə bir aradadırlar. “Beks” və “Yekədiş” instaqramda canlı yayımda söhbət edərkən məhz koronavirusu müzakirə ediblər.

 

Koronavirus pandemiyası ilə mübarizədə çalışan həkimlərə dəstək olmaq məqsədilə ulduzlar arasında xeyriyyə oyununun təşkilini nəzərdən keçiriblər. Bekhem keçmiş komanda yoldaşına məsələ ilə bağlı bunu deyib: “Həkimlər üçün bunu etməliyik. Hər gün başqalarının həyatını xilas etmək üçün çalışan insanlara maddi yardım etmək lazımdır”.

Ronaldo dərhal təşəbbüsə qoşulub. İndi qalıb oyunun harada, hansı formatda keçirilməsinə. Xeyriyyə matçında Bekhem və Ronaldonun komandalarından ibarət heyətlərin iştirakı da mümkündür. Digər variant isə onların sahib olduqları “İnter Mayami” ilə “Valyadolid” arasında yoldaşlıq görüşü təşkil etməkdi. İndi seçim onlarındı. Üçüncü, dördüncü, hətta beşinci variantların da olması istisna deyil. Əsas odur ki, təşəbbüs var.

Hə, hamı gözəl bilir ki, bu gün bu dəhşətli virusa qarşı mübarizənin ön cəbhəsində həkimlər, tibb bacıları dayanıb. Bu gün bütün gözlər ümidlə onlara baxır. Gecə-gündüz bilmədən çalışırlar. Günlərlə ailələrinin, doğmalarının üzünə həsrətdirlər. Düzdür, onların gərgin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan prezidenti “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncam belə imzalayıb. Onların aylıq vəzifə maaşları bir neçə dəfə artırılıb.

Elə yuxarıdakı xəbəri, Bekhem və Ronaldonun həkimlərə dəstək məqsədilə ulduzlar arasında oyunun təşkili barədə təşəbbüsü oxuyarkən ilk ağlıma gələn bilirsinizmi nə oldu? Yığmamız haqda səslənən o məşhur fikir: “Niyə də yox?”

Azərbaycanda da belə xeyriyyə matçı keçirmək mümkündür. Bunun formatını da tapmaq olar. Əslində, bu matç maddi yardım baxımından daha çox, mənəvi dəstək kimi xarakterizə edilə bilər. Düzdür, hələ ölkədə karantin rejimidir. Ciddi məhdudiyyətlər var. Amma görülən işlərin nəticəsidir ki, Azərbaycanda koronavirusdan sağalanların sayı günü-gündən artır. Böyük ehtimalla, mayın 4-dən sonra bəzi məhdudiyyətlər aradan götürüləcək. Mayın ortalarından sonra isə Azərbaycan çempionatının durduğu yerdən davam etməsi ehtimalı var. Belə bir xeyriyyə matç üçün isə həftə ortası bir gün tapmaq çətin olmaz.

Bəs bunun formatı necə olsun? Bu sətirlərin müəllifi belə bir variant təklif edir. Azərbaycan yığması və incəsənət ulduzları, siyasətçilər, tanınmış jurnalistlərin, mədəniyyət xadimlərinin yığması üz-üzə gəlsin.

Milli Məclisdə futbol oynamağı bacaran deputatlar var. Azər Badamov, Elşad Nəsirov, Fazil Mustafa, Tahir Mirkişili, Zahid Oruc, Adil Əliyev, Qüdrət Həsənquliyev, Siyavuş Novruzov və digərləri. Elə keçmiş millət vəkili, indi isə Komitə sədri olan Fuad Muradovun da yaxşı vuran ayağı var.

Skripkaçı, əməkdar artist Səlim Abbasov, müğənnilər Zamiq Hüseynov, Səməd Səmədov Vasif Məhərrəmli, Ağadadaş Ağayev, Ədalət Şükürov, aktyor Fərda Xudaverdiyev, meyxanaçı Vüqarın da yaxşı futbol oynadığı deyilir. Yaxşı futbol oynamağı bacaran jurnalistlərimizin sayı isə yetərincədir.

Matç isə təbii ki, AFFA-nın təşkilatçılığı ilə keçirilsə, daha yaxşı olar. Azərbaycan yığmasını Tərlan Əhmədov, rəqib komandanı isə Qurban Qurbanov meydana çıxara bilər. Oyun başlamamışdan əvvəl qəhrəman həkimlərimiz üzlərində maska meydanın mərkəzinə dəvət olunar, 30 minlik Tofiq Bəhramov stadionuna yığışanların alqışları sədaları altında maskaları çıxarıb atırlar. Bu, Azərbaycanın koronavirus üzərində qələbəsini bildirən simvolik jest olar.

Top ilk zərbəni də elə həkimlərimizdən biri vurar. Oyun isə simvolik hesabla başa çatar. Oyundan sonra jurnalistlər üçün mətbuat konfransı…

Məncə, çətin deyil. Sadəcə, təşəbbüs lazımdı. Təşəbbüsü isə irəli sürdük, qaldı onu həyata keçirmək.

Share: