Vəziyyət kəskin dəyişdi: İki qüvvə Türkiyəyə qarşı

Türkiyə Haftar və Əsəd üçün real təhlükədir. Buna görə də deyə bilərəm ki, Liviyada baş verən proseslərin Suriyaya, Suriyada baş verən hadisələrin isə Liviyaya təsiri var.

Müstəqil.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu İdlibin Beynin qəsəbəsinə raket hücumundan sonra Suriyada atəşkəsin pozulması haqqında danışarkən deyib. O vurğulayıb ki, yanvar ayında həm Liviyada, həm də Suriyada hərbi aktivlik müşahidə olunurdu və bu gün də bu proseslər davam edir:
“Bu iki proses arasında müəyyən bağlantı olduğu bariz şəkildə görünür. Bu mənada düşünürəm ki, bu gün Əsəd ordusunun İdlibin Beynin qəsəbəsinə raket hücumu etməsinin əsas səbəbi Liviya cəbhəsində Türkiyənin dəstəklədiyi Milli Razılıq Hökumətinin irəliləməsidir. Məqsəd aydındır. Türkiyənin başını Suriyada qataraq Milli Razılıq Hökumətinin irəliləməsinin qarşısını almaq”.

Ekspert bildirib ki, bu gün Liviyada proseslər 180 dərəcə dəyişib:

“Son günlər Liviyada Tripoli-Benqazi qarşıdurması fonunda Haftarın geri çəkilməsi və strateji məntəqələri itirməsi münaqişənin fərqli bir sferaya keçdiyini göstərir. Hətta onu da qeyd edim ki, Haftara dəstək verən bir çox ölkə bu gün ona müəyyən konsensusa gəlməyi məsləhət görür. Halbuki iki ay bundan öncəyə baxsaq, görə bilərik ki, Haftarın Liviyanın 80 faizinə nəzarət etdiyi və faktiki qalib olduğu ilə bağlı xəbərlər yayılırdı. Əslində, o zaman belə Haftarın bu nailiyyətlərinin nisbi olduğunu qeyd etmişdim. Çünki bir daha vurğulayım ki, Liviyanın 80 faizi səhralıqdır və bu əraziyə nəzarət etmək hələ qələbə qazanmaq demək deyil”.

Ekspert Rusiya, Türkiyə və İran xarici işlər nazirləri arasında keçiriləcək “Astana” görüşü barədə də danışıb:

“Bu gün Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin “Astana” formatında keçiriləcək görüşü ərəfəsində belə bir hadisənin olması çox maraqlıdır. Lakin düşünmürəm ki, bu hadisənin görüşə hansısa bir təsiri olsun. Ümumiyyətlə, belə bir görüş gözlənilirdi. Çünki yanvar ayında Türkiyə və Rusiya rəhbərlərinin Suriyada dislokasiya məsələsində razılığa gəlməsi bir növ İranın kənarda qalması ilə nəticələndi. İran bu məsələdən narazı idi. Düşünürəm, bu üçlüyün yenidən bir araya gəlib regionla bağlı müzakirə aparması müsbət haldır”.

Share: