Məhbus qadını

Dünən kədər dolu ,ağrı dolu bir gün keçirdim, elə istəmişdim yatım ayılmayım…yalvardım ilahiyə , dözmək üçün saxlayırsansa məni ,çevir başqa adam elə. Getməyə ondan başqa yerim yox idi sakitləşməyə…202 -li avtobusu göz yaşı içində getdim Biləcəriyə .

Getdim…soruşdum məni niyə param – parça etdin , niyə? Olmazdımı bərabər qocalaq, olmazdımı bizim də övladlarımız olsun , böyüdək hamı kimi , hamı kimi qocalaq? Olmazdımı mən də qoca yaşımı səndən qalan evimdə nəvələrimıə oynayaraq keçirim ? 


…Bir dəfə atam yüxuma girmişdi ,əslində atam öləndən 3 il sonrayacan hər gün özümdən asılı olmayaraq 8-ə 15 dəqıqə qalmış qəfildən göz yaşı içində yuxudan oyanırdım, atamın həyata göz yumruğu saatda ! Üç ildən sonra atam yüxuma girdi və hirslə yorğana üstündən ataraq -bax , görürsən sənin gözünün yaşından yerim su içindədi , yata bilmirəm -dedi . Get hələ tezdi geç gələrsən , bax ayağımın altında, orda yatarsan -dedi…o gündən sonra çox qəribədir daha o vaxtda yuxudan heç vaxt ayılmadım ağlar vəziyyətdə.
Həmişə düşünürdüm niyə atamın ayağı altda? Axı yoldaşım Bakılıdır yəqin uşaqlarımız olar , məni axı bu şeylərə görə Bakıda dəfn etməlidirlər , öləndə niyə axı kənddə? İki ildir anlayıram səbəbini… 23 il verdiyim ömür payıma baxmayaraq öləndə belə yanında yatmaq şansım olmayacaqmış ! Yüxuma girmişdü 4 gün qabaq…ilahi necə sevinirdim , bir evdə qonaq idik ,süfrə açılıb hamı yığışmışdı , onu gözləyirdilər və gəldi hamıyla görüşüb oturub, danışıb -gülməyə başladı. Mənim tərəfə heç baxmırdı da ,gözlərimi ondan çəkmədən qollarım ona sarılmaq üçün havadan asılıb qalmışdı ,sanki ölən o deyildi ruh mən idim . Məclis bitəndə birlikdə gedəcəyimizi ,nəhayət məni fərq edəcəyini zənn edib qapıda dayanıb onu gözləyirdim. Amma o məni yox yanındakı qadının boynuna qucaqlayaraq qonaqları yola salırdı . İçimdən doğranmış halda havalı kimi özümü qapıdan çölə atdım . Boynunu qucaqladığı adam, mən kirayədə qalaraq onu həbsdən qurtarmaq üçün etdiyim bank borclarını ödəyərkən, onun yanına gedib girdiyi və öləndə yanında olan qadın idi… mənsə onun qəbrini ziyarət edən bəlkə də yeganə unutmayan qadın !
Hər ağrılı çətin anımda qəbrinə gedib dərdləşib, ona sığınıb ,ondan güc alıb , sakitləşib geri dönən qadın…

Aida Adıgözəl
22.04.2020

Share: