Bir şəklin tarixçəsi: Qürbətin kədərli üzü – FOTO

Mühacirətdə çap olunan “İstiqlal” qəzetinin 10 fevral 1934-cü il tarixli, 52-ci sayında “Baş mühərririmiz 50 yaşında” başlıqlı xəbər dərc edilib. Xəbərdə yanvar ayının 31-də “Müsavat” firqəsi və Milli Azərbaycan Mərkəzinin rəisi, qəzetin baş redaktoru Məhəmmədəmin Rəsulzadənin 50 yaşını tamamladığı qeyd olunub.

Bu münasibətlə onun azərbaycanlı əqidədaşları ilə yanaşı, Şimali Qafqazdan, Gürcüstandan və İdil-Ural bölgəsindən olan dostlarının iştirakı ilə yığıncaq keçirilib, nitqlər söylənilib.

Dünyanın müxtəlif bölgələrindən təbrik məktubları alan M.Rəsulzadəyə istiqlal mübarizəsini uğurla başa vurması arzulanıb.

19 yaşında siyasi fəaliyyətə başlayan, 34 yaşında Azərbaycan Cümhuriyyətinin istiqlalını elan edən Məhəmmədəmin Rəsulzadə 50 yaşına çatdığı zaman artıq böyük mübarizə yolu keçmişdi. Həmin gün çəkilən fotoşəkillər arxivimizdə olmasa da, o dönəmə aid nadir şəkillərdən biri şəxsi kolleksiyamızda mövcuddur.

Bu fotoşəkil qrafik dizayner Rəsul Həsən tərəfindən rəngləndirilib və ictimaiyyətə təqdim edilib. Bu, Rəsul Həsənlə ortaq bir neçə işimizdən biridir.

Kiçik ölçüdə olan bu fotoşəkildə Rəsulzadə tək təsvir edilib. Böyük ehtimalla, bu şəkil hansısa vəsiqə üçün və ya jurnalda dərc etdirmək, yaxud xatirə məqsədilə çəkilib. Şəkildə Rəsulzadənin üzündə mühacirətin ağır əzabı, yurduna olan həsrəti açıq şəkildə görünür. Saçlarının kənarlarına düşən ağ, üzünə gələn qırışlar həm də ömrün qürubuna doğru ilk addımları atdığını göstərir.

M.Rəsulzadə bu illərdə Avropada fəaliyyət göstərirdi. 1930-cu ildə Türkiyədən ayrıldıqdan sonra Rumıniya, Polşa, Almaniya kimi dövlətlərdə istiqlal mübarizəsi aparıb, eləcə də, fasiləsiz şəkildə qəzet və jurnallar çap edib.

“Bildiriş”, “İstiqlal” qəzetləri və “Qurtuluş” jurnalı onun bu yaş dövründə çap etdiyi mətbu orqanlardır. Həmin illərdə M.Rəsulzadə Azərbaycan haqqında fransız, alman və polyak dillərində kitablar dərc etdirib, təmsil olunduğu “Prometey” cəmiyyətində tarix, ədəbiyyat və siyasi mübarizə ilə bağlı mühazirələr oxuyub.

M.Rəsulzadə 50 yaşında mühüm bir pakta da imza atıb. Belə ki, 1934-cü il iyulun 14-də Varşavada Qafqaz İstiqlal Komitəsinə daxil olan Azərbaycan, Gürcüstan və Şimali Qafqaz milli mərkəzlərinin nümayəndələri tərəfindən Qafqaz Konfederasiyası Paktı imzalanıb. Tərəflər onu Qafqaz Kreml əsarətindən azad edildikdən dərhal sonra yaratmağı öhdələrinə götürüblər.

Sənədi Azərbaycan adından M.Rəsulzadə və Ə.Topçubaşı, Gürcüstan adından N.Jordaniya və A.Çxenkeli, Şimali Qafqaz adından M.Q.Sunş, İ.Çulik və T.Şakman imzalayıblar. Bu sənəddə əsas məqsəd Qafqaz bolşevik işğalından azad edildikdən sonra bölgənin konfederasiya şəklində idarə olunması idi.

Paktın digər önəmli tərəfi o idi ki, mühacirətdə M.Rəsulzadə ilə Əlimərdan bəy Topçubaşı arasında olan fikir ayrılıqlarına son qoyulub, bu sənəd elə həmin il vəfat edəcək Topçubaşının Azərbaycan, Qafqaz və ümumiyyətlə, Rusiya müsəlmanları qarşısında son mühüm vəzifəsi olub.

M.Rəsulzadə polyak əsilli xanımı Leyla (əsl adı Vanda) ilə də bu illərdə tanış olub. Leyla xanım 1885-ci ildə Varşavada doğulub. Orada universiteti bitirib. Ruslarla mübarizə aparan məşhur polyak ailələrindən birinə mənsubdur.

M.Rəsulzadənin vəfatına qədər onun yanında olub, dəfnində iştirak edən yeganə qadın idi… Hər ikisi Ankarada Milli Kitabxanada çalışıb, birlikdə çəkilmiş bir neçə fotoşəkilləri günümüzə gəlib çatıb…(oxu.az)

Dilqəm Əhməd

Share: