“Əlini üz, atam oğlu, Bakı Şuşa doğan deyil…” – Famil Vaqifoğlunun şeirləri

 

Müstəqil.Az Famil Vaqifoğlunun şeirlərini təqdim edir:

 

********

 

Harda olsan ora yenə qürbətdi,
Vətən etdim ürəyimi sənə mən.
Tanrı yazan bu taleyi, bu bəxti,
Ürəyinə dərd eləmə, birdənəm.
Taleyimiz dəyişməyən yazıdı,
Qədərimiz ərş qatında gizlidi.
Çox istədik bu taleyi dəyişək,
Tanrı alıb onu bizdən gizlədi.
Ovutmadı gedə ağrı-acısı,
Tək yaşadıq bu ağrını, dərdi biz.
Bundan belə nə etəsək də dəyişməz,
Ömrümüzə bir kəfəndi dərdimiz…
***********
Qara xəbər gözümə,
Qara torun toxudu.
Cəbhədən əsən külək,
Yenə Şəhid qoxudu.
Yenə bu yer üzündən,
Allahın üzü döndü.
Yenə kasıb bir evin,
Ocağı, odu söndü.
Növbə – növbə düzüldü,
Yenə Şəhid karvanı.
Susma, cavab ver, Allah
Bəs mənim növbəm hanı?…
*********
Nə umursan bu şəhərin bulud-bulud göy üzündən,
Kükrəsə də, qaralsa da, bu göy üzü yağan deyil.
Bundan belə hər tərəfi behişt ola, cənnət ola,
Əlini üz, atam oğlu, Bakı Şuşa doğan deyil.
Lap sərt keçən fəsilləri bahar edib sala yola,
Sinəsində gül bitirə, yovşan ola, alaq ola.
Neçə – neçə küçəsində ‘İsa”adlı bulaq ola,
Əlini üz, atam oğlu, Bakı Şuşa doğan deyil.
Başı üstə duman çöküb, yağış yağıb, meh əsəndə,
At çapdığın yollarına “Cıdır” adlı düz desən də.
Daha belə doqquz ay yox, doqquz əsr gözləsən də,
Əlini üz, atam oğlu, Bakı Şuşa doğan deyil…
**********
Bağlamışam qəlbimin sənə açıq qapısın,
Sənə dönməyim deyə dəyişirəm özümü.
Hərdən üz-üzə gəlib,gözlərimə sataşan,
Baxışını gördükcə, qaçırıram gözümü,
Bir də səni sevməyim…
Hərdən də tək qalanda, xəyalınla baş – başa,
Durub tez iş görürəm, başım qarışsın deyə.
Bəzən elə olur ki, səndən gələn mesaja,
Baxmıram ki, sakitcə çəkilirəm təkliyə,
Bir də səni sevməyim…
Olur, bir də görürsən, bəzən xatırladıqca,
Harda səhfin olubsa, tez o düşür yadıma.
Hər nə günah etdinsə, hər nə suçun olubsa,
İnan, yenə çıxıram onu da öz adıma,
Bir də səni sevməyim…
Öldürürəm içimdə, sənə olan hissimi,
Gecə aydan gizlənib, gündüz gündən qaçıram.
Yaşadığım eləcə bu qaranlıq otaqda,
Qalxıb hər gecə yarı, göylərə əl açıram,
Bir də səni sevməyim….
İstəmirəm yenə də səni sevib aldanım,
İstəmirəm yenidən üzünü görüm daha.
Qorxuram ayrılıqdan, ona görə də hərdən,
Sən yadıma düşdükcə, yalvarıram Allaha,
Bir də səni sevməyim…
Famil Vaqifoğlu.
Müstəqil.Az
Share: