“Koroğlu” və “Cavad xan” filmlərinə görə ona “Xalq artisti” adı verilə bilərdi…

Yaşasaydı bu gün 66 yaşı tamam olacaqdı

Deyirlər ki, ömrü verən də uca yaradan özüdür, vaxtı çatarkən onu alan da. İnsan oğlu torpaqdan xəlq edildi elə sonda torpağa da qayıtmalıdır.

Ancaq elə şəxslər var ki, onların bu fani dünya ilə vidalaşması vaxtından və zamanından asılı olmayaraq hər an insanın qəlbini göynədir. Bu itginin ağırlığı qarşısında aciz olsan da həyat həqiqəti ilə barışmaq çətin olur. Sənətkar ömrü isə yaşanan illərlə deyil, görülən əməllərlə ölçülür.

Belə sənətkarlardan biri də özünə və sənətinə daim yüksək tələbkarlıq və məsuliyyətlə, yaradıcılıqla, həm də pərəstişkarlarına hörmətlə yanaşmağa üstünlük verən, 30-a qədər sənədli, tarixi və bədii filmin quruluşçu rejissoru olan Rovshan Almuradlı idi. Yaşasaydı bu gün 66 yaşı tamam olacaqdı.

Rövşən bəy öz xarakteri, həyat yolu və yaradıcılığı ilə sözün həqiqi mənasında xalq sevgisi qazandı. 40 ildən çox teatr və kino sənətinə, xalqa ləyaqətlə, vicdanla xidmət etsə də, onu çoxillik və məhsuldar aktyor və rejissor fəaliyyətinə görə təltif etmək, mükafatlandırmaq, fəxri ad vermək heç kəsin, o cümlədən Mədəniyyət Nazirliyinin fikrinə də gəlmədi. Halbu ki canı-qanı bahasına ərsəyə gətirdiyi “Koroğlu” və “Cavad xan” filmlərinə görə ona “Xalq artisti” adı verilə bilərdi və zamanında göstərilən bu diqqət bəlkə də böyük sənətkarın ömrünü uzadardı. Amma Rövşən Almuradlı zirvəsi bu gün bütün bu rəsmi titullardan yüksəkdədir! Ruhun şad olsun, böyük insan!

Samir Əsədli

Share: