Prezident karantin rejimini yumşaldır: Tapşırıq verildi

Karantin rejimi aprelin 20-nə qədər nəzərdə tutulurdu. Ancaq mütəxəssislərin vahid fikrinə görə karantin rejimi uzadılmalıdır. Hesab edirəm ki, bu, düzgün addım olacaq, çünki müsbət dinamika hələ ki, ilk təzahürlərini göstərməkdədir. Biz bu dinamikanı dayanıqlı etməliyik. Ona görə Operativ Qərargah yaxın vaxtlarda bu məsələ ilə bağlı məlumat verəcək. Karantin rejiminin uzadılması yeganə düzgün qərardır.

Müstəqil.az Axar.az-a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda çıxışı zamanı deyib.

“Statistikada müsbət dinamika olsa da, biz bundan sonra da vəziyyəti nəzarətdə saxlayacağıq. Görəcəyik ki, bu dinamika nə qədər çəkəcək, bu dinamika davamlıdır yoxsa yox. Və hansı əlavə tədbirlər görülməlidir”.

Prezident daha sonra karantin rejimi ilə bağlı nazirlərə tapşırıq verib:

“Nəzərə alsaq ki, karantin rejimi uzadılacaq. Karantin rejimindən çıxış da gərək bəri başdan planlaşdırılsın. Sizə də bu məsələ ilə bağlı müvafiq göstərişlər verirəm. Biz karantin rejimini mərhələli yollarla sərtləşdirmişdik. Bunun hansı formada olacağını gərək hökumət, nazirliklər işləsin, təkliflər versin. Yumşalma hansı sahələrdən başlamalıdır, biz indidən bunu planlaşdırmalıyıq. Çünki ümid edirəm ki, uzadılmış karantin rejimi dövründə müəyyən yumşalma istisna deyil. Amma yenə də biz addımlarımızı vəziyyətə uyğun şəkildə atmalıyıq.

Məni indiki vəziyyətlə bağlı ən çox narahat edən insanların sağlamlığıdır. Bizim həkimlər əllərindən gələni edirlər ki, insanlara köməklik göstərilsin. Səhiyyə sistemimiz böyük sınaq qarşısındadır. Səhiyyə sistemimizin çökməməsi onunla bağlıdır ki, xəstəliyin yayılma sürətini nəzarətdə saxlaya bildik”.

Share: