HƏYAT ÖZÜ BİR LƏTİFƏDİR, yaxud Koronavirusun folklor yaşantıları

Bilal ALARLI Hüseynov,
filologiya üzrə fəlsəfə doktoru

Qədim bir məsəl var, deyirlər, öz kədərinə gülən xalq böyük və mübariz xalqdır. Xalq öz kədərinə necə gülür? Bəlkə də qısa bir cavab bu sualı tamamlaya bilər: Xalq öz kədərinə bu kədər haqqında lətifələr yaratmaqla gülür!


Doğrudan da, lətifə böyük imkanları olan bir janrdır. Lətifə həm də həmişə canlı, diri, ölməz bir örnəkdir. Bunu mən demirəm, bunu lətifəni araşdıran folklorşünaslar deyirlər. Digər folklor örnəklərinə nisbətən daha operativ, daha fəal və əhatə dairəsi geniş olan folklor örnəkləri məhz lətifələrdir.
Tarixin müxtəlif mərhələlərində baş verən hadisələrə ilk reaksiyanı lətifə janrı vermişdir. Bəhlul Danəndə, Molla Nəsrəddin lətifələri dövrün ictimai-siyasi eybəcərliklərinə qarşı yaranmış örnəklərdir. Şəkinin gülüş xəzinəsi istər sovet dönəmində, istərsə də ondan əvvəl insanların məruz qaldıqları haqsızlıqlara cəsarətli etirazlarının nümunələri kimi meydana çıxmışdır. Hacı dayı obrazı xalq üçün vaxtında öz sözünü deməyə imkan vermişdir. Cənub bölgəsində Lotu Salman, Lotu Süleyman, Mirzə Bağı, Balaəmi komik obrazları, əslində, xalqın haqlı mübarizəsinin müdafiəçiləri qismində meydana çıxmışdır. Məsələn, Salmanla bağlı lətifələrdən birində deyilir ki, bölgənin tanınmış din xadimi Mirməmmədağa ona nəzir verib, bu nəziri kəndlərindəki ələbaxanlara çatdırmasını xahiş edir. Bir müddət sonra məlum olur ki, Lotu Salman nəziri aparıb kənd sovetinin sədrinə və kolxoz sədrinə verib. Mirməmmədağa bunun səbəbini soruşanda Lotu Salman deyir, kəndimizdə iki ələ baxan var, biri sovet sədri, o biri də kolxoz sədridir.
Lətifə həm də xalqın cəsarət simvoludur. Almaniyada Hitler haqqında, Fransada Napoleon haqqında söylənilən lətifələr həm də xalqa əsil həqiqəti görməyə və dərk etməyə şərait yaradır. Hələ sovet dönəmində hökumət rəhbərləri haqqında komik örnəklər yaranır və yayılırdı. Stalin haqqında olan lətifələr bunun ən bariz nümunələridir. İkinci Dünya Müharibəsindən sonrakı müddətdə Sovetlər Birliyində bəzi bölgələrdə hətta aclıq oldu, taxıl, şəkər, yağ kimi mühüm ərzaq məhsulları çatışmadı. Xruşşovun vaxtında aclıqdan tez çıxmaq üçün ildə iki dəfə qarğıdalı əkildi, adamlar qarğıdalı çörəyinin ümidinə qaldılar. Dövlət bu faktı gizlətsə də, lətifələr yaranmış vəziyyəti, baş verən olayları dünyaya faş elədi. Belə örnəklərin bir qismi Çernobıl qəzası ilə bağlı yaranmışdır və həmin lətifələr elə sovet dönəmində Rusiyada kütləvi tirajla çap olunub yayılmışdır.
Bu kiçik girişdən sonra əsas məsələ mətləbin üstünə gəlməkdir. Dünyanı vahiməyə salan Koronavirusla bağlı çoxlu folklor örnəkləri meydana çıxmışdır. Xalq öz gülüşünü müxtəlif şəkillərdə ifadə edir. Əlbəttə, lətifələrlə yanaşı, digər folklor nümunələri də yaranır. Sözümə-söhbətimə elə “digərlərdən” başlamaq istəyirəm. Azərbaycan televiziya kanallarından birində karantin dövrünün tələblərinə uyğun olan “Evdə qal” adlı reklam və çağırış xarakterli bir meyxana söylənildi, hətta bu meyxana karantin şəraitində yaşayan və işləyən digər xalqlarda, o cümlədən Türkiyədə də maraq oyatdı. Əslində, bu meyxana Azərbaycan xalqına çağıırışdır:

İndi təhlükədədi hər yan, evdə qal,
Özünü qoru, Azərbaycan, evdə qal!

Belə meyxanalar bölgələrddə də yaranır və müasir informasiyanın imkanlarından istifadə olunaraq, bütün ölkəyə yayılır. Cəlilabad meyxanıçılarının Koronavirusla bağlı söylədikləri meyxana da bu qəbildəndir:

Ay Korona, Korona,
Gəlmə bizim rayona.
Gəlib peşman olarsan,
Özüvü dərdə salarsan.
Əzəldən olduq abad,
Dözümlüdür Cəlilabad!
Bekara çəkmə əziyyət,
Sənə yıxılmaz bu millət!

Bu folklor nümunəsi video şəklində internet imkanı olan telefonlar vasitəsilə bütün ölkəni dolaşdı.
Bayatı şəklində yaranan və daha tez əzbərlənib yadda qalan folklor nümunələri gerçəkliyi əks etdirmək baxımından maraq doğurur. Folklorun bu qədim janrı həm də yarandığı və tərənnüm etdiyi zamanın folklor örnəyidir. Bayatı janrı onu söyləyənlərə imkan verir ki, baş verən fəlakətə müxtəlif aspektlərdən yanaşa bilsinlər, yəni ziyanını, fəsadını, təhlükəsini sözün gücü ilə göstərə bilsinlər:

Ay Korona, Korona,
Evin qalsın virana!
Bizdən uzaq gəz dolan,
And verirəm Qurana.

Erkəksən, dişisəsn, sən?
Qadınsan, kişisən sən?
Bəndə bilən iş deyil,
Tanrılar işisən sən!

Adın virus qoyublar,
Bəd olduğun duyublar.
Dünya baxar kor olub,
Gözlərini oyublar.

Azərrbaycan folklorunda sicilləmə deyilən janr var, buna bəzi bölgələrdə uzunnama, düzgü, təkərləmə də deyirlər. Qafiyələnməsi məsnəvi şəklində olur, hər misra özündən sonrakı misra ilə həmahəngdir. Buna görə də bu janrda hər hansı bir hadisəyə münasibət bildirmək asandır. Bu janr Koronavirusdan da yan keçmədi:

Ay Korona, Korona,
Gəlmə bizim rayona,
Bizim rayon dağ yeri,
Dalında şallaq yeri.
Görürsən, halımız pis,
Yarı gic, yarı da xəbis!
Şikəst olub qalmışıq,
Dərdə meyil salmışıq.
Bizə virus neyləyər?
Bağır başı teyləyər.

Ay Korona, Korona,
Gəlmə bizim rayona.
Gəlib dərdə düşərsən,
Düşüb isti bişərsən.
Çəkdiyimiz az deyil,
Günlərimiz saz deyil.
Can istədin, can verək,
Qan istədin, qan verək.
Ölüm olsun, Korona,
Səni bizə vurana!

Baş verən hadisələrə, tandemiyaya, pnevmaniyaya, qripə ən fəal münasibət bildirən janrlardan biri yumorlu deyimlərdir. Deyim söyləmələrin bir növü olan qəlib ifadələrə daxildir. Nitq etiketləri və ata sözləri də qəlib ifadələr sayılır. Deyimlərin növlərinə söyüş ifadələri, aqro sözlər və salamlaşma etiketləri daxildir. Qısa, yumorlu deyimlər isə mövcud duruma fəal və operativ münasibət bildirən folklor örnəkləridir. Karantin dövrü üçün işləməyən əhaliyə maddi dəstək göstərmək məqsədilə dövlət tərəfindən müəyyən məbləğdə pul ayrıldı, bu pulu əldə etmək üçün şərtlər mövcud olduğundan hamı bəhrələnə bilmədi. Folklorşünas Pərixanım Muradova el arasında bu mövzu ilə bağlı gəzən bir yumorlu deyimi sosial şəbəkədə paylaşıb. Deyim belədir:
-Sənin başın işləyir?
-Əlbəttə işləyir.
-Deməli, sizdə işləyən var. Onda sizə pul düşmür.
Yenə Pərixanım Muradovanın sosial şəbəkədə yayımladığı yumorlu bir deyimi nümunə gətirirəm: “Bir qız deyir, vaxtında ailəm məni qoymadı heç yerə gedəm! Dedilər, evdə qal! İndi də dünya deyir, evdə qal. Qırx ildi evdə qalmışam, daha nə qədər qalım?!” Deyim bununla bitmir. Pərixanım Muradova yazır: “Qız qaldı kənarda, rəy yazanlar mənə təsəlli verdilər ki, darıxma gedərsən, ay nə bilim, bəxtin açılar və sair. Diqqətlə oxumamışdılar, elə bilmişdilər, evdə qalan mənəm. Halbuki, mənim ailəm də var, şükür Allaha, övladım da, nəvəm də. Paylaşıma görə peşman oldum və gül kimi yazını sildim”.
Çinarə Ömüray yazır ki, səhər işə gedirdim, “postda” polis saxladı. Əvvəl xidməti vəsiqəmdəki şəklimə baxdı, sonra masqanı çıxartdım, otuz saniyə romantik-romantik baxışdıq. Qəfil arxadaki KAMaz sürücüsü nə təhər siqnal verdisə, ikimiz də dik atıldıq, üzgün-üzgün: “Artıq get” dedi. İstədim dirənəm: “Əsla, səni burda qoyub getməyəcəm”. Gördüm, yox e, bu KAMaz sürücüsü imkan verməyəcək, çıxıb getdim.
Masqa ilə bağlı başqa birisi yazır ki, kənddən zəng eləmişdilər, vəziyyətlə maraqlandım, dedilər, kənddə bir dənə masqa var, o da qaynaqçıdadı.
Rəşad Məcid social şəbəkədə yazır ki, Koronovirus hayının tüğyan etdiyi vaxtlarda bir nəfər həkimə gedir. Həkim soruşur, dərdin nədir? Xəstə deyir, bəs prostatımda problem var, onunla bağlı gəlmişəm. Həkim əsəbləşir: “Rəhmətliyin oğlu, prostat vaxtıdır? Görmürsən, camaat nə haydadır?!”
Social şəbəkədə bir nəfər yazır: “SMS yazıb, iki saatlıq şəhərə şıxmışam ki, aptekdən masqa və spirt alım, hansı aptekə dəydim, dedilər, yoxdu, dedim, onda iki kilo kartof, bir kilo da ət çəkin”. Belə deyimlərdən birini də mən eşidib social şəbəkədə paylaşmışam: “İndi inanıram ki, dünya bir neçə dəfə dolub-boşalıb, çünki dolanlar dinc oturmur boşalana qədər”. Bir dəfə isə sosial şəbəkədə Koronavirusun əlamətlərini yazdım: “Əvvəl adi qrip əlaməti, sonra sinə göynərtisi, istilik və başağrı… sonda nəfəs çatışmazlığı! Tanrı qorusun!” Dostlarım da elə bilmişdilər, mən xəstəliyə yoluxmuşam, yazmışdılar, Allah şəfa versin! Bir deyim də yazım, amma müdrik deyimdir: “Tanrı ələyir dünyanı, kasıb kəfən qazanır, varlı malını itirir, üzr istəyirəm, canını itirir, çünki varı elə onun canıdır”.
Dünyanı vahiməyə salan və kütləvi insan tələfatına səbəb olan pandemiyaya qarşı ən kəskin mövqeyi, həmişə olduğu kimi, yenə də lətifə janrı nümayiş etdirir. İsmayıl Məmmədovun “Facebook” sosial şəbəkəsindəki “Lətifələr” səhifəsi üçün ayrı-ayrı şəxslərdən aldığı folklor nümunələri günümüzün reallığını əks etdirmək baxımından olduqca maraqlıdır. Onun təqdim etdiyi lətifələrdən biri son olaylarla səsləşir: “Həkim uzun sürən əməliyyatdan sonra bayıra çıxır və bu zaman bir kişi həyəcanla ona yaxınlaşır:
-Doktor, əməliyyat necə keçdi? Arvadım yaşayacaq?
Həkim kişini sakitləşdirərək deyir:
-Narahat olmayın, yaşayacaq. Ancaq bir məsələ var ki, arvadınızın yataqdan qalxması uzun illər çəkəcək. Bu müddəti gərək siz onun yanında olasınız.
Kişi qaşlarını çatır. Həkim sözünə davam edir:
-Hə bir də, yoldaşınız hərəkət qabiliyyətini itirib. Onun dərmanlarını gündə üç dəfə siz verməlisiniz, həmçinin yeməyini yedizdirməli, bütün ehtiyaclarını qarşılamalısınız.
Kişinin gözünə qaranlıq çökür, nəfəsi daralır. Həkim sözünə davam edir:
-Resepti yazmışam, dərmanlar kifayət qədər bahadır. Vaxtı-vaxtında qəbul etməsi lazımdır.
Həkim görür ki, kişi ürəyini tutub, gülümsünərək deyir:
-Əşşi, zarafat edirəm. Öldü!”
Karantin müddəti bitəcək, Koronavirus vahiməsi ötəcək, həyat normal ritminə düşəcək, amma bu vurhavurda yaranan folklor örnəkləri əbədiyyət qazanacaq, gələcək nəsillərə ibrət dərsi keçəcək, çətin məqamlar üçün yaşam iradəsi, dözüm və mətanət bəxş edəcək.

1.Xəstəliyi kim keçirir?

Karantinə alınmış ərlə arvad mübahisə edirlər. Kişi deyir:
-Mənə sən keçirtdin, arvad, sən, sən!..
Arvad deyir:
-Sən mənə keçirtdin, rəhmətliyin oğlu, məndə keçirtməli şey var?!

2.Bayıra çıxmaq olmaz

Televiziyada Koronovirus xəstəliyinin yayılması ilə bağlı qadağaları elan edirlər. Qulağı zəif eşidən, danışanları yaxşı anlamayan Qoca nəvələrindən soruşur:
-O nə deyir, bala?
Nəvələri Qocaya qadağanın şərtlərini ucadan izah edirlər:
-Baba, deyir, heç kim bayıra çıxmasın.
Qoca deyir:
-Bə, bala, bayıra çıxmasam, içimdəki məni öldürər! Yediklərimi necə boşaldacağam?

3.Masqa

Arvad ərini məcbur edir ki, masqa alsın.
Kişi qayıdır ki, masqanı neynirsən, sən elə masqasız da masqalanmağı bacarırsan. Otuz ildir bir yerdə yaşayırıq, hələ də əsil sifətini görə bilmirəm.

4.Əsil sima

Social şəbəkələrdə ittihamlar baş alıb gedir. İqtidar nümayəndələri deyirlər, müxalifət masqalanıb, müxalifət nümayəndələri deyirlər, iqtidar nümayəndələri masqalanıb. Bu arada Koronavirusla əlaqədar apteklərdən masqalar yoxa çıxır. İqtidar nümayəndələri hansı yollasa masqa əldə edirlər, müxalifət nümayəndələri masqasız qalırlar.
İqtidar nümayəndələri ittihamı gücləndirirlər: “Müxalifətin əsli siması üzə çıxdı!”

5.Adam öləndə xəbər elər

Koronavirusla bağlı qadağalardan sonra yas mərasimləri keçirmək yasaqlanır, ölənləri ailələri özləri dəfn edirlər. Xəstəlik havası sovuşandan sonra adamlar küçəyə çıxırlar, tanışların, qohumların arasında çoxunu görmürlər. Təəccüblə bir-birindən soruşurlar:
-Filankəs gözə dəymir?
-Öldü.
-Bəs filankəs hanı?
-O da öldü.
-Bəhmənkəs necə oldu?
-Onu da basdırdılar.
Beləcə bir xeyli adamın öldüyü məlum olur. Evdən bayıra təzə-təzə çıxanlardan biri deyir:
-Zalım uşağı, adam öləndə xəbər elər də!

6.Təziyə tutulmasa, ehsan da olmayacaq

Biri Molladan soruşur ki, bəs Koronavirusdan ölənləri neynirlər? Molla deyir ki, yandırırlar. Söz soruşan rahat nəfəs alıb deyir:
-Nə yaxşı! Öləndən sonra leş olub iy verməkdən kabab kimi yanıb qızarmaq yaxşıdı.
Molla deyir:
-Öləndən sonra məni dəfn edəcəklər, etməyəcəklər, bunun əhəmiyyəti yoxdu. Deginən, bizim bazarımız bağlandı, təziyə tutulmasa, ehsan olmayacaq.

7.Birini-ikisini tutaydın da, on doqquzunu neynirsən axı?

Zərri nənənin nəvəsi Koronavirusa yoluxur. Nənə görür, yemək vaxtlarında nəvəsinin biri süfrəyə oturmur. Soruşur, bəs bu nəvə hardadı? Deyirlər, Koronavirus tutub. Nənə söhbətin nədən getdiyini başa düşmür. Bir də soruşanda deyirlər, “COVİD 19” tutub.
Bir azdan xəstəxanada olan nəvə ilə telefon əlaqəsi qururlar, verirlər nənəyə ki, sən də danış. Nənə deyir:
-Bala, Covidin on doqquzunu neynirsən axı, birini-ikisini tutaydın da, yükün ağır olmazdı, vaxtında özünü evə çatdırardın.

8.Yaşmaq əhvalatı

Koronavirus vahiməsindən evdə qalıb hər gün fikrə dalan birisindən soruşurlar:
-Niyə dinib-danışmırsan?
Deyir, keçmişi araşdırıram.
Deyirlər, keçmişin nəyini araşdırırsan?
Deyir:
-Kütləvi xəstəliklərin keçmişdə az yayılmasının səbəbini araşdırıram. İndi başa düşürəm ki, arvadları niyə yaşmaqda gəzməyə məcbur edirmişlər?!

9.Lələgiryan

Biri götürüb maşınını satır, puluna yeyib-içir. Çatana da deyir, hamımız qırılacağıq, bizə yeyib-içmək qalacaq.
Bir ay keçir, kişinin pulu bitir, çəkilib evdə oturur, çölə-bayıra çıxmır. Soruşurlar, niyə bayıra çıxmırsan?
Deyir:
-Pulum yoxdu, maşını satdım yedim, dedim, Koronavirus tutub ölərəm, maşın ortalıqda qalar. İndi özüm qalmışam ortalıqda lələgiryan, Koronavirus köpək oğlu da gəlib çıxmır.

Folklorsevərlərə xalq yaradıcılığı örnəklərindən bir neçə nümunə təqdim etdim. Hələ belə nümunələr yaranmaqdadır. Əgər vaxtında yazıya alınsa, folklorumuz bir qədər də zənginləşər. Sonda onu da deyim ki, tarixi hadisələri sözlü mədəniyyət örnəyi olaraq folklor qədər canlı şəkildə yaşadan ikinci bir mənbə yoxdur.

 

Share: