İrəvanda xaos: Bizi əsl fəlakət gözləyir – Akopyan

Ermənistan hakimiyyəti harada olduğu və hara getmək istədiyi barədə sistemli anlayışa sahib deyil.

Müstəqil.Az xəbər verir ki, bu sözləri erməni mediasına müsahibəsində polittexnoloq Vigen Akopyan deyib.

O bildirib ki, hakimiyyət nəsə etmək istəyir, qabaqlayıcı tədbir görməyə çalışır, amma hazırda situasiya mövcud siyasi kursun əleyhinədir.

Akopyanın sözlərinə görə, ölkədə fövqəladə vəziyyət elan edilib, karantin var, amma vəziyyətə nəzarət mümkün olmur:

“İstər insanları evdə saxla, istər saxlama, fərqi yoxdur, bu, anlaşılmaz hibrid vəziyyətdir. Sistemli mexanizmin olmadığına məmurların açıqlamaları da şahidlik edir. Paşinyan bir söz deyir, komendant başqa söz; səhiyyə naziri isə bir ay öncə tam başqa tərəfdə idi, indi əksinədir və ümumiyyətlə, o, nə vaxt adekvat olub ki!”

Akopyan hazırda hakimiyyətin reytinqinin düşəcəyini, yoxsa qalxacağını bilmədiyini də vurğulayıb:

“Bu, bizim itkilərimizdən asılıdır. Bir şey aydındır ki, biz itirəcəyik. Biz hələ ən ciddi krizisi hiss etməmişik. Mən o fikirlə tam razıyam ki, bizi qarşıda əsl iqtisadi fəlakət gözləyir”.

Müstəqil.Az

Share: