Dost diyar Tatarıstan – Xalq yazıçısı Anarın yol qeydləri

ANAR
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

Tatarıstanın paytaxtı Qazanla və ümumiyyətlə, bu dost diyarla bir neçə qiyabi və əyani görüşlərim olub. Tatarstanla təmaslarıma aid işlətdiyim “qiyabi” və “əyani” sözlərini bir qədər sonra izah edəcəm.

1951-ci ilin yayında valideynlərim və bacılarımla birlikdə Volqa boyu gəmiylə səfərə çıxmışdıq. Moskvadan Həştərxana qədər üzən gəmi müxtəlif sahil şəhərlərində dayanır və sərnişinlər bir neçə saat ərzində bu şəhərləri gəzirdilər. Stalinqrad, Ulyanovskla bir sırada yadımda qalan şəhərlərdən biri də Qazan oldu.

Gəmimizin adı “Mollanur Vahidov” idi. Çox-çox sonralar bildim ki, Mollanur Vahidov (1885-1918) ilk tatar kommunistlərindən olub, romantik ruhlu bir inqilabçı imiş və Rusiyada vətəndaş müharibəsi illərində çexlərə əsir düşüb, güllələnib. Əksinqilabçı çexlər tərəfindən “vaxtında” güllələnən Vahidovu sovet tarixi və təbliğatı yeganə tatar inqilabçısı kimi qələmə verərək, Qazanda heykəlini ucaltmışdı. Mollanurun dostu və silahdaşı, onun kimi romantik kommunist olan Mirseyid Sultanqaliyevi isə, Vahidovun edamından iyirmi il sonra Stalin rejimi millətçi və pantürkist ittihamıyla güllələdi. XX əsrin ikinci yarısında “Üçüncü dünya”, yaxud da milli ruhlu sol hərəkat anlayışlarının ideya banilərindən biri M.Sultanqaliyev sayılır. Bu qeyri-adi insanın taleyi mənim maraqlandırdığı üçün ona “Yaşamaq haqqı” kitabımda “Meteor” adlı bir fəsil ayırdım. Bu fəsil üzərində işlərkən Türkiyədə çıxan bir neçə kitabla – elə M.Sultanqaliyevin özünün “Bütün əsərləri” adlı məqalələr toplusuyla, Halit Kakınçın “Sultanqaliyev və Milli kommunizm”, Oğuz Şaban Dumanın “Doğu-Bati meselesi və Sultanqaliyev” araşdırmalarıyla, tatar yazıçısı Renat Mühəmmədinin “Sirat körpüsü. Sultanqaliyev” romanıyla tanış oldum. Bir vaxtlar Tatarıstan Yazıçılar İttifaqının sədri olmuş, indi Moskvada yaşayan və işləyən Renat Mühəmmədiylə dəfələrlə Türkiyədə görüşmüşdük. Türkiyədə görüşlərimizin birində mənə kitabını hədiyyə etmişdi və bəlkə tatar inqilabçısına marağım da elə bu kitabdan başladı. Keçən il Qazanda görüşümüzdə “Meteor” məqaləsini rus dilində Renata verdim. Bir ay sonra, Moskvada onun redaktəsiylə iki dildə çıxan “Tatarskiy mir – Tatar dünyası” qəzetini mənə göndərdi. Qəzetdə yazım “Meteorlar” adıyla basılmışdı və Sultanqaliyevlə Nəriman Nərimanovun şəkilləri verilmişdi.

1951-ci ildə yeniyetməlik yaşımda Qazanla bu ilk “əyani” tanışlığımdan çox illər sonra bu şəhərlə “qiyabi” tanışlığım baş tutdu. 1980-ci ildə Qazanda Qalıəsgər Kamal adına Dövlət Akademik Teatrında “Şəhərin yay günləri” pyesim tamaşaya qoyulmuşdu. Azərbacanlı rejissor Əflatun Nemətzadənin qurduğu və tatar mətbuatında yüksək dəyərləndirilən bu tamaşanı təəssüf ki, özüm görə bilmədim. Amma tamaşanın afişası mənə göndəriləndə həm sevindim, həm kədərləndim. Sevindim ki, əsərim qardaş xalqın səhnəsində uğurla tamaşaya qoyulub. Kədərləndim ki, afişanın dili bu gündədir: “Üçüncü zvonokdan sonra zala vxodit zapreşat bolunur”. Aman Allah, görəsən, pyesim də belə bir dildəmi çevrilib? Məni sakitləşdirdilər ki, hər halda yazıçıların əlindən çıxan mətnlərdə tatar dilinin təmizliyi mümkün qədər qorunur. Mənim gözümü qorxudan isə, yarı gerçək, yarı “bəzəmə” bir anekdot idi. Guya ki, Qazan radiosunun verilişi belə səslənirmiş: “Kazanın uçrejdenye və predpriyatiylarinda raboçi və rabotnistsaların zarabotnı platkası çox niskidir”.

Yəqin bu şişirtmədir, amma afişanın dili də təxminən elə beləydi.

Bu haşiyənin bura salınmasının səbəbi odur ki, 2004-cü ilin iyun ayında “Avropa şəhərlərinin dünyəvi irsi” adlı konfransda iştirak etməkçün Qazana gəldiyimiz zaman müxtəlif rəsmi tədbirlərdə saf və duru tatar dilini eşitdiyimi məmnuniyyətlə qeyd edim.

Tatarıstanla ikinci əyani tanışlığım bu Konfransda baş verdi. Konfrans Qazan şəhərinin 1000 illiyi ərəfəsində keçirilirdi. Moskvadan Tatarıstan Hava yollarıyla uçan təyyarəmizdə Azərbaycan tarixçiləri Nuşirəvan Məhərrəmli, Cəfər Cəfərovla bərabər, türkiyəli dostlarımız da vardı. İlk dəfə bu səfərdə tanış olduğum və Qazanda keçirdiyimiz günlərdə daim bir yerdə olduğum bu gənc tarixçilər mənə xoş təsir bağışladılar. Bir neçə ildən sonra hər ikisi məsul vəzifələrə yüksəldilər: Nuşirəvan Televiziya Şurasının rəhbəri, Cəfər Pedaoqoji Universitetin rektoru oldu.

O günlər yazdığım gündəlikdən:

“Qazana yaxınlaşdıqca uçaq pəncərəsindən Tatarıstanın yamyaşıl meşələri, otlaqları, Volqa – İdil çayı, göllər, ada və adalarda evlər aydın görünür.

Səmalardan yerə enərkən elə hava limanındaca əski SSRİ-yə düşürük: Dinamikdən amiranə tərzdə göstərişlər verilir və qadağalar bəyan olunur.

Pasport kontrolunda uzun-uzadı növbə… Pasportçu zabitin başı üstündə plakat: “Pasportçuya pul (oxu: rüşvət – A.), ya hədiyyə vermək qadağandır. Cəzası qanuna görə”. Yaxşı ki, tutalım, “sərhəddi şalvarsız keçmək”, yaxud “qarmon çalmaq” yasağı qoymayıblar.

“Novinka” mehmanxanasına yerləşdirirlər bizi. Üç ulduzlu oteldir, təzə açılıb. Necə deyərlər, siftəsini biz eləyirik. Qazanın Arbatı sayılan Bauman küçəsində nahara aparırlar. Bələdçimiz Aygül adlı qız mənə yanaşır, sizi tanıyıram deyir, Fuad Qalimulin mənim müəllimim olub, (Fuad Qalimulin o vaxt Tatarıstan Yazıçılar İttifaqının sədri idi).

Aygül üç il İstanbulda litseydə oxuyub, Türkiyə türkcəsində yaxşı danışır. Yolda bizə Qazanın tarixi haqqında məlumat verir, “Keçmişini unudan xalqın gələcəyi yoxdur” – deyir.

Aygülün danışdıqlarına əlavə olaraq, sonralar alıb oxuduğum kitablardan Qazanın tarixinə dair daha geniş məlumat aldım. Çağdaş tatar tarixçisi Vahid İmamov “Zaprətannaə istoriə tatar” (“Tatarların gizlədilmiş tarixi”) kitabında yazır:

“1552-ci ci il oktyabrın 15-i tatar tarixinin ən qara, ən faciəvi günüdür. 41 gün çəkən dirənişdən, müqavimətdən sonra Qorxunc İvanın (İvan Qroznının) 150 minlik ordusu Qazan xanlığını tarmar etdi, şəhərin 30 min müdafiəçisi qılıncdan keçirildi”.

V.İmamov qeyd edir ki, ötən illərdə M.Xudyakov və Qumilyovdan başqa bir rus, ya tatar alimində bu bərədə həqiqəti yazmağa cəsarət tapılmadı. O da maraqlıdır ki, İvan Qroznı Mamay xanın nəslindəndir, nəticəsidir.

Rus tarixçisi M.Xudyakov “Oçerki po istorii Kazanskoqo xanstva” (“Qazan xanlığının tarixi üzrə oçerkləri”) kitabında yazır:

“Tək bir Yadigar xandan başqa, Qazanın bütün kişi əhalisini qırdılar. Xeyli qadın da öldürüldü, sağ qalanları isə, Çar əsgərlərinə peşkəş verdi. Rus qoşunları şəhərə girən kimi qarətlər başlandı, evlər yağmalandı, yandırıldı, küçələr meyitlərlə doldu, qan sel kimi axdı. Fəth olunmuş Qazanda dəhşətli qırğın – rus tarixinin ən müdhiş səhifələrindəndir. Qazan xanlığına qarşı bu Səlib yürüşüylə Rus dövlətinin ərazi fəthləri başlandı”.

Çar Rusiyasının siyasəti yalnız müxtəlif xalqları tabeliyində saxlamaq deyildi, həm də onları bir-birindən ayırmaqdı. “Ayır, buyur!”, yaxud “Parçala hökm et!” metoduyla bir-birinə ən yaxın olan xalqların – tatarlarla başqırların arasına nifaq salmağa çalışırdılar. Hətta 1736-cı ildə imperatritsa Anna İoanovna tatarlarla başqırların bir-biriylə evlənməsini qadağan edən fərman vermişdi.

Tatarıstanda son illərdə yazılmış kitablarda bu xalqın tarixi eramızın 7-ci əsrinə qədər uzanır. Xatırlanır ki, Orxon yazılarında “otuz tatar” və “doqquz tatar” qəbilə birləşmələrinin adları keçir. Müasir tatar tarixçiləri əcdadları sırasında həm Orxon yazılarında adı keçənləri, həm də Volqa ətrafındakı qədim Bulqar dövlətini sayırlar.

İngilis sinoloqu (çinşünası) E.X.Parker tatar xalqının tarixini min il də əvvələ çəkdi. “Tatarlar tarixinin min ili” kitabında Parker tatar etnonimini eramızdan əvvəl 209-cu ilə aid edir. Hun sərkərdəsi Modenin (Metenin) çincə adı Maodunu türk və çin dil qanunlarından çıxış edərək – Bahadur kimi mənalandırır. Onun da ləqəbi “jan iyase” imiş, yəni bizim dildə “Can yiyəsi”!

Bulqar dövlətinin varisləri bir neçə xanlıqlara bölünmüş türk-tatar xalqlarıdır. Tatarların Qazan xanlığından başqa, Krım xanlığı, Həştərxan xanlığı, Qasım xanlığı, Sibir xanlığı olub. Tatarlar İslam dinini 922-ci ildə qəbul etsələr də, 1552-ci ildən sonra məcburi, ya könüllü şəkildə bir qismi xaçpərəst olublar – “krehennıe tatarı” …Küll halında tatarlar nə qədərdir? Alimlərin rəyincə, 1552-ci ildə Qazanın fəthinə qədər ruslarla tatarların sayı bərabər olub.

Böyük tatar şairi Qabdulla Tukayın sözlərinə görə, XX əsrin onuncu illərində tatarların sayı 15 milyon imiş.

1992-ci ildə “Sobesednik” qəzeti yazırdı ki, demoqrafların fikrincə, xalis tatarların, ruslaşmış tatarların və təxminən qırx faiz qarışıq etnik ailə qurmuş tatarların (yəni ər tatar arvad rus, ya tərsinə) ümumi sayı 45 milyona yaxındır. Həmin il “Suverenitet” qəzetində akademik Abrar Karimullin keçmiş Sovet İttifaqında tatarların ən azı 20 milyon olduqlarını iddia edirdi. Nə yazıq ki, 1988-ci ilin məlumatına görə, 1 milyon 380 000 tatar öz doğma dilini bilmir.

Qazana 2004-cü il səfərimizdə vəziyyətin get-gedə dəyişdiyinin, əhalidə ana dilinə həvəsin artmasının, tatarcanın işlənməsi sahələrinin xeyli genişləndiyinin şahidi olduq.

Bu məsələdə Tatarıstanın o vaxtkı Prezidenti Mirtemir Şaymiyevin yaxşı düşünülmüş və tədbirli siyasəti həlledici rol oynayıb.

M.Şaymiyevin qarşısına çıxan çətinliklər və onları dəf etməsi haqqında söhbətə keçməzdən əvvəl, yenidən 2004-cü il səfərimin gündəliyinə müraciət edirəm:

“Görünür, Tatarıstanda milli oyanış müəyyən dərəcədə dini zəminlə bağlanır. Məşhur Qazan Kremli ərazisində (Şaymiyevin iqamətgahı da burdadır) İvan Qroznı Qazan xanlarının saraylarını və məscidləri uçurub kilsələr tikdirib. İndi Qazan Kremlində bu əzəmətli kilsə də durur, amma onun yanında eyni boyda möhtəşəm Qul Şərif (Qul Şərif bu məscidin sonuncu imamı olub) məscidi də tikilib (Daha doğrusu, əvvəlki görkəmində bərpa olunub). Ümumiyyətlə, şəhərdə 50-dən çox məscid bərpa edilib və fəaliyyət göstərir. Qorxunc İvan məscidləri uçururdusa, sovet rejimi daha “praktik” hərəkət edirdi: məscidlərin mehrabını tualetə çevirirdi. İndi bu ağılsız siyasət xalqın inamlarına ehtiramla yanaşan davranışla əvəz olunur.

Dinlər arasında müvazinəti təsdiq etmək naminə kölgədə qalmış, ya uçurulmuş müsəlman abidələri canlandırılır.

Əgər Qorxunc İvan bir adada Qazanın fəthi zamanı həlak olmuş əsgərlərinin xatirəsinə kilsə tikdirmişdisə, indi başqa bir adada şəhərin müdafiəsi zamanı qırılan şəhidlərin şərəfinə məscid ucaldılır. Qazan Kremlində kilsənin başında xaç, Məscidin üstündə aypara, rəsmi binalardan birinin damında isə, Qızıl ulduz görünür.

Suin Bikə qülləsi bizim Qız qalası kimi əfsanəylə bağlıdır. Sonuncu Qazan xanının arvadı Suin Bikeni Qorxunc İvan almaq istəyib. Qadın şərt qoyur ki, yüksək bir qüllə ucaldılsın. Qüllə hazır olanda onun təpəsindən özünü atır. Bu ancaq əfsanədir, əslində, Suin Bikəni Qorxunc İvan Moskvaya aparıb və qadın öz əcəliylə ölüb. İndi bu qüllə eynən İtaliyadakı Piza qülləsi kimi əyilməkdədir.

İyunun 17-də səhər 10-da Piramidada rəsmi tədbir başladı. Tədbirdə Prezident Mirtemir Şaymiyev, Qazanın meri Kamil İshakov iştirak edirdilər. Mən prezidumdaydım. Çıxış etdim, Qazanı “1000 yaşlı cavan” adlandırdım. Bu ifadə Şaymiyevin çox xoşuna gəlmişdi. Xarici qonaqlar şəhəri tərifləyəndə merin xidmətlərini xüsusi vurğulayırdılar. Düşündüm ki, bu, ona baha başa gələ bilər. İshakov axşam banketə gəlməmişdi, dedilər xəstələnib. Amma banketdə yenə onu tərifləyirdilər, Şaymiyev yada düşmürdü. Deyirlər mer həm də yaxşı rəqs edir, oxuyur, şeir deyir. Rəhbər işçilərin hamısı səlis rus dilində danışırlar.

Tatar professional musiqisinin banisi Sadık Saylanov adına böyük konsert salonunda mahir musiqiçilərin ifasında Bax, Qlinka, Verdi, Ştraus, Dunayevski… Rus və tatar mahnıları, rəqsləri – tam bir paritet. Qonaqlar arasında Türkiyədən Çalıquşu rolunun ifaçısı, məşhur aktrisa Aydan Şener də var. Tanış olduq. Banketdə oxudu, rəqs etdi. Türkiyədən Nevval xanım Sevindik də gəlib. Mənimlə “Ağ qoç, qara qoç” povestimlə bağlı söhbət apardı. Konfransın son günü Azərbaycan Yazıçılar Birliyi adından Qazanın meri Kamil İshakovla anlaşma imzaladıq.

Küçələrdə, Meydanlarda yazılar iki dövlət dilindədir – tatarca və rusca. Küçələrin adları hələ də sovet dövrünü andırır: Karl Marks küçəsi, Profsoyuz küçəsi. Nərimanov küçəsi də var. Nərimanovun Tatarıstanla sıx əlaqələri olub. Məsləkdaşı Sultanqaliyevdən başqa, Qabdulla Tukayla da tanış imiş. Cəmi iyirmi yeddi il ömür sürmüş bu böyük şairə Sabirin təsiri haqqında çox yazılıb. O, Sabirin şeirlərini tatarcaya çevirib. Tukayın əlində “Molla Nəsrəddin” jurnalını tutduğu bir fotosu da var, təəssüf ki, ziyarət etdiyimiz Tukay muzeyində bu foto nümayiş etdirilmir.

Çar Rusiyasında rus və qərb mədəniyyətini ən çox mənimsəmiş türk xalqları azərbaycanlılar və tatarlar idi. Çadrasızlıq baxımından tatar qadınları daha irəlidə idilər, odur ki, bir çox azərbaycanlı kişilər oxumuş tatar qadınlarıyla evlənirdilər. Azərbaycanın ictimai-siyasi həyatında müəyyən yeri olan Hənəfi və Əli Terequlov qardaşlarının bacıları üç görkəmli ziyalımızın – Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, Pənah Qasımovun həyat yoldaşları olub. Tatar qadınları Mərziyyə Davudova, Fatma Qədri Azərbaycan teatrının parlaq simalarından idi.

Gənclik illərində anam Nigar Rəfibəyli Maleyevka yaradıcılıq evində məşhur tatar şairi Musa Cəlil və onun arvadı Əminə xanımla bir yerdə dincəlirmişlər.

Böyük Vətən müharibəsində Musa Cəlil almanlara əsir düşür. Əsirlikdə ağır işgəncələrə dözərək əyilmir. Alman həbsxanasında “Moabit dəftəri” adıyla toplanmış şeirlər kitabı çox illər sonra SSRİ-də nəşr olunur, Musa Cəlilə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilir. Yadımdadır, Türkiyədə görkəmli rus şairi K.Simonovla birlikdə olarkən Konstantin Mixayloviç danışırdı ki, Musa Cəlilin bir qəhrəman kimi təsdiq olunmasına, ümumiyyətlə, əsirliyinə görə bəraət almasına məşhur tatar şairlərindən biri qəti etiraz edirmiş. Bunu çağdaş tatar ədəbiyyatının görkəmli nümayəndəsi, dostum Renat Harisə danışanda inadla o şairin adını söyləməyimi istəyirdi, amma doğrudan da adı yadımda qalmamışdı. Nə isə… Anam Musa Cəlillə və Əminə xanımla Maleyevkada görüşləri barədə şeir yazıb. Renat Haris də Rəsul Rzaya şeir həsr edib.

Yenə 2004-cü ilin gündəliyinə qayıdıram:

“Qazan çox yaraşıqlı şəhərdir. Ara-sıra minarələrin siluetləri görünsə də, Şərq şəhəri təsiri bağışlamır. Modern binalar çoxdur. Ümumiyyətlə, abad şəhərdir, binaların çoxunda təmir və bərpa işləri aparılır. Q.Tukayın, Musa Cəlilin, Mollanur Vahidovun heykəlləri var. Opera teatrı Musa Cəlilin adınadır, amma teatrın qarşısında böyük meydanda Leninin heykəli ucalır.

Qazanda – köhnə-təzə binalarıyla – nə isə, bir imperiya paytaxtlarına xas olan əzəmət duyulur. Sanki vaxtiylə böyük bir dövlətin mərkəzi olduğu – şəhərin yaddaşından çıxmayıb.

19 iyunda aldığım ən böyük təəssürat ənənəvi Sabantuy bayramı oldu. Kimi görürdüksə “Bayram bilən” deyirdi. Tatarların məşhur Sabantuy bayramı – “kətan bayramı” stadionda keçirilir. Bəlkə də bu söz “Səpin toyu”dur. Sabantuy bizim Novruz kimi qədim el bayramıdır. Tatarlar Novruzu da qeyd edirlər, amma əsas milli bayramları Sabantuydur (Sabantuy UNESCO-nun qeyri-maddi mədəniyyət sərvətləri siyahısına daxildir, Sonrakı qeyd).

Bayram cürbəcür oyunlardan ibarətdir: gürəş, tutuş, (güləş), yarış (at çapma), növ-növ aktrasionlar, şalbanı mişarlama, ayaqları torba içində yerimə, torbalar geyinib bir-birini yıxmağa çalışmaq, şalbanın üstüylə yerimək, ağzında qaşıq (su dolu) və yumurta qaçmaq. Ağacla gözü bağlı qab sındırmaq, örkəni dartmaq yarışı və s. Eyni zamanda, arada musiqi nömrələri – oxumaq, oynamaq, müxtəlif rəqslər… Sabantuy bayramından ayrılıb “Ay” kafesində Tatarstanda Azərbaycan cəmiyyətinin sədri, gəncəli İbrahim İbrahimovla görüşüb söhbət edirik. Tatarıstanda 30 minə yaxın azərbaycanlı yaşayır.

Həm dinə diqqətin artması, həm milli bayramların geniş qeyd olunması eyni məqsədə – xalqın milli şüurunun inkişafına xidmət edir.

2004-cü ilin gündəliyində qeyd etdiyim bu fikirlərin təsdiqini Ravil Buxarayevin “Prezident Mintimer Şaymiev i modelğ Tatarstana” kitabında tapdım.

Bu kitabdan aydın olur ki, yenidənqurma və aşkarlıq dövründə, daha sonra SSRİ-nin dağılması və müttəfiq respublikaların müstəqilliklərini elan etdikləri ildə o vaxt Tatarıstanın Prezidenti olan Mirtemir Şaymiyev respublikasının süverenliyini necə çətinliklə qazanıb və qoruyub. 1998-ci ilin sentyabrında SSRİ-nin Baş naziri Y.M.Primakov bəyan edib ki, Rusiya regionlarının (o cümlədən, muxtar respublikaların – A.) sayı azalmalıdır. Müttəfiq respublikaların müstəqillik iddialarından qorxuya düşmüş rəsmilər Rusiyanı çar zamanındakı kimi milli mənsubiyyəti olmayan quberniyalara bölməyi düşünürdülər. Təmkinli siyasətçilərin ehtiyatla söylədiklərini Jirinovski kimi oyunbazlar ən kobud şəkildə açıqlayırdı. Jirinovski deyirdi ki, hakimiyyətə gəlsə, “tatarlarla başqırları Monqolustana köçürəcək, orda çirk və sifilis var, qoy orda yaşasınlar”. Rusiya Federasiyasının ikinci adamı – Parlamentin sədri çeçen Ruslan Xaspultov da ondan geri qalmırdı. 1552-ci ildə Qazanın fəthini xatırladaraq, hədələyirdi ki, Şaymiyevi Moskvaya Puqaçov kimi qəfəsdə gətirmək lazımdır. Amma o biri tərəfdən Mixail Qorbaçovla mübarizəsində regionlardan dəstək almaq istəyən Boris Yeltsin 1990-cı il avqustun 5-də Qazanda: “Nə qədər həzm edə bilərsinizsə, o qədər suverenitet götürün” – deyirdi.

Tatarıstanın içində də bir faktor vardı. Radikal millətçilər respublikanın tam müstəqilliyini və Rusiyadan ayrılmasını tələb edirdilər. Ayıq başlı siyasətçi olan M.Şaymiyev bu tələlərin heç birinə düşmədi. Radikal tələblərlə Tatarıstanın ikinci Çeçenistana çevrilməsinə imkan vermədi. Rusiyadan ayrılmağın və tam müstəqilliyin qeyri, mümkünlüyünü yaxşı dərk edərək nə Tatarıstanın Partiya rəhbəri olanda, nə Prezidentliyi dövründə bir dəfə də olsun müstəqililk sözünü dilinə gətirmədi. Ancaq suverenlikdən danışdı, həm də bu tək tatarların deyil, respublikada yaşayan bütün xalqların suveren hüquqlarının təmini demək idi. Sonralar Baltik ölkələrin, Ukraynanın etdiyi səhvə də – rus dilinin tamam qadağan olunmasına da – yol vermədi.

Doğrudur, son dövrlərdə Tatarıstanın suveren haqları müəyyən dərəcədə azaldılmışdır. Məsələn, tatarların latın əlifbasına keçmək qərarına Rusiya Duması yasaq qoydu. Yadımdadır, Bişkekdə bir toplantıda tatar yazıçıları və alimləri şikayətlənirdilər ki, Duma onların bu istəyinə veto qoyub. Görüşdə iştirak edən Moskva alimləri dərhal: düz eləyib Duma – dedilər, nəyə görə latın əlifbasına keçmək istəyirsiniz?

Mən çıxışımda moskvalı alimlərə müraciətlə dedim: Sizcə, hansı yaxşıdır, kiril əlifbasında qalıb Dumadan incimək, ya latın əlifbasına keçib Dumaya minnətdar olmaq? Moskvalılar gülüşdü, tatar nümayəndələri mənə təşəkkür etdilər, ukraynalı türkoloq Xolimonenko isə ruslara üz tutaraq: gec-tez siz özünüz də latın əlifbasına keçəcəksiniz – dedi.

Mirtemir Şaymiyev müəyyən dərəcədə və yeni dövrdə Mirseid Sultanqaliyevin məramının davamçısıdır.

Sultanqaliyev isə marksist dünyagörüşünə tapınmaqdan öncə əsrlər boyu davam edən tatar milli mentalitetinin daşıyıcısı olub. Tatar mentaliteti xalqın qədim dövlətçilik ənənələriylə bərabər mənəvi mirasına, ədəbiyyatına, fikir dünyasına əsaslanır.

İlk örnəkləri XIII əsrdə Qul Qalinin “Yusif və Züleyxa”, XIV əsrdə Qütbinin “Xosrov və Şirin” poemaları sayılan tatar ədəbiyyatı XIX-XX əsrlərdə yeni mərhələyə yüksəlir.

1804-cü ildə açılan Qazan Universiteti – böyük riyaziyyatçı Lobaçevski kimi rektorunun, Mirzə Kazım bəy kimi rus şərqşünaslığının korifeyinin, Lev Tolstoy, V.İ.Lenin kimi müdavimlərinin adlarıyla məşhurdur. Bu Universitet şübhəsiz, tatar ziyalılarının yetişməsində də xidmət göstərib.

Maarifçi yazar, Qayum Nəsiri (1825-1902) tərəfindən əsası qoyulan tatar ədəbiyyatı, təhsildə Krım tatarı İsmayıl Qaspralının yaratdığı üsulu-cədid metodu, mütərəqqi din xadimləri Rəşid İbrahimovun, Qabdurəhman Qəmərinin fəaliyyəti, Mərcanı kimi mütəfəkkirin düşüncələri X1X əsrin sonu, XX əsrin əvvəllərin də yazıb yaradan ədəbiyyat və elm xadimlərinin böyük bir nəslini yetişdirdi. Qabdulla Tukay Majit Qafuru (Qafuru həm də başqır ədəbiyyatının klassiki sayılır), Qəlıəsgər Kamal, Şərəf Kamal kimi yazıçılar Ayaz İshaki, Yusif Akçura, Sədri Məqsudi, Qalimcan Şaraf kimi alim və siyasətçilər, Mullanur Vahidov, Mirseid Sultanqaliyev, Qalimcan İbrahimov kimi kommunistlər müxtəlif, hətta bir-birinə zidd ideloji məfkurələrə sahib olsalar da, amalları eyni idi, doğma xalqın və doğma dilin yaşamaq haqqını təsdiq etmək və qorumaq. Taleləri də müxtəlif oldu: Vahidov, Sultanqaliyev, Qalimcan İbrahimov güllələndilər. Ayaz İshakı, Yusif Akçura, Sədi Məqsudi ömürlərini mühacirətdə, Türkiyədə bitirdilər.

Qalimcan İbrahimov həm də görkəmli nasir idi, həbs olunana qədər tatar sovet ədəbiyyatının banisi sayılırdı. Onun sovet ruhunda yazdığı “Bizim günlər” romanında təsvir etdiyi səhnələr, tatar xalqının inqilaba qədər keçirdiyi əzab-əziyyətlər gözlərim qarşısında canlandıqca son vaxtlar oxuduğum başqa bir müasir romanın epizodlarını xatırlayırdım. Söhbət çox istedadlı tatar yazıçısı Quzel Yaxınanın “Züleyxa gözlərin açır” romanından gedir. Rus dilində yazılmış bu əsərdə 30-cu illərdə adi bir tatar kəndli ailəsinin başına gələn bəlalar təsvir edilir. Romanda həm o illərdə tatar kəndinin müsibətləri, həm zorla doğma yurd-yuvalarından sürgün olunmuş biçarələrin ağzınacan insanlarla dopdolu yük vaqonlarında-eşelonlarda (“tepluşkalarda”) ölüm-itimli səfərləri, həm Sibirdə məskən salmalarının dözülməz çətinliklərindən dipdiri və görümlü təfərrüatlarla bəhs olunur. Belə bir mətnin o illərin şahidi olmamış, indi orta yaşlı bir müəllifin, həm də qadın müəllifin qələmindən çıxmasına mat qalırsan.

Məncə, romanın ən təsirli səhifələri tatar kəndinin tragik taleyi təsvir edilən ilk fəsilləridir. Bacarıqlı, işgüzar kəndli Murtuza o dövrün qanunları, daha doğrusu, qanunsuzluğuyla qolçomaq sayılır və alın təriylə, əlinin qabarıyla qazandığı bütün əmlakı müsadirə olunur. Amma daha əvvəl bu ağır aqibəti gözləyən ailə – Murtuza və onun çox gənc qadını Züleyxa qarşıdan gələn, gözlənilən aclıqdan xilas olmaqçün bir neçə tay dəni gizlətməyə çalışırlar. Harda gizlətsələr yaxşıdır? Kənd qəbiristanlığında, çox kiçik yaşlarında, ya elə anadan olan kimi ölən dörd qızlarının məzarlarında. Züleyxa düşünür ki, həyatdan vaxtsız ayrılmış övladları da ailəni aclıqdan xilas etməkdə iştirak edirlər. Amma bu niyyətləri də baş tutmur. Murtuzanı öldürür, Züleyxanı sürgün edirlər.

Rus dilində yazıb yaradaraq bu ədəbiyyatı zənginləşdirən, “Mne  ot babuşki tatarki bıli redkostğö podarki” deyən Anna Axmatovayla, Bella Axatovna (Əhəd qızı) Axmadullinayla yanaşı, bugünkü rus nəsrinə dəyərli töhfələr verən Quzel Yaxinanın da öz yeri var.

Əskidən bəri rus ədəbiyyatında, elmində, siyasətində, hərbçiliyində tatar mənşəli ruslar haqqında Minaxanım Təkləli “Türkəsilli ruslar” adlı iri bir kitab nəşr etdirib. Bizim günlərdə iki ünlü tatar sənətkarının adlarını çəkmək yetərlidir. Ən çağdaş musiqi texnologiyasıyla əsərlər yazan bəstəkar Sofya Qubaydulina və dünyaca məşhur balet ustası Rudolf Nuriyev.

Yenə 2004-cü ilin yol yazılarımdan bir neçə parça:

“20 iyun, bazar günü. Teploxodla Volqada üzürük. Adaya çıxırıq. Qazanın fəthindən qabaq Volqadakı bu ada Qorxunc İvanın platsdarmı imiş, Sovet vaxtı isə burda məhkum olunmuş insanları güllələyirmişlər. Adada iri bir daş qoyublar – repressiya illərində burda həlak olmuş 95 insanın xatirəsinə. (Görəsən, haçansa biz də Nargin adasında belə bir xatirə abidəsi qoyacayıqmı?)

İndi adada monastr fəaliyyət göstərir. Uzun qara libaslı, saqqallı monarxlarla görüşürük. Monastrın divarlarında freskalar: İblis – fiqurası insan, sifəti heyvan. Teploxodda Fəridə Zabirovayla söhbət edirik. Vaxtilə Tatarıstan Memarlar İttifaqının sədri olub. İndi Qaşan Kremli müdriyyətinin abidələri qoruma idarəsinin rəhbəridir. Volqadan Qazan Kremlinin füsunkar mənzərəsi açılır və bu mənzərənin mərkəzində 8 minarəli Qul Şərif məscidi görünür.

– Əgər Şaymiyevin ayrı heç bir xidməti olmasaydı, elə tək bir bu məscidin yenidən əski yerində ucaldılması üçün adı tarixdə qalardı – deyirəm. Fəridə bu məscidin yaranma tarixindən danışır. Qorxunc İvanın uçurtduğu bu Qul Şərif məscidinin yerində hərbi qarnizon yerləşdirilmişdi və bu qarnizon ən son vaxtlara qədər orda qalırmış. Tatarıstan rəhbərliyinin tələbiylə qarnizon ordan çıxarılandan sonra həmin yerdə vaxtilə olmuş Məscidin yenidən tikilməsi fikri yaranır. Fəridə danışır ki, bir dəstə memarla Qazan Kremlinin bərpa konsepsiyasını hazırladıq. Düzünü deyim ki, mənim o vaxt həmin yerdə Məscidin yenidən tikilməsi fikri heç ağlıma gəlmirdi. Amma bir gün rəfiqəmlə Kremlin bərpa planı üstündə işlərkən – mən mətni yazır, rəfiqəm planlar çəkirdi – möcüzə baş verdi. İnanmayacaqsınız, amma həqiqətən bir-birimizlə danışıb eləmədən ikimiz də Məscidin şəklini çəkmişdik. Bu sirdən bir-birimizi agah etdik. Bunu doğrudan da hardansa qaibdən gələn vəhy saydıq və məscidin bərpa layihəsini tamamlayıb Şaymiyevə göstərdik. Onun razılığını alandan sonra layihəmizi Beynəlxalq konkursa təqdim etdik, Konkursda zəfər qazandıq və qısa müddətdə məscidi ucaltdıq.

– Məscid o qədər gözəldir ki, yanındakı kilsəni kölgədə qoyur – dedim. Fəridə: – Biz də ən çox bundan çəkinirdik – dedi. Məscid inşasının əleyhdarları dəfələrlə bizim layihənin ölçüləriylə kilsənin boyunu tutuşdururdular. Nəbadə məscid bir qarış daha uca olsun. Pariteti – bərabərliyi qoruyub saxlaya bildik.

Paritet – çağdaş Tatarıstan siyasətini ən vacib və əhəmiyyətli sözüdür.

Həmin gün qədim Bulqar şəhərinin xarabələrinə də getdik, burda da qədim İslam abidələri Qorxunc İvan dövrünün monastırlarıyla yan yanaşıdırlar”.

Bulqar şəhərinə ikinci dəfə 2019-cu ildə Tatarıstana səfərim zamanı getdim.

Qazana üçüncü dəfə 2019-cu ilin sentyabrında Tatarıstan Yazıçılar İttifaqının 85 illik təntənələrinə dəvət olunduğum vaxt gəldim. Tədbirdə Rusiya, Özbəkstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Başqurdustan, Qaraqalpak, Krım tatar yazıçıları iştirak edirdi.

Sentyabrın 26-da tədbirin açılışında Tatarıstan Parlamentinin sədri Fərid Muhəmmədin Respublika Prezidenti Rüstəm Minnexanovun yazıçılara təbrikini oxudu. Bir neçə tatar yazıçısına Xalq şairi və başqa fəxri adlar təqdim olundu. Tatarıstan Yazıçılar İttifaqının sədri Danil Salixovun çıxışından sonra qonaqların adından Rusiya Yazıçılar İttifaqının katibi Valeri Kiselyov və mən həmkarlarımızı yubiley münasibətilə təbrik etdik. Səhərisi gün Dəyirmi masa Tatarıstan Yazıçılar İttifaqında keçirildi. Yeri gəlmişkən deyim ki, tatar yazıçıları təşkilatlarının ikimərtəbəli geniş və abad binasını qoruyub saxlaya biliblər. Dəyirmi masa toplantısında ilk olaraq mən çıxış etdim, Azərbaycan və tatar xalqları, ədəbiyyatları arasında qədim və möhkəm əlaqələrdən danışdım.

Bulqara getmək istədiyimi dedim. Səhərisi gün Renat Haris və Danil Salixov məni bu qədim paytaxtın xarabələrinə – açıq səma altında tarix muzeyinə apardılar.

Tatarıstanın Xalq şairi, Rusiyanın və Tatarıstanın Qabdulla Tukay adına dövlət mükafatları laureatı Renat Harislə çoxdan tanışıq. Azərbaycan Yazıçılarının XII Qurultayında iştirak etməkçün 2014-cü ildə dəvətimlə Bakıya gəlmişdi. Çox-çox illər öncə dediyim kimi, Rəsul Rzaya şeir həsr etmişdi. Ümumiyyətlə, istər Azərbaycan ədəbiyyatıyla, istərsə də başqa Türk xalqlarının söz sənətiylə yaxından maraqlanır. Bəlkə elə buna görə Başqurdstanın, Çuvaşiyanın, Qaraqalpakiyanın da bir sıra ədəbi mükafatlarına layiq görülüb. Türkiyəli şair dostum Yəhya Akenkin danışırdı ki, Qazanda olarkən Renatın evində Nazım Hikmətdən söhbət düşüb, Renat kitab rəfindən türk şairinin kitabını götürüb göstərərək: Bax Türkiyəni biz bu şairin əsərləriylə sevdik – deyib. Renat təklif edir ki, Rəsul Rzan”ın, Nigar Rəfibəylinin və özümün şeirlərimi ona göndərim və o, bu “ailə kitabımızı” tatar dilinə çevirərək nəşr etsin.

Tatarıstan Yazıçılar İttifaqının indiki sədri Danil Salixov nasir, dramaturq, Əməkdar incəsənət xadimidir. Yol boyu çağdaş ədəbi həyatdan söhbət edirik.

Az çox salamat şəkildə indi yalnız xarabalıqları qalmış möhtəşəm Bulqar şəhəri özü də möhtəşəm dövlət olan Bulqar xaqanlığının paytaxtı olub. Tarix səhnəsinə VII əsrdə çıxan bolqarlar Kubrat xanın rəhbərliyiylə ömrü qısa olan Böyük Bolqar dövlətini yaratmışlar. Şərq qonşuları Xəzər xaqanlığına məğlub olandan sonra bolqarların bir qismi şahzadə Xan Asparuxovun başçılığıyla Dunay sahillərinə tərəf yönəlirlər. Burada slavyanlar arasında əriyərək öz qədim adlarını etnonim kimi slavyan bolqarlara verirlər.

Türk bulqarların ədəbi abidələrindən 882-ci ildə yaranmış Mikayıl Baştu İbn Şəms Təbirin “Şan qızı dastanı”nın özəl yeri var.

Volqa sahilində yüksəklikdə yerləşən və buradan çaya ecazkar mənzərə açılan Bulqar şəhərinin xarabalıqlarını gəzirik, Cümə məscidinin, Xan türbələrinin, qala divarlarının qalıqları, yerli muzeydə çox sayda arxeoloji tapıntılar-qablar, baltalar, əmək alətləri yox olmuş, ancaq nişanələri qalmış böyük tarixdən və əzəmətli mədəniyyətdən xəbər çatdırır. Yerli muzeydə xüsusi sifarişlə bizim günlərdə hazırlanmış çox iri Quran (eni-uzunu üç metr) nümayiş etdirilir.

Axşam tərəfi Qazana qayıdırıq. Qabdulla Tukaydan danışırıq. Mən əlbəttə, bu böyük və nakam taleli şairi oxumuşam, hətta bir şeirini dilimizə çevirmişəm, amma istər Renatla Danilin söhbətlərindən, istərsə də sonra alıb oxuduğum kitablardan, özəlliklə də Tukayın özünün yazdığı avtobioqrafik nəsrindən ta körpəlikdən yetimliyin acısını dadmış, 27 il ömür sürən, qısa həyatı iztirablar içində keçən şairin ölməz ədəbi irsi haqqında elə bu essemdə nə isə yazmaq istədim. Amma gördüm ki, mövzu çox böyükdür, bir neçə səhifəyə sığmaz və Tukay haqqında hökmən ayrıca yazı yazmalıyam.

Diqqət etmişəm ki, hər xalq öz qısa ömür sürmüş, amma böyük iz qoymuş nakam şairlərinə xüsusi kövrəkliklə yanaşır. Ruslar Lermontova, ispanlar Lorkaya, türklər Orxan Vəliyə, biz Müşfiqə və Əli Kərimə yanaşdığımız kimi. Tatarlar da Tukayı belə özəl nəvazişlə anırlar.

Qabdulla Tukayın vurğunu, özü də böyük ədəbi sima olan Ayaz İshaki yazır:

“Tukay yetimliklə böyüdü, yetimliklə yaşadı və yetimliklə dünyanı tərk etdi”.

Yazımı böyük tatar şairinin vaxtilə dilimizə çevirdiyim Toğan dil (Ana dili) şeiriylə bitirmək istəyirəm.

Ey ana dil, ey gözəl dil
atamın, anamın dili.
Səndən çox şey öyrəndim
mən dünyaya gələli.

Sənin köməyinlə duydum
Ta uşaqlıq çağımdan
sevincimi, kədərimi,
şadlığı, fərəhi, qəmi.

Öz ana dilimdə idi
ən ilk oxuduğum duam
Qoru deyirəm dilimi.
atamı, anamı Xudam.

Hər bir şairin, yazıçının doğma dili qorumaq qayğısından böyük qayğısı varmı?

Mart 2020

Mənbə: 525-ci qəzet

Share: