“ALA QARĞANIN BALA DƏRDİ…” – İlqar Türkoğlu yazır…

ALA QARĞANIN BALA DƏRDİ…(1-ci yazı)

Qeyd: Koronavirusla mübarizəyə qarşı Özbəkistanda iki iş adamı, biri 300 milyon, digəri 500 milyon, cəmi 800 milyon dollar olmaqla Fonda ianə yardımı ediblər.
Hələ ki, bizdə iş adamları yoxdur. Var e, sadəcə, onlar güclü istehsal potensialına malik zavodlara, geniş ixracat şəbəkələrinə sahib, 1991- ci ildən Azərbaycanın qida sənayesini tam monopoliyada saxlayan “Azersun Holding”in yanında nöqtə kimidirlər. Susurlar. Bizdə milyonlara, hətta milyardlara sahib eks və indiki nazirlər də var. Susurlar. Neft gəlirlərindən də artıq olan, nəzir qutularından və pirlərdən yığılan pullarla imperiya quran baş molla susur. Elə düşünürlər ki, onları oxuduqları ayələr (“ayət”də deyə bilərik)) xilas edəcək. Bizdə toylara azı 50-100 min manata gedən böyük bir manıs dəstəsi də var. Susurlar. Bizdə, hələ ki, insanları elementar tibbi spirt və maskalarla təmin edə bilməyən Səhiyə Nazirliyi və cəmiyyətdən özünü büsbütün təcrid edən səhiyə nazirimiz də var. Susur. Nə yaxşı ki, bu ağır günlərdə bizim fədakarcasına çalışan həkimlərimiz var. Sağolsunlar!
Biz 32 ildir ki, Qarabağın işğalı faktı ilə üz-üzəyik. Susuruq. Biz 32 ildir ki, 1 milyon olaraq, evimizdən-eşiyimizdən didərgin düşmüşük. Susuruq. Qarabağda ermənilər yallı gedir, biz Alimə mərsiyyə oxutdururuq. Ermənilər Qarabağda prezident və parlament seçkiləri keçirir, biz tazıquliyevləri parlamentə daşıyırıq. Susuruq.
Sanki bizdə qurbağa gölünə daş atıblar…
Bununla bərabər, bizim, ailəsini güclə dolandıran və onların boğazından kəsib, 1 manat da olsa, Fonda yardım edən Ulusumuz var. Bizim Moskvada yaşayan, Azərbaycanı canı kimi sevən və Fonda 2 milyon manat ianə yardımı edən iş adamımız Qod Nisanov var. Komanda büdcəsi milyonlardan ibarət və yetərincə maaşı olan Qurban Qurbanov nədənsə, 20 min manat, Azərbaycan futbolunun fədakar fəhləsi Rəşad Sadıqov isə 50 min manat Fonda ödəniş edib.
Hər zaman Azərbaycanla nəfəs alan, onun uğurları üçün əlindən gələni əsirgəməyən, dünyanın böyük iş adamlarından biri olan Mübariz Mənsimovumuz da var. Bu ağır dönəmdə Türkiyə və Azərbaycan ictimaiyyətini sarsıdan onun həbsi olayı da var. Suyu başdan bulandıranların, FETÖ hörgütü ilə “qucaq-qucağa” olanların onu fetöçülükdə ittiham etmələri insanların səbir kasasını daşırması da bir faktdır. Biz, Mübarizə-yıxılana balta vurmaq üçün növbə gözləyən, konyunktur maraqlarını təmin etməyə çalışan, “işverənlikləri” ilə tanınanları da yaxşı tanıyırıq…
Azərbaycanın başı üzərində qara yellər-yeganə ayrıseçkilik etməyən koronavirus pandemiyası əsməkdədir. Sürəc belə davam edərsə, sizi nə vətən, nə milyonlar, nə də sayı bəlli olmayan mülkləriniz-villalarınız qoynuna almayacaq, cənablar!
p.s. Bizdə ala qarğanın bala çıxartmasının mümkünsüzlüyü də var…

 

İLQAR TÜRKOĞLU

Müstəqil.Az

Share: