Daha sənə “qayıt, gəl, Bir də getmə”, demirəm -Əfsanə RƏVAN

Adı sən

Mənə görə yaddı özgə duyğular,
Bir tək sənsən, boşdu, vallah, gerisi.
Sən gələndən dəyişibdir həyatım,
Mən eşqinin dəlisiyəm, dəlisi.

Baxşların müqəddəsdir mənimçün,
İndi mənə gözlərin and yeridi.
Qadan alım, nə yaxşı ki gəlmisən,
Səndən yana ağrılarım kiridi.

Varlığından güc alıram günbəgün,
Hisslərimin adını sən qoymuşam.
Vüsalına qucaq açıb ömürlük,
Həsrətimin gözlərini oymuşam.

Qırılmışdı ümidlərim, istəyim,
Qanad verib arzuları quş etdim.
Sevinirəm, nə yaxşı ki qəlbimi
Sənin kimi bir insana tuş etdim.

*****

Nə başını ağrıdım,
Hər şey elə həminki.
Sən gedəndə də susdum,
Heç bir söz demədim ki.

Qapı- bacası açıq,
Gördüyün o evdəyəm.
Gəlib eləmirsən ki,
Yenə könlünü alam.
Yenə sənə yalvaram,
Yenə “məni sev” deyəm.

Hər gün bir az qırılıb,
Öz içimdə ölürəm.
Sən gedəndən yuxumu
Saatlara bölürəm.

Nəfəs-nəfəs çəkirəm
Təkliyi ciyərimə.
Dağ da olsa, dözməzdi,
İnan mənim yerimə.

Mən indi darıxmağı
Dərd hesab eləmirəm.
Daha sənə “qayıt, gəl,
Bir də getmə”, demirəm.

İnsan darıxmaqlara,
Öyrəşir, elə bil ki.
Mən də qəşəng öyrəşdim,
Darıxmaq dərd deyil ki…

****

Axı sən anamın üzü,
Atamın gözü,
Evimin özü idin…

Bəxtimin geyindiyi
Paltarlar da qaraymış.
Dərdin ayaqlarında
Çəkmələrim darıymış…

Sanardım ki, hər dəfə
Bütün dünya mənimdi.
Gedişinlə anladım
Mənim nəyim varıymış…

İndi bu yer üzünün
Yetim bir küçəsində
Ha ki, bağırasım var.
Sən getdiyin səhərin,
Gəlmədiyin gecənin
Bağrını yarasım var…

Bir də, bir də başımın
Ən havalı yerində
Oynaşan yarasalar…

 

Share: