“Bütün dünya bu kampaniyanı aparır” – Xalq şairi epidemiya haqqında danışdı

Nəzərə almalıyıq ki, koronavirus təhlükəsi ilə yalnız biz qarşılaşmamışıq. Bu, bütövlükdə dünyanın qarşılaşdığı bir təhlükədir. Əlbəttə, bu epidemiyanın səbəbinin nə olmasına dair müxtəlif versiyalar var. Bəziləri deyir ki, süni surətdə ortaya atılan virusdur. Bəziləri də bunun dünyanın tarixində yeni dönəmin başlanğıcı olduğunu qeyd edirlər. Bir qisim insan isə bunu sadəcə olaraq dünyada resursların azalması ilə əlaqələndirir, başqaları təbii proses olduğunu bildirirlər. Variantlar çoxdur, amma əsas odur ki, bu, dünyanı ağuşuna alıb.

Müstəqil.az xəbər verir ki, bu fikirləri Teleqraf.com-a xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı COVİD-19 epidemiyası haqda danışarkən deyib.

Xalq şairi xatırladıb ki, dünyada öz səviyyəsi, texnologiyası, dərman sənayesində öncüllüyü ilə seçilən Avropada hazırda koronavirus tüğyan edir:

“Koronavirus epidemiyası Avropanı daha ağır duruma salıb. Belə olduğu halda bu proseslərin böyük dövlətlərlə müqayisədə Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil. Şükür olsun ki, Azərbaycanda digər ölkələrlə, əsasən də Avropa dövlətləri ilə müqayisədə yoluxma səviyyəsi yüksək deyil. Bunun qarışısını almaq, yoluxmanı minimuma endirmək üçün insanların karantin qaydalarına əməl etməsi lazımdır. Burada xüsusi təşvişə, söz-söhbətə ehtiyac yoxdur. Əhalimiz koronavirusdan daha az təsirlənməsi üçün mütəxəssislərin tövsiyələri və dövlətin atdığı addımlara, tətbiq etdiyi karantin rejiminə riayət etməlidir. Hər birimiz buna öz sağlamlığımız üçün əməl etməliyik. Fikrimcə, burada hər hansı bir panikaya da ehtiyac yoxdur. Bütün dünya dövlətləri hazırda “Evdə qal” kampaniyası aparır, həkimlər insanların evdə qalıb sosial izolyasiya olunmasının vacibliyini vurğulayır. Biz buna əməl etməli, özümüzü və ətrafımızı qorumalıyıq”.

Deputat əlavə edib ki, Azərbaycan dövlət olaraq bu məsələdə tədbirlərə əl atarkən gecikməyib:

“Virusla mübarizədə dövlət tərəfindən vaxtında tədbirlər görüldü, ciddi addımlar atıldı, əhaliyə xəbərdarlıq edildi. Həmçinin, siyasi, iqtisadi və hüquqi addımlar da atılır. Bunları nəzərə almaq lazımdır. Xalqımız da öz mütəşəkilliyini göstərməli, bu fəlakətin qarşısını alımaq üçün lazım olanı etməlidir. Əgər insanların sağlamlığı naminə məhdudiyyətlər qoyulubsa, buna əməl etmək çox vacibdir. Burada ciddi olmaq lazımdır”.

 

Share: