Bu gün təqvimdə İbrahim İlyaslı günüdür. Xoş gəlmisən bu dünyaya, əfəndim!
Müstəqil.Az Vasif Süleymanın İbrahim İlyaslının ad günündə illər öncə yazdığı bir yazını yayınlayır
Şübhən varsa, İbrahim İlyaslının şerlərində ara bunu:
Hardasan, ay haqqa-zaval,
Səninkidi bu cah-calal.
Bu dünyada bircə halal,
Adam varsa, o da yoxdur.
deyən şair SÜKUTUNDAN ASILMAĞA BİR KOMA, BİR ODA AXTARIR. Baş götürüb getməyə kimsəsiz ada gəzir. Çünki şair qənaətində haqlıdır ki, DÜNYAYA KEFƏ GƏLMİRİK, BİR AZ DA GÖZ YAŞIN OLSUN. kimsəsizlikdə dada yetən göz yaşı. Çərxi-fələyin gərdişindən az-çox hali olanlar İbrahim İlyaslının
Dünyanın ən böyük işi,
Bələkdə körpədən keçir-
fikri ilə razılaşmaya bilməzlər.
İl olunca gün var, ay var,
Hər şeydən hamıya pay var.
Bu dünyada bircə çay var,
Hamı bir körpüdən keçir.
İbrahim İlyaslı Akif Səmədin ön sözdə yazdığı kimi söz üçün heç kəsin qapısına borca gedən şair deyil. Şerlərinin birində özü haqqında yazır:
İnadımdan aşağıyam,
İnamımın işığıyam.
Mən dərdimin aşığıyam,
Məni oxudan oxudur.
Sazlı-sözlü bir ocaqda dünyaya göz açan İbrahim elə ömrünü o sazın, o sözün işığında yaşıyır. BİR AZ BU AĞACA, BİR AZ O DAŞA, BİR AZ BU TORPAĞA OXŞAYIRAM MƏN -deyən şair KƏLMƏ-KƏLMƏ əriməyini, SƏTİR-SƏTİR yaşadığını da etiraf edir:
Ahımdan qaya laxlayır,
Halıma quşlar ağlayır.
Məni bir ALLAH saxlayır,
Bir də səbr, yaşayıram.
İbrahim İlyaslının «Hamı bir körpüdən keçir»kitabı ciddi təhlilə ehtiyacı olan kitabdır. Yəni ki, tənqidçilər onun sətir-sətir, misra-misra yaşadığı anları nə vaxtsa çözələyəcəklər. Mən sadəcə olaraq bir Allah adamının gecikmiş sevincinə İbrahim sevərlərin adından qoşulmaq istədim. Haqq axtara-axtara hərdən nahaqqa dirənən, ağrılı-acılı şair ömrü yaşayan İbrahimin poetik həqiqətləri bir kitabça şəklində oxucuların ixtiyrındadır:
Bu bazardı, seç, nə yoxdur?!
Bu ömürdü – köç nə yoxdur?!
Haqq deyilən heç nə yoxdur,
Ancaq dəyər axtarmağa.
Dəyər…