“Arxasında yekə erkəklər duran müğənniciklər yeni dövrün Azərbaycan qadınının obrazını işğal etməyə çalışırlar”

“Əksər ictimai yerlərdə qadının oturmalı olduğu oturacaqda erkəyin papağı oturmuş”

Haqqında, bəlkə də, dünya xalqları arasında ən çox şeir yazılan qadın obrazı Azərbaycan qadınıdır. Şeirdə öymüş, evdə söymüşlər. Həm də döymüşlər. İslamın qaldırdığı, hüquq verdiyi qadını İslam adına çarşabın içində yoxa çıxarmış, təhsilsiz qoymuş, hərəmxana intriqalarının subyektlərinə çevirmişlər. Qadın sosial həyatdan uzaq qalmış, onu evlərin uca hasarlarının içində dedi-qodu mühitində mənasız bir həyatın içinə gömmüşlər.
Qadın uşaq böyütmüş, fəqət insan yetişdirməmiş. Çünki özü qaranlığı təmsil etmiş bir varlıq öz övladına insanlıq üçün faydalı dəyərləri necə aşılaya bilərdi ki?! Əksər ictimai yerlərdə qadının oturmalı olduğu oturacaqda erkəyin papağı oturmuş.
Azərbaycan qadınının varlığı 19-cu yüzilin rus işğalından sonrakı dövrdə Hatəmxan ağanın Şəhrəbanusundan boy göstərməyə başlayır, o da hələ Dərviş Məstəli Şahla cadunun kəraməti üzərində baş sındırır. 19-cu yüzilin sonlarının Azərbaycan qadını Xudayar bəylərə dirəniş göstərən zavallı Zeynəbdir. Ancaq onun da Xudayar bəyin çomağı qarşısında şəxsiyyətini qorumaq hüququ yoxdur.
Tomrisdən, Məshətidən, Sara Xatundan, Heyran xanımdan, Natəvandan boşuna dəm vurmayın! Gerçək Azərbaycan qadınının dirilişi böyük Zeynəlabdin Tağıyevin qız məktəbindən başlayır. Yəni qadına modern təhsil verən məktəbin açıldığı gündən. Müstəqilliyi bizə bəxş edən kişilərin də gücü məhz bu təhsilli qadınlarda idi.
Yeni dövrün Azərbaycan qadınını məhz Çar Rusiya hökumətinin açdığı müasir məktəblər diriltdi. Şəhrəbanununun, Zeynəbin alternativi Həsən bəy Zərdabinin qızı və Topçubaşovun xanımı Pəri idi, İsmayıl Bəy Qaspiralının qızı və Nəsib bəy Yusifbəylinin həyat yoldaşı Şəfiqə idi, Əhməd Bəy Cavanşirin qızı və Mirzə Cəlilin həyat yoldaşı Həmidə idi və daha kimlər, daha kimlər idi. Artıq ağır da olsa, çətin də olsa, uzun əsrlərin mollabacı, mexaniki irsi vərdişlərlə uşaq böyüdən, qaranlıq dünyasına alın yazısı kimi baxan qadın obrazı Sovet ideoloji mühiti üçün də dəyərsiz sayılırdı. Bu dönəmdə də qadınların təhsil imkanları, etiraf edək ki, daha da genişləndi və xeyli Azərbaycan qadını bu imkanların hesabına savadlandı, öz şəxsiyyətinin dəyərini qaldırdı, sosial həyatın üst qatlarına qalxa bildi.
Ancaq acınacaqlı budur ki, biz istər Sovet dövründə, istər də müstəqilliyimizi qazandığımız bu illər ərzində savadlı, yetkin, cəmiyyət həyatına fayda verəcək qadınların ictimai çəkisini yetərli səviyyədə artıra bilmədik. Hələ bu günədək bütün vacib sahələrdə qadın kvotasının yetərli olmamasından danışırıq. Artıq diplomlu mollabacılar, attestatlı hacıxanımlar, falçı məlahətlər, arxasında yekə erkəklər duran müğənniciklər yeni dövrün Azərbaycan qadınının obrazını işğal etməyə çalışırlar.
Azərbaycan qadınının ailəsinin şərəfini uca tutan, savadlı, əxlaqlı, öz hüququnu anlayan və tələb edən, dünya arenasında bu Vətəni təmsil etməyə qadir bir şəxsiyyət olaraq dirçəlişi hamımızın arzusu olmalıdır. Həm də bu arzunun gerçəkləşməsi üçün özünün kişi statusu ilə qürrələnənlər yuxarıda qeyd olunan keyfiyyətlərə sahib Azərbaycan qadınının obrazını digər bayağı, gerilikçi alternativlərdən uca tutmağı bacarmalıdır.
Bir nəfər də olsun Azərbaycan qızını, xanımını, qadınını təhsildən kənarda saxlamamalıyıq, onları məktəbdən uzaqlaşdıran bütün səbəbləri ortadan qaldırmalıyıq, qadınlar üçün peşə təhsili verən, bilik öyrədən, onları yaxşı maaşlı işlə təmin edən bütün iş adamlarının bu işləri genişləndirməsinə stimul yaratmalıyıq, qızların, qadınların fiziki sağlamlığının qorunması üçün bütün imkanları işə salmalıyıq. O halda görəcəksiniz ki, hər bir uşağın uğurunun arxasında ata gücü ilə yanaşı, savadlı və şəxsiyyətini uca tutan bir ana gücü də duracaqdır.
Beynəlxalq qadınlar günü əslində bayram kimi anlaşılmamalıdır. Çünki qadına dəyər verən, onun hüququnu tanıyan və hörmət edən, onun ictimai rolunu qiymətləndirən insanlar üçün belə bir günün sayı il ərzində 365 gün qədərdir. Əslində bu, bütün insanlıq üçün qadına dəyər verməyə çağırış günüdür.
Biz bir gün hökmən Qarabağı da qaytaracağıq, ancaq inanın ki, onu da Azərbaycan qadını ilə çiyin-çiyinə döyüşən Azərbaycan kişisi qaytaracaq. Çiyin-çiyinə döyüşmək üçün isə qadınların çiynindən basıb yerə gömməmək lazım. Cavid Əfəndi də bunu deyirdi: Qadınla ucalacaq bəşəriyyət!
İlk öncə dəyərinizi özünüz bilin ki, sizi haqqınız çatan qədər dəyərləndirsinlər, əziz xanımlar!
Fazil MUSTAFA,
Milli Məclisin deputatı
Share: