Bax, yenə də ruhum uçur yanına…

Afaq ŞIXLI

SƏNİ ARZULADIM…

Səni arzuladım
ömrüm uzunu
Xoş günə bir çiçək dəstəsi kimi.
Sevgidən yazılan ən gözəl şeir,
Həyatın ən lirik bəstəsi kimi.

Səni arzuladım
ömrüm uzunu
Səhrada bir yağış damlası kimi.
Bəxtimin xoşbəxtlik ifadəsitək,
Məhəbbət mətninin imlası kimi.

Sən oldun naməlum, əlçatmaz, uzaq
Uydurma dünyamın ünlü həkimi.
Səni arzuladım,
səni istədim,
Gözlə dim illərin xəstəsi kimi…

GƏLİR

Belə imiş həyat deyib öydüyün…
Bəxti olan səadətə tuş gəlir.
Anasıza sevinc vermir toy-düyün,
Analıya xəstəlik də xoş gəlir.

Yaz olanda qanın coşur-çağlayır,
Qış gələndə tənha qəlbin ağlayır.
Vəfasıza kim ki ümid bağlayır,
Əvvəl-axır gözlərindən yaş gəlir.

Qərib eldə yollar iki uclumu?
Ayrılıqlar məhəbbətdən güclümü?
Afaq Şıxlı, yoxsa bəxtin suçlumu,
Hara getsən, topuğuna daş gəlir?..

HARADA Kİ…

Uca Tanrım!
Mənə elə qəlb vermisən – qəfəsimə sığışmıram…
Ruhum kimi azad olmaq istəyirəm!
Azad eylə!

Üsyançıyam,
Sonugəlməz bu sürgünlə barışmıram…
Buralardan uzaq olmaq istəyirəm!
Uzaq eylə!

Könlüm əgər cövlan edib dolaşmırsa asimanı,
Göz yaşıma bələddirsə səadətin bircə anı,
Min qazan şər ərimirsə düzün bircə qaşığında,
Haqsızlıqlar yox olmursa ədalətin işığında,
Onda, mənə bu dünyanı yasaq eylə!

Götür apar,
Götür məni o dünyaya,
Harada ki, sözlə əməl bir olacaq!
Harada ki, talançılar əllərindən
yalançılar dillərindən açılacaq!
Harada ki, isinəcəm günəş dolu,
Şad olacam sevinc payı umunca mən!
Harada ki,
Sevəcəyəm seviləsi insanları,
Seviləcəm doyunca mən!

AY İŞIĞI QUCAQLAYIB GECƏNİ…

Ay işığı qucaqlayıb gecəni…
Tilsimdəyəm, istəyim yox tərpənəm.
Ayaqüstə seyr edirəm küçəni,
Hamı yatıb, oyaq qalan
bir mənəm…

Bax, yenə də ruhum uçur yanına,
Bircə anda gəlib sənə çatıram.
Sığal çəkib avazıyan saçına
Xəyalını qucaqlayıb yatıram…

İntizaram, nəfəsini bir duyam,
Aylar ötsə yenə yada düşmərəm.
El-aləmin sirdaşıyam, dostuyam,
Nədəndirsə təkcə sənə düşmənəm.

Kaş əlimi arzulara uzatsam,
Qoymasam ki, ümidlərim yıxıla,
Dilək tutub dəryalara çöp atsam –
Bu ayrılıq gəldiyitək yox ola!

KİMİN HİCRAN PAYIYAM?!

“Mən onsuz da bu dünyadan deyiləm”,
Xoşbəxtliyin bir gecəlik ayıyam.
Nə istədim – uzaq gəzdi, dolandı,
Bəxt oxunun gərilməmiş yayıyam.

Kədər daşıb, qismət məndən arlanıb,
Yoxsul ümid həsrətimdən varlanıb.
Yar bağında yollar-izlər qarlanıb…
Ayrılığın sanki əkiz tayıyam.

Yazan hanı… bu nağılın yox ardı!
Qışdan özgə kim qapımı çalardı?
Mən olmasam qürbət kimə qalardı…
Görən, Allah, kimin
hicran payıyam?!

SƏNƏ GƏLƏN YOLU NİŞAN VER MƏNƏ

Sənə gələn yolu nişan ver mənə,
Qıyma ki, ürəyim sıxıla, gəlim.
Bu yol can alsa da, can atım yenə,
Qoy elə yıxıla-yıxıla gəlim.

Ay tutsun əlimdən yoldaş yerinə,
Küləklər ətrimi qovub gətirsin.
Bir vüsal diləyək günün birinə
Hicranın bağrını ovub gətirsin!..

Məni qucaq açan bahara dön sən,
Aradan fəsillər ötməmiş kimi.
Keçmişdən yol alıb keç bu günümdən
Gəncliyin qoxusu itməmiş kimi!

…Sənin olduğun yer əzizdir mənə,
Döndər bu aləmi nağıla, gəlim.
Yollar can alsa da, can atım yenə,
Lap elə bu dünya dağıla, gəlim!

MÖVLUDA

“Darıxsan zəng elə”
K.N.

Darıxanda zəng elə,
Səbəb oldu, olmadı.
Dolub-boşaldı ürək,
Sənin yerin dolmadı!

Yazıq sən uçan bina
Donub qaldı yerində.
O gündən yoxdu adın
Evsizlər dəftərində.

Yazmadığın kitab da
Kölgəsini sürüyür…
Dərd böyüdür oğlunu –
Uşaqlar tez böyüyür.

Hələ istidi yerin,
Arada bir güman var,
Bir gün üşüyəcəklər
Səndən tez soyuyanlar.

Bir də, unutdum deyəm,
Borcların da silindi.
Daha azadsan yəqin,
Öz başın, öz əlindi.

Xəbər almaq istəsən
Mən də ki, elə-belə…
Darıxıram, bilirsən,
Arada-bir zəng elə!

19.03.17.

Share: