Qadın milli valyuta deyil, milli sərvət deyil…

Aysel Əlizadə yazdı

Necə cəmiyyətdi, anlamaq olmur. Qadını müti, fağır, deyiləni edən görmək istəyir. Sonra həmin müti qadın seçkidə ona deyiləni canla-başla yerinə yetirib bülletenləri üstündə gizlədəndə, söyür. “Kölə” deyir, “tula” deyir bayaqdan kölə görmək istədiyi qadına.

Amansız bir hökumətlə dirəşəcək qədər cəsarət tələb edir ondan. “Müəllimələr məmədanlarına bülleten dürtürlər” deyib təhqirlər yağdırır qadınlara. Bu səfər qadınlar “məmələrə azadlıq, seçkiyə ədalət” şüarı hazırlayıb aksiya keçirmək istəyirlər, onda da qayıdır ki, ayıb olsun, “məmə” sözünü işlədərlər heç? Vay, vay, vay.

Yazır ki, o nədi, qız plakat düzəldib “vagina mənimdi özüm bilərəm”, ayıb olsun ona, nəmnə. Əsəbləşir, ciddi-ciddi əsəbləşir ki, niyə özün bilərsən? Necə yəni özüm bilərəm? Məndən icazə almalısan, mən müəyyən etməliyəm, “özüm bilərəm” nədi?

“Neynirsən elə, heç kim bilməsin” xisləti bu cəmiyyəti bədbəxt edib. Altdan-altdan yaşamaq metastaz verib hər sferaya, hər sahəyə. Hər şeyi saxtadı ölkənin, hər şeyi.

Doğrudanmı sizə elə gəlir öz həyatını səmimi, azad yaşaya bilməyən, fikrini azad deyə bilməyən insanların cəmiyyətində azad seçki ola bilər? Harda olub, hansı tarixdə, saat neçədə?

Əziz insan, əziz qardaş, əziz həmvətən! Qadın milli valyuta deyil, milli sərvət deyil, milli mətbəx deyil. Ölkənin bütün kişiləri onunla bağlı rəy verə bilməz. Yerinizi bilin, həddinizi bilin. Ona necə yaşamalı, nə etməli olduğunu göstərmək sizə düşməz.

Yazırsız ki, nəslində bir başıpapaqlı yoxdu onların? O da bunu deyir, deyir ki, mənim orqanizmim özümə aiddi, papaqlıya yox. İnsanları məcbur edirsiz bunu sizə açıq deməyə. Düşünmürsüz ki, gör nə vəziyyətdi artıq cana doyublar, “əl çəkin bizim canımızdan” deyirlər.

Suala gəldikdə, yoxdu, qardaş. Bu ölkədə bir kişi var. Bunu ki sizə illər əvvəl deyiblər, siz də qəbul etmisiz, susmusuz.

Nə istəyirsiz öz bədəninin ona aid olduğunu deyən qızdan?
Nə?

Share: