BİRNƏFƏSƏ OXUNAN “YASAQ SEVGİLƏR”- Sevda Bəxtiyar Sara İbrahimin yeni romanı haqqında yazır…

BİRNƏFƏSƏ OXUNAN “YASAQ SEVGİLƏR”

(Sara İbrahimin romanı haqqında)

 

Hər kitab ilk səhifəsindən oxucuya “məni oxu!” nidası ilə hökm edə bilmir, amma oxucu kitabın elə ilk səhifəsindən “davam, ya tamam!” tərəddüdü ilə üzləşir, bəzən bir neçə cümlə, bəzən bir neçə abzas, bəzən də bir neçə səhifə qərar çıxarmağa bəs edir. Yazıçı oxucu ilə təmasın əvvəlindən qalib çıxmalıdır, bəzən sonra gec olur. Üstəlik, hər oxucu səbirli deyil, hadisələr, təhkiyə onu darıxdırdısa, kitabı bir kənara qoyacaq. Mənsə bacarmadım, yəni Sara İbrahimin “Yasaq sevgilər” romanını kənara qoya bilmədim…

Yuxarıda qeyd etdiyim kimi, roman ilk səhifələrindən məni öz dünyasına apardı və bəzən ev, ailə qayğısı ondan ayrılmağıma səbəb olsa da, fikrim, düşüncələrim kitabda təsvir edilmiş hadisələrin, obrazların  yanında qalırdı.

Bildiyim qədərilə bu, müəllifin ilk irihəcmli nəsr əsəridir, amma kitabı oxuyarkən bunu hiss etmək olmur. Oxucu səhifədən səhifəyə, hadisədən hadisəyə keçdikcə bu ailənin, bu qəhrəmanların yaşadığı dünyanın bir parçasına çevrilir. “Yasaq sevgilər” təkcə romanın qəhrəmanı Səmanın yasaq sevgilərindən bəhs etmir, burada bütünlüklə bir ailənin yad, qərib sevgisi əks olunub. Doğrudur, romandakı hadisələr doğulduğu gündən bəri insanın ən çox dadmaq istədiyi ana sevgisindən məhrum olan Səmanın həyatından bəhs edir, lakin bu paraleldə müəllif  həm də onu bu sevgidən məhrm edən ananı addım-addım izləyir və onun “məğlubiyyətini” oxucu ilə bölüşür.

“Yasaq sevgilər” çox qəddar romandır. Biz bir ailənin süquta, heçliyə, məhvə gedən taleyini addım-addım izləyirik. Romanın əvvəlində Səma bütün ailənin xoşbəxtliyi fonunda dışlanmış, doğmalarının deyil, yalnız kənar adamlarının sevgisi ilə əhatə olunmuş tənha qızcığazdırsa, finala doğru biz Səmanın simasında özünü təsdiq etmiş, xarakteri, mənəviyyatı, bacarığı və ən əsası – sevgisi ilə bütün mübarizələrdən qalib çıxan gənc qızı görürük.

“Yasaq sevgilər” ailələrə, valideynlərə bir mesajdır. Romanı oxuduqca bu yaxınlarda izlədiyim sosial çarxlardan birinin süjetini xatırlayırdım: imkanlı bir ailənin xəstə, amma bütün ailənin sevgisi, qayğısı ilə əhatə olunmuş övladı. Səma isə xəstə deyil, o, ailədəki uşaqların hamısından savadlı, bacarıqlıdır. Əslində ailədə ən böyük sevgiyə layiqdir, amma ana səbəbini özü də bilmədən bu qıza münasibətdə ədalətsiz davranır.

Mən romandakı ata obrazının simasında müəyyən qədər qətiyyətsiz, başı yalnız işinə qarışan, ailədəki vəziyyətlə maraqlanmayan, öz atalıq missiyasını “soyuducunu doldurmaqla” bitirən bir kişi gördüm. Müasir ailələrin əksəriyyətində belə problemlər yaşanır və məhz bu səbbədən ailədəki uşaqların gələcək taleyində müəyyən sapmalar, xoşagəlməz məqamlar baş verir. Çox vaxt müasir ata obrazı tanıyıb qəbul etdiyimiz ötkəm ata obrazlarından seçilir, amma görünür, belə atalar əvvəllər də olub və əlbəttə bu səbəbdən biz “Yasaq sevgilər”dəki ailənin faciəsini izləyirik. Heç bir ailə Səmanın ailəsinin yaşadığı faciələri yaşamaq istəməz və əgər bunu istəmiriksə vaxtında övladlarımza sahib çıxmalıyıq. Əks halda bir gün bütün ailə və bu ailəyə yaxın olanlar qaçılmaz bəlalarla üzləşər və taleyin sərt imtahanlarından hamı Səma kimi qalib çıxmaya bilər.

Müəllif Səmanın doğmaları və kənar adamların paralelində müxtəlif köməkçi obrazlara yer ayırmaqla, dünyanın yaxşı adamlardan xali olmadığını göstərir. Məhz həmin yaxşı adamlar Səmanın həyatına müdaxilə etməklə onu kənar bəlalardan qoruya bilirlər, lakin bəlanın ən böyüyü zaman-zaman Səmanın yaşadığı evin içində olub və bu bəlanın adı “ana”dır. Müəllif qadın olmasına baxmayaraq, belə bir ana obrazı yaratmağa özündə cəsarət tapıb və bu, onun qətiyyətini göstərir. Məncə Sara İbrahim bu addımı ilə hər kəsə səslənərək bir fikir bildirməyə çalışır: “Valideyn övladını təmənnasız sevə bilən ilahi varlıqdır və əgər kimsə bu sevgini paylaşa bilmirsə xəstədir!” Bir qədər kobud da səslənsə, mən bu xəstə tiplərin köməksiz uşaqlardan uzaq olmasını istəyirəm.

Səma uzun illər özünü axtarır, ailə, xüsusilə ana sevgisindən məhrum olmağı bu qızın psixikasına ağır zərbələr vurur, bu qız ən gerçək sevgiləri belə rədd edir, hər şeydən, hər kəsdən qaçır, öz dünyasında, öz tənhalığında rahatlıq tapır və nə yaxşı ki, həyatda Mahir kimi sevgiyə dəyər verən, sevgisinə, hisslərinə sadiq qalan insanlar da var və məhz belə insanlar Səmanı düşdüyü sevgisizlik bataqlığından çıxara bilirlər.

Sara İbrahim bütün ailəni “cəzalandırır”, zaman keçir və hər kəs Səmanın sevgisinə ehtiyac duyur. Qardaşlar, bacı, ana… sonda hər kəs zaman-zaman Səmaya etdiyi haqsızılığı anlayır və Səma öz içindəki tükənməz sevgi ilə bütün məhrumiyyətlərə qalib gələ bilir. Bununla müəllif oxucuya sonda güclünün, imkanlının deyil, ağıllının, qətiyyətlinin və əsası səbir edə bilənin qalib gəldiyini göstərir.

Roman birnəfəsə oxunur və oxucu burada sadə, aydın bir şəkildə təsvir edilmiş hadisələrin axarına düşür. “Yasaq sevgilər” nə klassik qadın yazarların, nə də müasir qadın müəlliflərin dünyaca məşhur əsərlərindən geri qalmır, əksinə bu roman mənə daha doğmadır və inanıram ki, Sara İbrahim imzası qısa zamanda istedadlı, müasir qadın yazarlarımızın adı ilə yanaşı çəkiləcək.

Sevda BƏXTİYAR (Musayeva), uşaq yazarı.            

Share: