Uzaqdan baxanda mələksən-mələk, misraya dönürsən mənə çatınca

Vasif  SÜLEYMAN

TƏK ÖZÜM OLSAYDIM, NƏ VARIYDI Kİ… 

Bu şirin bəlanın iki canı var,
Tək özüm olsaydım, nə varıydı ki…
“O” adda, “mən” adda bir həyanı var,
Tək özüm olsaydım, nə varıydı ki…

Bir yolun üstündə bu alov, o nəm,
Bəlkə də taleyin qarğışı mənəm.
Yaxşı düşünməyin məni, cəhənnəm,
Tək özüm olsaydım, nə varıydı ki…

Yaşanmaz sevgidir – uludan-ulu,
Nə olsun, həsrətdən düşübdür yolu.
Bir körpə mələk var, ölüm arzulu,
Tək özüm olsaydım, nə varıydı ki…

Ömrü hara çəkə, hara çəkməyə…
Taleyin üstündən qara çəkməyə.
Hazırdı özünü dara çəkməyə,
Tək özüm olsaydım, nə varıydı ki…

Birlikdə çəkirik şirin bəlanı,
Bizsiz yazılanın yoxdur yalanı.
Kimsə ovudammaz mənsiz qalanı,
Tək özüm olsaydım, nə varıydı ki…

SEVGİNİN DİLİNİ DUYANDAN BƏRİ

Elə həsrətin də bəs eylər mənə,
Hələ ki, eşqinlə dinə bilirəm.
O dünya, bu dünya, fərqi nədir ki,
Ölsəm də çatmaram sənə, bilirəm.

Nə vüsal görmüşük, nə kam almışıq,
Yazdığım bir yarpaq şeirdi sənə.
Ölüb getməyimmi ovudar səni,
Qalıb yanmağımmı xeyirdi sənə…

Bu zülmət ömürə nə lazım axşam,
Toranı qovuşur hayandan bəri.
Dünyanın dilini yadırğamışam,
Sevginin dilini duyandan bəri.

ÇATINCA

Bir ömrə dəyərdi tək səni sevmək,
Sevərdim imana, dinə çatınca.
Uzaqdan baxanda mələksən-mələk,
Misraya dönürsən mənə çatınca.

O dünya varımdır, bu dünya yoxum,
Yanımda nə qardaş, nə bacı, qohum…
Bəlkə harayını eşidər ruhum,
Halımı sorarsan yenə… Çatınca.

Birdən sən gəlincə çiçəklər solar,
Barı, son anımda ləngimə, nolar…
Onsuz da mələklər aparmış olar,
Sən gəlib mən adda qəmə çatınca.

Share: