Balayar Sadiqin həndəsə fəsli

(Tanınmış şair Balayar Sadiq haqqında)

2000-ci ilin əvvəli idi, bir payız günündə Balayar Sadiq gəlmişdi Bakıya. Hava soyuq, küləkli, bir az yağışlı idi. Küçələr qaça-qaç, qova-qov, avtobuslar qaşqabaqlı, dayanacaqlar kədərli, sankı hər tərəfdə ”Əlvida Bakı” musiqisi səslənirdi. Bir az pulsuzluq, bir az da dostların vəfasızlığı, bir az laqeydlilik havasıı vardı Bakıda. Azərbaycan Yazıçılar Birliyinin pilləkənlərində ayaq üstü Balayarla tələsik görüşdük, dedi, bu səhər gəlmişəm, axşama Lənkarana qayıtmalıyam. Elə tələsirdi ki, məndən bir addım Lənkaran tərəfə dayanmışdı. Dayandığı yerdə də bir ayağı yenə Lənkaran tərəfə idi, əlləri mənə uzalı halda ayrıldıq. Balayar gedən kimi Bakıda külək kəsdi, hava duruldu, günəş çıxdı.

Balayar Sadiq mənim yadımda ilk dəfə belə qaldı, bir az da saqqalı vardı, bir az da kədəri. Sonra yenə günlərin bir günü Bakıya gəldi, əlində 3-4 bükülmüş qəzet, yenə bir ayağı qaçaq. Amma dilindən Lənkaran düşmürdü, bir dəqiqənin içində Şəkər Aslandan, İltifat Salehdən, özünün eynən dediyi kimi, ustadı-əzim Məmmədhüseyn müəllimdən, sonra cavanlardan Tərlan Əbildən danışdı və çıxıb getdi… Getdiyi yerdə qayıdıb dedi ki, sənin “60-cı illər” poemanı oxudum, əla poemadır, özü də belə dedi, “poetik düşüncənin özünü dərk prosesi….” yarısını eşidə bilmədim, mindi avtobusa, getdi Lənkarana. Bir də görünməyi qaldı yaz- yaya.
Bu o zaman idi ki, Bakıda iki yazıçı bir yerdə çay içə bilmirdi, iki qoçun başı bir çaynikin başına cəm olması məsələsi çox çətin idi, hamı dahi idi, hamı Kafkanın kitabını qoltuğunda gəzdirən vaxlarıydı.

Balayar Sadiqin şeirlərini 90-cı illərin əvvəllərindən oxuyurdum, bu şeirlərdə bir cənublu oğlanın ürək titmləri vardı, həm əruzda, həm hecada, həm də sərbəstdə, özü də aritimiyasız. Yenə bu o zaman idi ki, Masallıda “Qala” qəzeti çıxırdı, baş redaktoru Məmməd Kazım və əməkdaşları Arif Fərzəli, Süleyman Əlisa və başqaları idi. O zaman rayonda ədəbiyyat çap eləyən bir qəzetin çapı böyük bir ədəbiyyat hadisəsiydi, mən də, Balayar da o qəzetdə gen-bol çap olunurduq.

Sonra Balayar Sadiq Bakıya köçdü, bundan sonra sıx görüşdük, bir-birimizi yaxşı tanıdıq. Demək olar ki, hər gün Nərimanov bağında çay içirdik, ədəbi söhbətlər eləyirdik. Mən sonra öyrəndim ki, Balayar hərbiçi imiş, Qarabağda döyüşüb, elə tələsməyinin bir tərəfi də hərbinin onun xarekterinə yazdığı bir lent yazısı imiş. O gənç yaşlarında müharibə görmüş və onun dəhşətlərini yaşamış bir adamdı.
Balayar Sadiqi son illərdə kəşf elədim, həm şeirləri ilə, həm də xarekteri ilə oxcuların yaddaşında öz obrazını yaratdı. Mən onu gözəl bir şair, tənqidçi, esseist kimi tanıdım. Yaxşı bir dost kimi qəbul elədim.

Onun çox gözəl sonetləri, qəzəlləri, heca və sərbəst şeirləri var. Əruzu gözəl bilir, gənçlərə həmişə dəstək olur. Sərhədlə, xüsusən Qarabağla bağlı onun çox maraqlı şeirlərini oxumuşam.
O, Beynəlxalq Rəsul Rza Mükəfatı laureatıdı, “Ədəbi azadlıq -2013” şeir nominasiyanın birinci yerin qalibidir. Dövlət Sərhəd Xidmətinin keçirdiyi ədəbi yarşmalarda dəfələrlə birinci yeri tutmusdur.
Balayar Sadiq ən gözəl xüsusiyyətlərindən biri də budur ki, o, doğulub boya-başa çatdığı torpağı unutmur, həmişə öz bölgəsi haqqda ağız dolusu məhəbbətlə danışır, ona yaxşılıq eləyənləri yaddan çıxarmır. Eləsi var ki, Bakıda bir- iki şeiri çap olunan kimi öz rayonunu, ona xeyirxahlıq edənləri yaddan çıxarır.

Balayar Sadiqin şeirləri onun ədəbi təcürbəsinn, mütaliəsinin, müşahidəsinin məhsuludur. O, aşağıdakı şeirlərin hazırkı dayandığı yerə qədər böyük bir yol gəlmişdir. Bu 5-10 ilin işi deyil, 20-30 ilin bəhrəsidir.

Üzü¬nü yu¬ma¬ğa
bir ovuc
su tap¬mır də¬niz
****

Ovcumdakı su kimi 
üstümə dağıldı
sükut…

Balayar Sadiq klassik ədəbiyyatı və müasir şeiri gözəl bilir. Ədəbi mətni müxtəlif kontekslərdən təhlil və təqdir edir. Onun müasir şeirimizdə layiqli yeri var. Kimin qəbul edib etməməsindən asılı olmayaraq, artıq bu hadisə baş verib.

Bu İtin əlindəki
qarpız dilimi
əruz vəznində
can verir…

Qəşəm Nəcəfzadə adlı şəxsin şəkli.

Balayar Sadiqin şeirləri meşələrin içindəki üstü qırmızı kərəmitli talış evləri kimidir. Sankı adama boylanır bu şeirlər. Məhz belə koleritlik şeirin daxili enerjisini təşkil edir. Daxili vəziyyət çöldəki vəziyyətin halına üyğundur.

ağacların danışdığı
rəngdə yorğunam.
Baxışımda çidarlanıb
buludlar
Yaddaşımın çölləri
dağılıb
yaşıllığın təravətinə…

və yaxud

Yenə də gec gəldi həndəsə fəsli
Məni unudubdu
bütün rəqəmlər
ağacların danışdığı rəngdə

Bu il gözəl şairimizin 50 yaşı tamam oldu.. Getdik Lerikə. Dağlar qoynunda dərin fikirlə dalmış Lerik bizi gülərüzlə qarşladı. Lerk Rayon İcra Hakimiyyəti Balayar Sadiqin 50 illik yubileyini təntənə ilə qeyd etdi. Mən onda bildim ki, bu yerin cammatı Balayar Sadiqi necə sevirmiş. Meşələr, meşələr arsındakı üstü kərəmitli evlər təbiətin həndəsə fəsli iidi. Balayar Sadiqin şeirləri həndəsi silsilə ilə bu yerlərdən dünyaya qanadlanmışdır.

P.S: İndi bu gün gözəl və dəyərli şairimizin ad günüdür. Həyat onun ömür daşlarının qarşısına beş qoşa qoyub.

 

Share: