Məmməd İlqar: “Tezliklə Akif Səmədlə görüşəcəyəm…”

Bu günlərdə tanınmış şair Məmməd İlqarın 70 yaşı tamam oldu.

Müstəqil.Az sevimli şairimizi təbrik edir və 2014-cü ildə Faiq Balabəylinin şairlə bağlı Axar.az-da yayınlanan reportajını  oxuculara yenidən təqdim edir:

Şair Məmməd İlqarın “Xatirə dəftəri”ni vərəqləmək istədik. Əfsuslar olsun ki, bu istədiyimiz vaxta təsadüf etmədi. Şairin səhhətindəki problemlər bu xatirələrin vərəqlənməsini bir qədər ləngitdi…

Bər başdan deyim ki, indi xatirələri ilə baş-başa qalacağınız Məmməd İlqar mənim ən çox sevdiyim şairlərdəndir.

Şair söhbətimizdə bizə heç nə danışmadı

Axar.az-ın “Xatirə dəfətəri”ndə dəyərli oxucularımızı şairimizin xatirələrinə nə dərəcədə “qonaq” edə biləcəyik, özləri deyər. Amma mən o xatirələrin, o hisslərin hələ də “girovundayam”. Əslində şair söhbətimizdə bizə heç nə danışmadı. Əhval-ruhiyyəsi yüksək idi, zarafat edirdi, bizimlə – başına toplaşan qələm dostları ilə maraqlanırdı… Gülümsəyirdi. Gözünü qıyıb “uzaqlara baxırdı”. Evinin divarlarından o tayda nələri görürdüsə, dilinə gətirirdi…

“Dəftər”in bəzi vərəqləri isə oxunmaz dərəcədə pozulub

Şairin səhhətinindəki problemlər onun yaddaşının alt qatında olan xatirələrin silinməsinə səbəb olub. Söhbət edib yaddaşını – xatirə dəftərini vərəqlədikcə mənə elə gəldi ki, şairin xatirə dəftərinin bir çox vərəqləri illərin üstümüzdən əsən yellərinə dözməyib. Sanki əsrlər yaşayıbmış kimi bu xatirələr arxiv matrealları kimi saralıb. “Dəftər”in bəzi vərəqləri isə oxunmaz dərəcədə pozulub.

Nə yaxşı ki, Məmməd İlqarın “Xatirə dəftəri”nin vərəqlərini bizə “oxuyan” doğması, “arxiv işçisi” oğlu Babək varmış. O, şairi dünəni unutmağa qoymur. Sanki silinmiş yaddaşını bərpa etməklə məşğuldur…

Məmməd İlqar az yazıb. Amma yazdıqları çox-çox kitab bağlayan şairlərin şeirlərindən daha çox oxunan, yaddaqalandır. Onun şeirlərinin əksəriyyəti elə xatirə dəftəridir ki, var. Kimlər yoxdur o şeirlərdə? Kimlərlə olan münasibətlər, səmimi rəftar, dostluq və sairələr o şeirlərin misralarından üzü bəri boylanmır? Məmməd İsmayıl, Məmməd Araz, Məmməd Aslan, Məmməd Dəmiçioğlu, Ağamaalı Sadiq Əfəndi, Akif Səməd. Aşıq Avdı, Aşıq Nazim, Aşıq Ədalət… daha kimlər, kimlər… Adları çəkilən tanınmışlara ünvanlanan şeirlərdə xatirələr vərəqlənib, yaddaşlar təzələnib…

Dəmirçioğlu ilğımdı,

Dumandı, döşə getsin.

Zornan-zülümnən gələn

Olurmu xoşla getsin?..

Açılmayan “xatirə dəftəri”

Beləliklə, Şair Məmməd İlqarın “Xatirə dəftəri”ni vərəqləmək zamanı çatdı… Sumqayıtda yaşayan Ehtiram İlhama zəng vurdum. Məmməd İlqarla görüşmək istədiyimi dedim, onun telefonunu istədim. “Şair indi telefona cavab verə bilmir”, – dedi. Sonra da əlavə etdi ki, “İrandan təzə gəlib, yaddaşı tamam silinmişdi. İndi bərpa olunur”. Dostum dedi ki, şairin oğlu ilə danışaram və nə vaxt özünü yaxşı hiss etsə görüşərsiz. Razılaşdıq və gözlədim… Məmmədin çox sevdiyim misralarını pıçıldadım:

Köhnə dostdur!

– təzə kədər

Ömür nədir? –

Qəza–qədər.

Bir də gələn yaza qədər

Dağlar, Məmməd amanatı…

Onunla görüşənə, xatirə dəftərini vərəqləyənə qədər bu və başqa bildiyim şeirlərinin misraları dodaqlarımın bələdçiliyi ilə ürəymdən süzülüb axdı və nədənsə qorxdum… Öz misralarıdır:

Buluda qoşulub gedər,

Dağlar, Məmməd amanat!..

Ehtiramın, oğlu Babəkin zəngini gözləyə-gözləyə “Dağlar, sizə qurban olum, dağlar Məmməd amanatl”, – dedim.

Şairin öz misralarıyla özünü ismarladım, özünü özünə, qoynunda doğulduğu İncə dərəsini ovcunun içində gizlədən dağlara tapşırdım…

Zəng…

Nəhayət Ehtiramdan gözlədiyim zəng gəldi:

 Məmmədlə görüşüb, yazı hazırlamaq istəyirdin, fikrindən dönməmisən?

Vaxtı-vədəni razılaşdıq. Sumqayıta gedəsi oldum. Oğlu Babək bizi evlərinin doqqazında qarşıladı. Həyətə, ordan da evə keçdik. Şairin otağından saz havası səslənirdi. Səliqəli otaqda həmişəki Məmmd müəllim idi, oturmuşdu. Bir qədər rəngi ağarmışdı sanki… Görünür, həyət-bacaya az çıxır, düşündüm.

Növbə ilə bizi bağrına basdı:

– Necəsiz?- hal əhval tutdu. – Xoş gəlmisiz, – dedi.

Nəvəsi, balaca İlqar da yanında idi.

Babək:

– Bütün günü işi–gücü İlqarladı, onunla nəfəs alır. Elə bil tay-tuşdular.

“Deyin görüm, necəsiz, nağayrırsız?”

Bu sözləri Məmməd İlqar “xoş-beşdən”, salam–kəlamdan sonra əlini oturduğu stola çırparaq dedi. Özü də bunu söhbətimizin sonuna qədər bir neçə dəfə təkrar etdi…

– Siz necəsiz, Məmməd müəllim?

– Yaxşılıqdır. Qoymurlar ki, istədiyimi edəm…

– Nə istəyirsiz ki?

Əlini qəribə şəkildə oynadır. Bir doğmalıq var hərəkətlərində. Gözlərində tər-təmiz bir işartı, insanlara, ətrafa olan sevgi var… Çay süfrəsinin arxasındayıq. Babəkə tərəf dönür:

– Ayə, bəs araq-zad almamısan?

Babək dinmir. Söhbəti fırlayıb yaradıcılığının üstünə gətirirəm:

– Məmməd müəllim, ən çox sevdiyin şeiriniz hansıdır?

– Mən şeirmi yazmışam? Cəmi 7-8 şeirim ola-olmaya…

Bir az bundan qabaq Akifi gördüm

– Dostlardan kimi xatırlayırsız? Daha çox kimi görürsüz yuxuda?

– Kimi? Heç kimi, hamısı burdadır da, elə bir az bundan qabaq Akifi (rəhmətlik Akif Səməd. – red.) gördüm. Aya, o bura gəlmişdi, ya televizorda çıxış edirdi? – oğlundan soruşur.

– Akif ölüb e, ay ata… – Babək deyir.

– Ha vaxt? Bəs mənə niyə deməmisiz?.. Akif? Yox əşşi, gedəcəm onun yanına, bu nə zarafatdır?..

– On ildir ölüb Akif Səməd, yeddisini sən apardın ki… Dünən sizin dostunuz Sabir Sarvanın 58 illiyi olub. Görüşmüsən onunla?

– Yox…

– Şəhərin tünlüyündən sakit guşəyə – dəniz qırağına çəkilmisiniz, nə məsələdir?

– Burdan da gedəcəyəm…

– Hara, kəndə?

– Yox, özün bilirsən hara.

Sevdiyim şeri demək çətindir

– Niyyətiniz hara, Allah mənzilinizi ora qismət etsin… Olub ki, elə arzularınız ürəyinizdən keçib demisiniz ki, mən eləməmişəm, oğlum Babək bu yaşında edib?

– O qədər şey var ki… Etdiklərindən xoşum gələni də var, etmədikləri də var.

– Ən çox sevdiyiniz hansı şerdir?

– Ən çox sevdiyim şeri demək çətindir, heç düzgün də deyil.

– Bəs ən çox sizin şerlərinizi əzbərdən bilən dostlarınız kimdir?

– Mənim ən çox yeddi, səkkiz şerim var, elə çox da şerim yoxdu. O vaxt nə çap olunmuşdu, elə onlardı.

Gücüm çatsa yazardım

– Mən sizin şeirləri kitabınızı oxumamışdan eşidib əzbərləmişdim. Bunu dostların ağzından eşitmişdim. Sizdə şair xoşbəxtliyi var ki, kitabsız şerləriniz yayılıb.

– Hər şey çapa getməz ki. Birdən elə yerdə elə misra gedir ki, sənin bütün şerini heç nə eləyir. Amma gücüm çatsa yazardım, yəqin ki, çatmayıb buna.

– Axrıncı dəfə kənddə, İncə dərəsində nə vaxt olmusunuz?

– Yayda getmişdim – avqustda, sentyabrda qayıtdım. Qayıdandan sonra da xəstələndim. Özünüzdən danışın, necəsiniz, nağayrırsız?.. – əlini yavaşca stola çırpır.

– Qonaq gəlmişik sizə. Bizə tez-tez təkrar etdiyiniz şerinizi deyin.

– Ömürdü-amanatdı,

Qarsanmadı, afatdı…

Demirəm zarafatdı,

Demirəm, boşla getsin, – bunu Dəmirçioğluna yazmışam.

Nəvələrimin babasıdır

– Deyəsən dostlarınızdan Məmməd Dəmirçioğluna daha çox şer yazmışınız?

– Sənətkardır da… Mənim üçün o, sənətkardır. Həm yaxşı rəssamdır, həm də yaxşı şairdir. Həm də ki, nəvələrimin babasıdır,- gülür. – Özü də yaxşı oğlandır.

– Birdən əliniz çatmadı Məmməd Dəmirçioğluna, hansı dostu çağırardınız yeyib-içmək məclisinə?

– Əlbəttə Məmməd Dəmirçioğlunu çağırardım məndən çox xərci o qoyur… -gülür.

O, həqiqətən bir əfəndi idi…

– Dəmirçioğlu ilə sizi sənət, şer, rəssamlıq daha çox mehriban etdi, yoxsa qohumluq telləri?

– Yox, dost idik. Bizi onunla kim tanış etmişdi? Yadımda deyil. Amma deyəsən rəhmətlik Ağamalı tanış etmişdi. Ağamalı bir başa bizi tanış eləməmişdi, onun yanında bizə gəlmişdi… nəsə yadıma gəlmir… Ağamalı Sadiq Əfəndi… o, həqiqətən bir əfəndi idi… – kövrəlir.

– Yuxunuza ən çox nə gəlir? Məsələn İncə dərəsi…

– Ən çox heç kim gəlmir yuxuma… Yuxum gəlmir ki, yuxu da gətirsin, mən yatmıram ki…

– Bir dəfə bir qımqıma dediniz. Bir məclis idi, söz düşdü dediniz “göy” sözü cinas olaraq işlənirdi həmin qımqımada…

– Bizdə kürəkənə “göy” deyirlər. (Xeyli fikrə gedir). Deyə bilmirəm, yadıma düşmür. Neyniyirsən ee köhnələri. Təzə də yoxdur.

Lap axrıncı şeirimi yazmamışam ki…

– Lap axrıncı şeriniz hansıdır?

– Lap axrıncı şeirimi yazmamışam ki…Yadımda qalmayıb. – Yenə də fikrə gedir, yaddaşsızlığından əziyyət çəkir…

– Dostlarınıza bir neçə şeir yazmısınız…

– Akifi internetdə gördüm bayaq. Elə orda görəndə fikirləşdim ki, bir vaxt tapıb onu görüm. Amma bilmirəm onu harada görüm, harada tapım. Özü də gəlmir…

– Məmməd Dəmirçioğlu dostdur, qohumdur – özü gəlib görəcək sizi. Bəlkə elə yuxularınıza tez-tez gələn Akif Səməddir?

– Heç kim yuxuma gəlmir, əşşi. Nə belə gəlirlər, nə də elə. Mənim iyirmi beş, otuz beş yaşım yoxdur ki, altmış dörd yaşım var e…

– Maşallah çox yaxşı qalmısınız…

Gözlərimin içinə baxır, sonra fotoqraf Şakiri süzür. Oğlu Babəkə tərəf dönür, əlini sol tərəfində oturan Ehtiramın əlinin üstünə qoyur, Dəmirçioğluna yazdığı şeirin eyni bəndini yenə təkrar edir:

– Ömürdür amanatdır,

Qarsanmadır, afatdır.

Demirəm zarafatdır,

Demirəm boşla getsin…

– Aşıqlar niyə sizi çox istəyir, sizin şerlərinizdən oxuyur?

– Toyxanada da oxusunlar da, mən də eşidim bir dəfə. Harda oxuyurlar e…

Məni qarışdırırlar

– O gün Şərif Ağayar mənə link atdı. İran aşıqları səndən oxuyurdu. Rusiyada yaşayan azərbaycanlılar da sizin sözlərinizdən oxuyurlar.

– Bəlkə məni qarışdırırlar başqa Məmməd İlqarla? (gülür)

– İlqar Məmməd var, amma ikinci Məmməd İlqar yoxdur. Bəs nəvən İlqarla aranız necədir? – Ehtiram soruşur.

– Hə, İlqara qurban olaram. İlqar varsa, məndə varam.

– Yola gedirsən onunla? Heç nağıl danışırsan İlqara?

– Hə yola gedirik, – qırıq-qırıq gülür, ardınca: – O, nağıla qulaq asandı? – deyir.

Nə sənət vurğunu ola bildik, nə də Səməd Vurğun

– Şerə marağı necədir?

– Qoymayacağam onu boş-boş şeylərlə məşğul olmağa. Səməd Vurğunu Allah rəhmət eləsin, qoymadı adam ömrü yaşaya. Deyən lazım idi ki, get işinlə məşğul ol da, ağsaqqal kişisən, nə var axı, şeir yazırsan? Baxdıq ona, biz də heyf olduq, yazıq olduq.

– Səməd Vurğun böyük bir nəsli yazıq elədi. Hamı Səməd Vurğun olmaq istədi, – Ehtiram yenə də söhbətə qatılır.

– Nə sənət vurğunu ola bildik, nə də Səməd Vurğun, – Məmməd İlqar deyir.

Mən xəsis adamam

– Qazaxlı dostlarım çoxdur. İndiyə kimi heç bir qazaxlının evində qonaq olmamışam. Birinci sizsiniz ki, qonağınızam

Oğlu Babək:

– Elə birinci müsahibəsini də sizə verir, hələ indiyə kimi heç kəsə müsahibə verməyib.

Məmməd İlqar:

– Mən xəsis adamam, qonaqpərvər deyiləm, – gülə-gülə deyir…

– Məmməd müəllim, nə də yadınızda qalmasa, yoldaşınız Fatimə xanıma yazdığınız şer yadınızdan çıxmaz?

Bığaltı qımışır, amma dinmir, boylanıb mətbəx tərəfə baxır, xanımı ordadır, yenə də gülümsəyir.

Babək atasının köməyinə çatır:

Göyçək günlər gözləməkdən üzüldük,

Gələcəkmi göyçək günlər, ay göyçək.

Cənnətliklər çəkəmmədi cəfanı

Caladılar sən çəkəsən, a göy, çək…

“Göy” kürəkən gedir də orda, onu qayınanasının adından yazıb… İkinci bəndini özün denən.

Şair aramla şerin tapşırmasını deyir:

Məmməd İlqar çoxda bağrın yaradır,

Ad çəkməsəm, bu söz nəyə yaradı.

Beşcə göyçək hərf olubdu yar adı,

Dörd göyçəyin axırında “a” göyçək.

Şeiri deyir və əlini yavaşca stola çıpır:

– Deyin görüm siz necəsiz, neynirsiniz?

Sabir Sarvandan söz düşür. Məmməd müəllim dostunun adını eşitcək sevincək olur.

– Sabir necədir, o kimə sədrlik edir?

Oğlu dillənir:

– Dünən ad günü idi. Biz təbrik elədik.

– Elə şey ola bilməz. Mən niyə getməmişdim? Sabirin ad günü olduğunu heç bilməmişəm.

– Ata sən də getmişdin, təbrik də etdin…

– Məmməd müəllim, nə qədər mələkləriniz olub? Ünvanlı şeirləriniz çoxdur.

– Kiri-kiri, mənim bir dənə mələyim olub həyatda. Şeilərimin hamısı ona ünvanlanıb.

– Heç darıxırsınızmı?

– Hə, bəs nə…

– Nədən ötrü, kimdən ötrü darıxırsınız?

– Cürbəcür darıxmağım olur. Darıxanda özüm-özümlə oynayıram. İlqar da yanımda durmur. Hamı üçün qocalmışam. Özümü görə bilmirəm, özüm üçün də qocalmışam. Zarafat deyil, 64 yaşım var.

– Nə olub, nə yaşdır ki, o…

– Camaat bu yaşda ölür, ay Allah kömək olmuş.

Olmayan dostlar

– Darıxdığın dostlarından danışmadın axı…

– Nə bilim, indi olmayan dostlarımdan ötrü darıxıram…

– Kimdir indi olmayan dostlar?

– Çoxdur… Çoxları yoxdur, çoxları da var, yox kimidir.

– Olmayanlar kimdir, bir-ikisini deyin də…

– Ağamalı Sadiq Əfəndi yoxdu rəhmətə gedib, – əlini saçlarına çəkir, gətirib ürəyinin üstünə qoyur, – Akif Səməddən ötrü darıxıram, gəlmir, onu görəcəyəm.

– Necə dost idi Akif Səməd?

– Dostluğunu demirəm, özünü çox istəyirik. Nəyə görəsə bilmirəm.

– Hansı xüsusiyyətləri var idi ki, istəməli. Məsələn, davada əli yox idi, ağsaqqallıq da eləmirdi. Hara gedirdi, yeyib-içirdi…

– Akif yaxşı dostdur, gərək onun çəminə düşəsən.

– Akifin çəmi nə idi, hansı çəminə düşmək lazım idi ki, onun yaxşı tərəfini görək?

– Akif elə vuran-tutan olmayıb, arağı da hamımız kimi içirdi. Bizdə olmayan müəyyən keyfiyyətlər onda var idi. Akif demişkən, çoxdandır Akifi görmürəm. Üç-dörd il olar görmürəm onu.

Akifin yeddisi idi?

Babək:

– Akif əmi torpağın altındadır, görə bilməzsən onu.

– Nə danışır o? – təəcüblə hamımızı süzür, Babəkdən incik görünür.

Babək:

– Vallah, ölüb, heykəlini də qoyublar, bayaq baxmadın internetdə? 2004-cü ildə rəhmətə gedib. Üçüncü dəfə infarkt keçirtdi AYB-nin qabağında, yadından çıxıb?

– Yeddisi məclisini də keçirtdik, sən hələ şeir də dedin.

– Akifin yeddisi idi?

Babək:

– On il qabağı deyirik də, sənin yaddaşın pozuldu, xəstələndin.

Söhbətin axarını dəyişmək istəyirəm:

– Birinci şeiriniz yadınızdadı, nə vaxt yazmısınız?

– Yox yadımda qalmayıb… şeiri havaxt yazdım? Kənddən yazırdım hələ… Məmməd İsmayılın dərnəyinə gedirdim. Orda şeir yazırdım.

Ehtiram:

– Amma İncə dərəsindən şer yazmağa başladınız, Sumqayıta, Bakıya gəlməmişdən öncə. Məmməd İsmayıla da şeir yazmışınız. Yayda burda idi, gəlmişdi Məmməd İsmayıl, yadınızdadır?

– Yadımdan çıxıb, nə bilim. Nə vaxtdır görmürəm Məmməd İsmayılı.

Babək:

– Türkiyədədir. Məmməd əmi orda yaşayır…

– Elə şey olmaz… Sevdiyim şairdir, eləmi? – sual dolu baxışlarla hər kəsi süzür. Cavanlar neynəyir? İbrahim İlyası bilirəm necə yazır. Uşaqların kitabı yoxdur ki, oxuyum bilim. Tutaq ki, bir kitabı çıxır, bir dəfə baxırsan, bir neçə il gedir. Belə bilmək olmur. Gərək davamlı oxuyam…

– Ən çox sevdiyiniz şair kim idi?

– Ağamalı Sadiq Əfəndi.

– Aşıqlardan kimi çox istəyirsiniz?

– Yenə Ağamalı…

– Bəs Nazim Əsədoğlu necə oğlu idi?

– Hamısı yaxşıdırlar, sağ olsunlar. Bir söz demirəm, intəhası Ağamalı olan yerdə… Nazim kimdir, hansıdır o? – Babəkə tərəf dönür.

– Əsədoğlu. O da rəhmətə gedib də bir il bundan əvvəl.

– Sən Allah, düz deyirsən? Heç xəbərim olmayıb.

– Getmişdik yasa. Kitabda yazın çıxdı Nazim Əsədoğlu haqda. Kitabın məsləhətçisi siz idiniz, on dəfə yığışdıq, məsləhətləşdik, – Ehtiram deyir.

– Nazim Əsədoğlu da öldü… – dərindən ah çəkir.

– Məmməd müəllim, özünüzü on il bundan qabaq rahat hiss edirdiniz, yoxsa indi?

– Nə rahat hiss edirəm?.. Siqaret çəkmək istəyirəm, tapa bilmirəm.

– Siqareti həkim qoymur çəkməyə, yoxsa uşaqlar?

– Nə həkim, həkim qələt eləyir. Tapa bilmirəm. – Gülür.

– Yadınızda hansı şeriniz qalıb, birini deyin də heç olmasa?

– Səməd əmi bir bəri dur, sən Allah,

Sənə ərzim var Akifin əlindən.

Görürsənmi tanımadın, Məmmədəm,

Nə gündəyəm gör Akifin əlindən.

– Kepkası əyri kişiləri kimə yazmışınız?

– Mehdi Şıxlınskinin əmisi Voyna əmiyə. Müharibədə doğulmuşdu Voyna əmi.

– O, şerdən yadda qalan misraları var?

– (Kəndçi kişilərə şəhər sovqatı)

Sovqatımı qəbul eləyin, sovqatlı-paylı kişilər…

Aran, yaylaq ola əkində də, biçində də,

Dərdin, qəmin içində də haylı-haraylı kişilər.

Hər nisgili bölərsiniz, hər müşkülü bilərsiniz.

Siz ayrı kişilərsiniz, var olun ayrı kişilər.

Bar, bərəkət aylarında, ip atdırmaz evlərində.

Oğul, uşaq toylarında kepkası əyri kişilər.

Qocaldıbsan arvadı

– İndi o, dostların ta gəlmir. Gecə saat 2-3 də səhərə kimi dan açırdınız. Fatimə xanım xəngəl bişirirdi sizə? – Babək zarafat edir.

– Niyə gəlsinlər, döyülməyə gəlsinlər?.. (gülür)

– Kim döysün?

– Fatma xanım…

– Fatma xanımın o çağları qalmayıb. Qocaldıbsan arvadı.

– Kim kimi qocaldıb, hələ bilmir…

– Deyirlər yaman zülmkar adam olubsunuz. Düz deyirlər görəsən? Deyirlər, Fatiməyə yaman zülm eləmisiniz?

– Zülmkar olsaydım, indi Fatimənin qəbrinin üstünə gedirdim, – gülür, – deməli, yaşayır.

– Məmməd müəllim, ölən şairlərdən kimlər yadına gəlir?

– İndi yadıma düşdü rəhmətlik Hüseyn qağa. Dostluq eləməmişəm, yoldaşlıq eləməmişəm, məndən neçə yaş böyükdür.

– Məmməd Araz, Məmməd Aslan, Məmməd İsmayıl… belə şeiriniz var.

– Hə, məndə var idi elə şer…

Şərt deyin –

şərtimiz şərt olsun, neynək.

Lap belə bir az da

sərt olsun, neynək.

Üç Məmməd olmasin, dörd olsun, neynək.

Ürəyi ovcunda yaşayanların,

Dünyanı çiynində daşıyanların

Nolar ki,

Nolar ki, çox olsa sayı –

Mənə cərgənizdə bir yer ayırın,

Məmməd Araz,

Məmməd Aslan,

Məmməd İsmayil!  Yadımdan çıxıb e…

– Sevdiyiniz şairlər olub onların üçü də?

– Ürəyim istəyir görüm onları. Elə şey olmaz, yadından çıxmazdı. Onda məni görməyiblər.

Babək:

 Görüblər…

– Vaxtıyla aşıqlara iradın olardı, deyərdin, sözlərimi oxuyursansa, insafın olsun, düz oxu, indi də deyərsən?

– Minnətim olsun. Söz qanmayan aşıqlar idi onlar, söz qanan aşıqlara demək olmaz bunu.

Faiq BALABƏYLİ

171 baxılıb
mersin escort