“Daha ürəyimdən quşlar uçdular, Gözümdən balıqlar üzdülər o an…” – Aysel Fikrət

Sevgi

(Aysel Fikrət) 

 

İstəyirsən su olum, dərdini danış suya,
Yağmur olub gələrəm, İstidən yorulanda.
Külək kimi dağılıb hər tərəfə əsərəm,
Şıltaq budaqlar kimi, öz-özümdən küsərəm.

 

İstəyirsən bəmbəyaz, qara dönüb yağaram,
Örtərəm saçlarını, dən olaram üzündə.
İstəsən kipriyində donub buza qalaram,
Bir an ömrüm olsa da, öpərəm gözlərindən.

 

İstəsən yol olaram, səni aparan o yol,
Ya da pəncərənizdə, boynunu bükən ağac.
Gecələr göy üzünə, yuvarlanan ay olam,
Səhər günəşə dönəm, gözlərində qamaşam.

 

Başqa necə gəlim mən ömrünə, axı necə?
Hər şeyin ola-ola, heç kiminem axı mən.
Mən səni sevməyin də düstürünü tapmışam,
Hara getsən səninlə, nə olsa da, sənsizəm.

 

 

 

 

Tanıdım

 

Hər dəfə olmadı deyə,
Bir də yenə doğuldum.
Axtardım səni dünyada,
Min insanın içində.

 

Milyon ildi, yol gəlirəm,
Min bir cildə düşmüşəm.
Neçə dəfə doğulmuşam,
Bir dünyanın içində.

 

Usanmışam, yorulmuşam,
Çox yalandan keçmişəm.
Axır ki, səni tapdığım,
Həsrətimdən tanıdım.

 

Mən səni özündən uzaq,
Keçmişində aradım.
Min yadın min dünyalının,
Neçəsindən tanıdım.

 

Ayrı üzə, ayrı tənə,
Yığılsan da dinmədim.
Mən səni, bu boz dünyanın,
Ağuşundan dərmədim.

 

Elə-belə gendə durdum,
Göz yaşımı dinlədim.
Səni, gözümün yaşının,
Naləsindən tanıdım.

 

Necə olur bu qədər xoş,
Bu qədər də bəd olmaq.
Bu qədər rahat dünyamda,
Belə narahat qalmaq.

 

Gecə-gündüz düşüncədən,
Qaçıb günləri qovmaq.
Mən səni bu zülmlərə,
Alqışından tanıdım.

 

Ölüm kimi idi üzün,
Həm doğmaydı, həm yaddı.
Ruhumu göyə uçurdu,
Ardiyca baxdı, baxdı.

 

Səni, çərpələng uçuran,
Dəcəl bir uşaq vaxtı.
Göydə arzularla uçmuş,
Qanadından tanıdım.

 

Səni sevmək boş xəyaldı,
Sevməməyə yox gücüm.
Mən dəyişərəm adları,
Buna da çatar gücüm.

 

Əsas odur ki, itmədin,
Əsas odur ki, dözdüm.
Mən səni son ayrılığın,
Sarısından tanıdım.

 

 

 

 

 

 

 

 

Həyat Bilgisi dərsi

 

Balıqlar quşlara vurulmaz, balam,
Quşlar qanadlanıb uçarlar deyə.
Balıqlar quşlara vurulmaz, balam,
Əvvəldən yad olub, dənizlər göyə.

 

Quşların qanadı qırılsa əgər,
Balıqlar üzməyi bacarmasalar.
Bir gün yad suların sahillərində,
Bilmədən göz-gözə, gəlib dursalar.

 

Nə çıxar, bu səssiz, lal sevgilərdən,
Sular da bulanar, göylər də solar.
Dünyanın rəngləri dəyişər birdən,
Balıqlar sevgidən bəlkə boğular.

 

Sən bu sınıq qanad quşçığazı at,
Sən bu üzəbilməz balığı unut.
Sən düş öz yolunun izinə, balam,
Daha ürəyində başqa arzu tut.

 

Eh, necə olmazı olur bilirdim,
Mən də sənin kimi idim bir zaman.
Daha ürəyimdən quşlar uçdular,
Gözümdən balıqlar üzdülər o an.

 

Balıqlar quşlara vurulmaz, balam,
Quşlar qanadlanıb uçarlar deyə.
Balıqlar quşlara vurulmaz, balam,
Əvvəldən yad olub, dənizlər göyə

 

 

 

 

 

 

 

 

Qonaq

 

Ömründən neçə yad, neçə ad keçib,
Kədərin də olub, qəmin də olub.
Ömrünü bir hasar kimi hörmüsən,
İçəri daş, torpaq, çəpərlə dolub.

 

Qapını bəs niyə açıq qoymusan?
Mən vaxtsız qonağa oxşayıram heç?
İndi axı məni niyə qovursan?
Ömründə qalana oxşayıram heç?

 

Büküb sevgimizi xatirələrə,
Yığışıb gedirəm bu ölkədən mən.
Sərhəddə üstümdə sevgi tutulsa,
Əgər bir də geri dönə bilməsəm,

 

Məni ürəyində qoru nə olar?
Məni xəyalların badına vermə.
Gözlərin həsrəti ürəklə çəksin,
Məni o yadların adına vermə.

 

 

Müstəqil.Az

Share: