“Kimyagər və Vitis Sylvestris” – Sadıq Qarayev…

 

Kimyagər və Vitis Sylvestris.

Povest

Birazdan hava işıqlaşmağa başlayacaqdı. Tələsmək lazım idi.Dan yeri sökülən kimi Vəliş kişi oyancaq, əvvəl  diqqətlə ətrafdan gələn səsələrə qulaq asacaqdı. Qulaqlarına etibar etməyib, ayağa qalxacaq, gözətçi cardağından hər yanı xeyli müşühidə edəcəkdi. Daha sonra, qara atını minib, sahənin ətrafını dolanacaqdı. Qurban bunları dəqiq öyrənmişdir. Ancaq yerindən qalxa bilmirdi. Dünən bütün günü və gecəyarıya qədər yonca sahəsini suvarmış, çox yorulmuşdur. Heç iki saat olmazdı ki, yatağına uzanmışdı. Yorğunluq və yuxusuzluqdan çörək yemədən, ayaqlarının palçıqlaranı təmiz yumadan yatmışdı.

İndi güclə gözlərini açırdı. Yorğunluğun üstünə yay səhərlərinin sərinliyi, oxumağa başlayan quşların səsi və mehin gətirdiyi biçilmiş ot, yemiş, meyvə-tərəvəz, həyətdəki qızılgüllərin qoxuları ilə təravətlənmiş havası gələrək, onu ecazkar yuxu aləminə çəkib aparırdı. İstədi beş-on dəqiqə mürgüləyib, sonra qalxsın. Ancaq bu fikirindən tez də daşındı. Yatıb, yuxuya qala bilərdi və Vəliş kişi onu atın üstündə qarşılayardı… Atasının sözü yadına düşdü:- Yuxudan oyandın, bir, iki, üç!-say, ayağa qalx. O belə də etdi.

Səma buludsuz idi. Ulduzlara baxa-baxa gedirdi. Ona elə gəlirdi ki, ulduzlar göz vurub, gülümsəyirlər, hara getdiyini bilirlər. Quarbanın bundan xoşu gəlirdi. Alabaş da qabaqda gedirdi.. Sahibinin hara getdiyini o da ulduzlar kimi bilirdi. Nə qədər etmişdisə, onu saxlaya bilməmişdir.

Gəlib üzüm bağlarına çatdı. Cəld cərgələrin arasına girib, yetişmiş üzümləri salxımlarından qoparıb, vedrələrini doldurmağa başladı. Eşitmişdi ki, qara üzümlərin şirəsi çox olur. Onlardan çox yığmaq istəyirdi. Ancaq bu üzümlərin salxımları tənəkdən çətin qopurdu, bəzən güilələri əlində qalır, salxım zoğdan aralanmırdı. Bu zaman onun əlinin içi ağrıyır, üzüm şirələrinə bulaşırdı.

Nəhəyət iki putluq (16 kq-lıq) vedrlərini üzümlə doldurub, sürətlə bağdan çıxmağa başladı. Cərgəlrin ortasında sığx və hündür otlar bitmişdir. O sürətlə yeridikcə  kalışın yumuşaq, meyvə quruplarının yerləşdiyi sünbülləri üzünə dəyir, xoş sığal təsiri bağışlayırdı. Ancaq bu bitkinin nazik lentşəkilli, uzun yarpaqlarının kənarları iti idi, çılpaq biləklərində dərin, yandırıcı izlər buraxırdı. Pıtraq tikanları da üz gözünə dəyir, qollarına batırdı.

Qurban bunlara məhəl qoymayaraq cərgənin sonuna gəlib çatdı. Ehtiyatla yan-yörəsinə, Vəliş kişinin çardağına tərəf baxıb, qara atın orda olduğunu görüb, əmin olduqdan sonra cərgədən çıxdı və iri addımlarla, tez-tez evə tərəf getməyə başladı. Vedrələr çox ağır idi, nazik qulpları əllərini kəsirdi. Amma buna baxmayraq, bir km-dən artıq yolu bu vedrələri cəmi iki dəfə yerə qoyub, qısa müddət dincini aldı. Çox tələsirdi. Yenə qayıtmaq lazım idi. Çünki, bu iki vedrə üzüm onun nəzrdə tutduğu iş üçün az idi.

İkinci dəfə bağa girmişdi. Hər iki vedrəyə üzüm yığmışdı. Ancaq vedrələri tam doldurmamışdı ki, üstlərinə kişmişi sortundan da yığsın. Kişmişi axtar-axtara bağın dərinliklərinə gəlib çıxmışdır. Hərdən kişmişi sortundan olan tənəyə rast gəlsə də, üzümləri hələ tam yetişməmiş olurdular. Nəhayət bir kol tapdı, sıx giləli, iri salxımları var idi. İki gilə qoparıb, ağzına qoydu. Qənd kimi şirin idi. Salxımları tez-tez qoparıb, vedrələrini ağzına kimi doldurdu. Sürətlə, hündür otları yara-yara bağdan çıxmağa başladı. Axırıncı cərgənin sonuna az qalırdı, artıq taqətdən düşmüş, çox yorulmuşdu və vedrlərin qulpları əllərini kəsirdi.

Dayandı, vedrələri yerə qoyub, dərindən nəfəs aldı. Bir az dincəlmək istədi. Əylib kişmişi salxımından iki-üç gilə qopardıb ağzına qoydu. Bu zaman Albaş hürüb, irəli atıldı. Qurban başını qaldıranda, cərgənin sonunda qara atın sürətlə ona tərəf gəldiyini  gördü… Cəld vedrələri götürb, üzüm cərgələrini bir-birindən ayıran, tənəklərin zoğlarının bağlandığı üç sıradan ibarət məftillərin arasından digər cərgəyə keçdi.. ordan növbəti cərgəyə keçmək istəyəndə, qamçı belindən dəydi. Ancaq o, cəld tərpəndiyindən, qamçı tam tutmamışdı, ucu dəymişdi. Buna baxmayaraq, belində nazik, yandırıcı ağrı hiss etdi..

-Sənə deyirəm, dayan! Onsuz da qaça bilməyəcəksən, kopoyoğlu!-Vəliş kişi bağrdı.

O söyüşə dözməzdi heç vaxt, istədi Vəliş kişini söysün, ancaq bu fikirdən daşındı. Düşündü ki, bəlkə hələ onu tanımır, qaranlıqdı, səsini çıxarsa, tanıyar, atasını idarəyə çağırarlar… Həm də ondan başqa cür heyif çıxmaq qərarına gəldi.

Qara at yüz metirlik cərgəni sürətlə başa kimi qaçır,Vəliş onu çöndərib yenidən, yeni cərgəyə salırdı. At çatana qədər Qurban məftillərin arasından iki cərgə o tərəfə keçə bilirdi. Ancaq arada bir qamçı da böyründən bərk dəymişdir ki, onun yerinin göyərtisi iki ay Qurbanın bədənində qalmışdı… Qəribədir ki, həmən bu Vəliş kişini də sonralar pitili-üzümləri yığılmamış bağa girmiş quzularını qamçıladığı uşaqlar daşlayıb, böyrünü zədələdilər. Elə Vəliş kişi bu zədədən dünyasını dəyişmişdi…

Dan yeri, sökülür, hava işıqlanırdı. Artq Vəliş kişi Qurbanı tanımışdı və inadından əl çəkmirdi.  O, atla çaparaq cərgəni uzununa, Qurban isə əlində vedrələri eninə keçməkdə davam edirdi. Albaş da hürə-hürə atın dalınca qaçırdı. Ancaq onun təpiyindən qorxararaq, çox yaxınlaşmırdı. Həm Alabaşla at, həm də  Qurban  bərk yorulmuşdular. Ancaq elə bil doğulnda göbəyi üzüm bağlarına atılmış, Sovet əmlakını qorumağa beşikdə and içmiş Vəliş kişi get-gedə lap coşurdu..

İnsan fiziki yorulanda, tənbəlləşəndə vəziyyətdən çıxmaq üçün beyni daha sürətlə işləyir, ağlına qeyri-adi fikirlər daha tez gəlir. Qurbanın da ağlına çıxış yolu gəldi- atı yıxmaq lazım idi..

Qurban vedrələrini üzüm kollarının dibinə elə qoydu ki, at qaçanda dəyib, aşırmasın. Bunun üçün vedrələri tənəklərin gövdələri ilə yanaşı, eyni sırada yerləşdirdi. Sonra o, həmən yerdən nisbətən geriyə, cərgənin ortasına tərəf qaçıd.  Bu proses vaxt apardı və bir qamçı da “yedi”. Bu dəfə qamçının ucu başından tutdu. Onun ağrısından, bərk əsəbləşdi, istədi söysün, lakin yenə səsini çıxarmadı, fikirləşdiyi qisas almaq hissi daha da gücləndi. Ancaq o hələ gələcəyin işi idi. İndi bu zalım, inadkardan canını və vedrədəki üzümləri qurtarmaq lazım idi. Vedrələri orda qoyub qaçmaq heç ağlına da gəlmirdi, üzümləri mütləq aparmalı idi..

O, eyni cərgələrdə , sağa –sola keçməyə başladı, hər dəfə vaxt qazandıqıca, bir-birində iyirmi metr aralı iki şpalerdən (tənəklərin zoğları bağlandığı nazik, uzun beton dirəklər) məftilləri açmağa başladı. Yalnız bu cür şpaleri aşırıb, atı yıxmaq olardı… Məftilləri açdıqdan sonra, həmin şpalerin yanında dayandı. Vəliş kişi o durduğu cərgə ilə atı çapmağa başladı. Atın yaxınlaşdığını gözləyən Qurban lazımı anda o biri cərgəyə keçib, şpaleri var gücü ilə itələyib cərgənin arasına aşıra bildi.. Sonra qaçaraq digər şpaleri də aşırdı..

Bu əməliyyat Qurbana bir qamçı, Vəliş kişiyə isə sağ qolunun biləkdən qırılması hesabına başa gəldi. Sonrakı iş Albaşlıq idi..

Bu hadisəni bilən sovxoz sədri üzdə Qurbanın atasına acıqlansa da, ürəyində onun əməlindən zövq almışdı. Bu səbəbdən -əşi, uşaqdı- eyib olmaz deyib, dərinə getməmişdi.Vəliş kişi bununla da canını qurtarmadı. O hadisədən təxminən on gün sonra onun ətrafı və örtüyü quru qamşdan, “döşəməsi” taxta parçalrından olan “iki mərtəbəli” çardağı günün günorta çağı yandı… Evlərindən günorta yeməyindən qayıdanda, çardağının beton dirəkləri qalmışdı.

Vəliş kişinin çardağı və sınmış biləyi hesabına iki vedrə üzümünü inadla, vəzifə  dürüstlüyü ilə qoruduğu üzüm bağları şox keçmədi ki, məhv oldu.. Onları öz yaratdığını həmişə özü dağıdan insan məhv etdi.. Sovetlər dağılan kimi, nə hökümətin, nə də kimsənin mülkiyyəti olmayan üzüm bağları sahibsiz qaldı. Yerli iqlimə illərlə uyğunlaşmış, yüksək şəkərliyi, xüsusi aromatları ilə seçilən, məhsullarının keyfiyyətinin dünyada rəqibi olmayan, qiymətli gülabı, rakaselin, ağadayı, kişmişi, əsgəri, hənəqırna, misqalı, keçiməməsi kimi üzüm sortlarının tənəklərini camaat dibindən kəsib apardılar. Vəliş kişinin çardağı kimi yandırdılar. O camaat ki, özləri bu bağları salmış, yayın istisində, qışın soyuğunda ailəlikcə min bir zəhmətlə becərmişdilər. Bu bağların hesabına maaş almış, ev-eşik düzəltmiş, məhsul vaxtı külli miqdar mükafatlar almış, oğul uşaq böyüdüb, oxudub evləndirmişlər. Qış aylarında isə bu pullar hesabına bütün sovetlərin kurortlarını gəzmişlər. Sonra isə bütün orqanlarından-odunundan, yarpaqlarından, qorasından, meyvəsinin toxumundan (çət deyirdlər), cəcəyindən, özündən isə həm təbii halda, həm qurudlumuş halda yeyilən,  şirəsi, spirti, şərabından  geniş istifadə edilən, Quranda adı dəfələrlə çəkilən əvəzsiz bitkilərdən olan üzümə qarşı insanlar amansız bitki soyqırımı həyata keçirdilər. Üzüm tənəkləri bu xəyanəti də bütün bitkilər kimi insana bağışladı. Yenidən pöhrələdilər. Lakin insanlar fikirlərində, onları məhv etmək qərarında qəti idilər. Elə bilirdilər ki, onları məhv etsələr, yerindən qızıl parıldayıb ucalacaq… Və başladılar sepli traktor salıb, bu yerləri şumlamağa, tənəklərin yerin altında qalan gövdələrini də köklü halda  çıxardıb, apardılar. Tənəklər yenə pöhrələyərdilər, ancaq insanları çox sevdiklərindən onların arzularını həmişəki kimi ürəklərində qoymadılar və bir daha o yerlərdə görsənmədilər. O yerlərdən qızıl filan da çıxmadı, sonralar xaotik təsərüfatçılığın- kim nə gəldi əkdi, kimisi də heç nə əkmədi, suvarıb mal-qoyun otardı- nəticəsində, çoxlu qığ, təs və təzəklər “bitdi”… İnsanlar işlərini axıra çatdırdılar: Bağların məftillərini açıb, halqa şəkilində topalar düzəltidlər, şapalerləri də çxarıb evələrinə gətirdilər. Vaxtilə üzüm zoğları, salxımları saxlayan şpalerlərdən hasar, toyuq hini, ayaqyolunun üstünü örtmək üçün istifadə etdilər. Şərab zavodlarının metallarını söküb, min tonluq çənləri kəsib, tez-tələsik qonşu ölkələrə apardılar, təsbeh, it dərsindən “modnu koja” ayaqqabılar, “bakkuş”, “sarı qız”, “İmportnı ətirli” saqqızlarla dəyişdilər… Vəliş kişi xoşbəxt idi ki, çardağının yandığını görsə də, bu günləri görmədi…

***

Gün xeyli yuxarı qalxmış, isti düşmüşdü. Əli indi yuxudan oyanırdı.Bir az da yerində, sağa-sola fırlanıb, yuxudan sonrakı yerində eşələnməyin dadını çıxarırdı. Anasının səsi gəldi:

-Ana qurban, gün günortadı, adam bu qədər yatar? Dur gəl aşağı.

Əli yerindən qalxıb, ikinci mərtəbədən aşağı düşdü. Əl- üzünü yudu, dişlərini fırçaladı. Bacısının gətirdiyi  təzə dəsmalla əl-üzünü sildi. Sonra barmağı ilə ağ köynəyindəki küncüd dənəsi boyda ləkəni ona göstərib, yeni köynək istədi. Ona tamaşa edən nənəsi zarfatla dedi:

-Nədir, Moskvadan gəlib, təzə sabun, dəsmal verisriniz? Ya narkom oğludur?

Anası gülüb dedi:

  • Hə, mənim balam özü narkomdur. Anası ölmüş uşaqlıqdan belədir. Çox təmizkardır, gərək O üzünü sildiyi dəsmalla heç kim silməsin..

Əli axşamdan sağılmış inək südünün qaymağı ilə şirin çay içdi. Keçi pendiri ilə kişmişi üzümdən yeyə-yeyə anasından soruşdu:

-Qurban hanı, gözümə dəymir?

Ananın üzü qayğılı ifadə aldı. Bi az düşünüb dedi:

-Həyətdədir, sən çörəyini ye, gələr indi..

Analar hərəsi bir aləm olan olan övladlarının məxsusi dünyalarını özlərində birləşdirən nəhəng kainatlardır. Ana sevgisi hər övladın dünyasını əhatə edər, isidər, quş qanadları bütün yumurtalarını əhətə etdiyi kimi…

-mən axı həyətdə Qurbanı görmədim.-Bunu deyib, Əli ayağa qalxdı. O bəzən qardaşına əlləm-qəlləm işlərinin üstündə acıqlansa, acı sözlər desə də onu özündən çox istəyirdi. Və həmişə də ondan ötrü nədənsə nigaran idi.. Odur ki, anasının simasının tez dəyişdiyini, qayğılı görkəm aldığını dərhal görmüşdü.

Əli həyətə çıxıb, yan-yörəyə baxdı, Qurbanı görmədi. Evin qırağında təndirəsər deyilən, adətən palçıq kərpiçdən hörülən, içərisində təndirin olduğu kiçik bir tikili vardı. Əli Alabaşın orada yatdığını və təndirəsərin arxasından tüstü çıxdığını gördü və ora getdi. Qurbanı görüb, təccüblə soruşdu:

-Ə sən nə iş görürüsən, üst başın palçıq, üz-gözün hisin-pasın içindədir?

Qurban ona baxıb, gülmsədi. Nədənsə Qurbanın bu andakı gülümsəyən iri qara gözlərindəki və simasındakı doğmalıq, qayğılı ifadə və burada edilən söhbət həmişəlik Əlinin göz və səs yaddaşında qaldı.

-Söz soruşmuram?-Əli yenə acıqla sual etdi

-bəhməz düzəldirəm…-sən get, üst-başına hiss qonacaq, mən də bir azdan gəlirəm… üç –dörd gündən sonra gedəcəksən, yenə dərslərin başlaycaq, get dincəl.-Qurban qayğılı halda qardaşına dedi.

Əli yaxınlaşıb, onun düzəltdiyi qəribə aparata baxmağa başladı.

-Ə, bu nədir, düzəltmisən? Sən lap kimyagərsən ki, laboratoriyadır elə bil..

Qurban gülüb, barmağını tuşlayıb izah etməyə başladı:

-Bax, burada üzüm olan qabın altına odun qoyub, yandırıram. Üzümün buxarı bu turbadan keçir. Turba soyuq su olan boçkadan keçir, buxar maye halına düşür. Görürsən, oradan da bəhməz süzülür. İstəyirsiniz, gəlim sizin institutda da bundan birini düzəldim, ac tələblərsiniz, bütün günü bəhməz yeyin.- O bunları deyb, gülməkdən uğundu. Əli də gülümsəyib dedi:

-ey kimyagər, heç bilirsən Vitis sylvestris nə deməkdir?

Qurban başını qaşıyıb gülərək:

  • Hardan bilim, nədir? De bilim.

Əli:

  • Latınca üzümün beynəlxalq adıdır. Vitis sylvestris deyəndə sən də, zənci də, monqol da söhbətin üzmdən getdiyini başa düşür. Bax bu başına hoqq açdığın üzümdən.

Qurban qəh-qəhə çəkib güldü. Sonra dedi:

  • Qaqaş, sənin işin gücün yoxdur? Niyə gedib dincəlmirsən, həyəti gəzib, öz əlinlə meyvələrdən yığıb yemirsən?

Əli ona tərs-tərs baxdı, sonra yaxınlaşıb, süzülən mayedən ovcuna yığıb, qoxladı. Üz-gözünü turşudub, hirslə dedi:

-Ə bu ki, spirtdi. Nə bəhməz? Sənin nə vaxt dilinə düz söz gələcək? Bu il məktəbi bitirdin, vurma cədvəlini bilmirsən! Avara-avara işlərlə məşğulsan. İndi bu spirti neyləyəcəksən? Yoxsa, araq düzədib içəcəksən?

Qurban başını aşağı sallayıb, dinmədi. O indiyə qədər, nə də sonralar, ailə-uşaq sahibi olnda da Əlinin tənqid və danlaqlarına cavab verməzdi. Heç özünə bəraət qazandırcaq fikirlə rdə səsləndirməzdi.

  • Mənə düzünü de, bu spirt sənin nəyinə lazımdı? Cavab ver, yoxsa indi vurub, aşırdacam hamısını..!!

Onların səsinə Ana gəldi. Əlinin qolundan tutub, özünə tərəf çəkərək dedi:

-gəl gedək, Qurban işini qurtarıb gələr.

Əli lap əsəbləşdi:

  • Nə iş? Bu adam pis işlərlə məğuldu. Heç vaxt düz söz danışmır. Gecə yarıya qədər veyllənir, evə gəlmir. İndi də araq düzəltməyə başlayıb. Siz də fikir vermirsiniz! Bunun axırı yaxşı olmayacaq!-bunu deyib, yaxınlaşıb Qurbanın “aparatını” vurub aşırmaq istədi.

Ana onun qabağına keçib, qolundan tutub, evə tərəf çəkdi və dedi:

  • Gəl, sonra danışarıq..
  • Bunun işinə bax, üst-başından, üz-gözündən cin ürkür! Sonra özünüz də peşiman olcaqsınız!- Əli bunları deyib, acıqlı halda oradan uzaqlaşdı.

Həmin gün axşamçağı Qurban evdə yenə danlandı. Bu dəfə anası:

-inəkləri axşam hörükdən açıb gətirndə yonca sahəsinin qırağında niyə yaxşıca otarmırsan, südləri azalıb?- deyərək danladı. O həmişəki kimi, dinmədi.

***

Üç yoldaş idilər. Hərəsi bir tərəfdə saqqız kollarının daşlı, çınqıllı diblərini əvvəl külünglə, sonra isə ucu döyülərək sivriləşmiş mıxla qazırdılar. Sonra boyları bir metrə çatan, açıq kül rəngli, yarpaqları və zoğları xırda tükücüklərlə örtülmüş, sarı çiçəkli saqqız kollarının yerin altında qalan diametri üç-beş sm olan, qara rəngli əsas kökünü iti bıçaqla kəsirdilər. Bu zaman ağ rəngli, südəbənzər, nisbətən qatı maye çıxırdı. Kəsilmiş kolu qazılmış yuvanın üstünə qoyurdular ki, gün düşməsin. Çünki, gün düşəndə kol az “süd” verirdi. Bir az sonra bıçaqla həmən qatılaşmış “südü” sıyırıb, stəkan və ya parçın içinə tökürdülər. Saqqız kolunun kökünü bir az aşağıdan yenidən kəsirdilər, hər dəfə yenidən kəsdikcə, çıxan “süd” azalırdı. Parça yığılan süd daha da qatılaşır, bərkiyir, açıq şabalıdı rəng alırdı. Bu da olurdu təbii saqqız. Saqqız sıxılıb bərkidikcə, parçın üzərinə tünd qonur rəngli suyu çıxırdı. Bu su acı idi, və mədə-bağırsaq xəstəlikləri, qurd qovucu kimi əvəzsiz təbii dərman sayılırdı. Təbii saqqız özü də həm bu baxımdan, həm də dişlərin dibinin möhkəmlənməsində faydalı idi.

Gün az qalırdı günorta olsun, çox yorulmuşdular, həm də acmışdılar. Səhər hava işıqlaşmamış, kəndin magistral yol keçən hissəsində görüşümüş, iki saatdan artıq yol gəlmişdilər. Qurbanın aftomobillə uzaq yol getməklə heç arası yox idi. Benzin qoxusu gələn kimi, ürəyi bulanırdı. İndi də özünü halsız və iştahsız hiss edirdi. Son iki gecə də çox az yatması yorğunluq və başgicəllənməsi əmələ gətirirdi.  Odur ki, Yemişan ağcının kögəsinə çəkilən, süfrələrini açan yoldaşları onu çörək yeməyə səsləyəndə-siz yeyin, mənim iştahım yoxdur dedi. İştahı olmasa da, əslində uzanıb dincəlmək, heç olmasa bir saat yatmaq istəyirdi. Yoldaşlarından biri- Həsən ondan bir sinif aşağı oxuyurdu. Digəri- Vaqifin isə 45-50 yaşları olardı. Vaqif saqqız tutmaq həvəskarı idi. Həsəni isə saqqız yox, bu dağaları gəzmək və burada araq içmək daha çox maraqlanıdrırdı.  Onlar həvəslə süfrələrini açdılar, evdən gətirdikləri yeməkləri süfrəyə düzdülər. Vaqif yenidən Qurbanı səslədi:

  • Gəl çıx görək, səni gözlyürük.

Həsən də ona qoşuldu:

  • Neyliyəcəksən o qədər saqqızı? Satacaqsan? Gəl görək, gətirdiyini də çıxart qoy ortaya.

Dağ saqqızını doğurdan da satırdılar. Bir parçdan əlliyə yaxın çeynəm (birdəfəlik çeynəmək üçün kiçik parçalar) çıxırdı. Rayon mərkəzində çeynəmini 40-50 qəpikdən satmaq olurdu. Qurban durub, könülsüz halda onlara yaxınlaşdı. Torbasını açıb, pendir, pomidor və bir şüşə üzüm arağı ortaya qoydu. Sonra isə Yemişanın kögəsində arxası üstə uzanıb dedi:

  • Siz yeyin, mən bir az yatım. Yuxum gəlir.

Yoldaşları təəcüblə ona baxdılar. Vaqif dedi:

  • A bala, dur çörəyini ye. Səhərdən acıq.

Həsən araq şüşəsinə baxa-baxa dedi:

  • Dünən tezdəndən-günortaya qədər təndirəsərinizin arxasından tüstü çıxırdı. İndi ALLAH bilir, nə qədər spirt çəkmisən. Axşamdan da bizi qızışdırb bura gətirmisən. İndi bu nədi, bir şüşə araqla biz üç nəfər, iki gün burda neyləyəcik?

Qurban elə uzanmışdı ki, görən deyərdi bir də yerindən qalxmaycaq. Yorğunluq və yuxsuluğun üzərinə Vəliş kişinin qamçılarının yerində yaranan ağrı qarışıq zövqlü sızıltı,  sərin və çiçək qoxulu dağ havası ona ecazkar yuxu gətirirdi. Yoldaşlarının səsini güclə eşidir, çətinliklə dərk edirdi. Yavaş səslə dedi:

  • Vaqif dayı, siz yeyin, yemək istəmirəm, yuxum çox gəlir. Həsən sən də, o bir şüşəni iç, bəsindi. Mənim araq içdiyimi görmüsən? Bir də ki, mən bu gün axşam qayıtmalıyam.

Həsən ona acıqlandı. Arağın bir şüşə olması kefini pozmuşdu. İstədi onun üstünə qışqırsın, özünü saxladı. Qurbanın dəmir kimi biləkləri, sərt yumuruqlarının dadını bilirdi. Odur ki,  ta dinmədi, Vaqifə göz qaş edərək, Qurbanı süfrənin başına çağırmasını istədi.

  • Qurban, bu yoldaşlıq olmadı ki, sən orda yat, biz çörək yeyək. Dur gəl, yeməyini ye, sonra bir az yatarsan.

Bütün yeniyetmə və gənclər kimi, bu yoldaşlıq söhbəti Qurbanın incə damarına toxundu. Özünü toparlayıb süfrənin başına gəldi. Həsən tez sevincərək torbasından üç balaca stəkan çıxarıb arq süzdü. Vaqif stəkanı qaldırıb dedi:

  • Sizinlə yoldaşlığa dəyər, szin sağlığınıza, sağ olun.

Həsən tez stəkanı toqquşdurdu, Qurbanın əlini stəkana tərəf aparmadığını görüb dedi:

  • Götür, götür vuraq ta məktəbi də qurtarmısan. Nə gözləyirsən? Heç bunun ləzzətini bilirsən? Sağ olsun Vaqif əmini, altı ay olar ki, bunun necə bir əvəzsiz “nemət” oduğunu mənə başa saldı.

O Qurbanın yenə stəkanı götürmədiyini görüb, Vaqifə işarə etdi. Vaqif gülüməsyərək dedi:

  • Qurban, bu cür dağ havası, bizim kimi yoldaşlarla içməmək, yoldaşlığa da, bu süfrəyə də hörmətsizlikdi. Gör hələ Xumuş xalan sizə nə cür çolpa qızardıb.. Götür, görək necə araq çəkmisən.

Qurban həmin gün ilk dəfə araq içdi, bir stəkan. Az keçmədi ki, ürək bulantısı gücləndi. Yeyb, içdiklərini qusdu. Yemişanın kögəsində üstünə pencəyini atıb, yatdı. Yuxudan oyananda, günün axşama doğru əyldiyini və yoldaşlarının da yatdığını gördü. Bərk acmışdı. Süfrəyə baxdı, şüşə boş idi və yeyiləcək bir şey qalmamışdı. Vaqifin yoldaşlıq fəlsəfəsinin incə düsturlarını araq həll etmişdi.

Yoldaşlarının təkidi və axşamın düşdüyünü görüb, gecələmək üçün yaxınlıqdakı obaya getmişdilər. Obadakı qonaqpərvər insanlar əl çəkməmişlər ki, sabah qalcaqsınız və sizə çəpiş kəsəcik, yeyib içəcəyik. Çəpiş və yeyib içmək adı gələndə Vaqif yenə özünəməxsus şəkildə el adətlərindən, qonaqpərvərlikdən fələsfə açmış, bu təklifin ürəyindən olduğunu çəpiş dərisi ilə örtmək istəmişdi. Həsən isə dişlərini ağardaraq, dərhal razılaşmışdı. Qurban düşünüb, hamını təcübləndirən sual vermişdi-obada kimsə keçi pendiri və ya inək yağı satır? Ona gülərək demişlər ki, satmaq nədi, sənə pay qoyarıq aprarsan. O isə demişdi- mənə çox lazımdı. İyirmi kilo pendir və ya on kq yağ.

Obadakı insanların və yoldaşlarının təkidinə baxmayaraq Qurban səhər dan yeri söküləndə tək yola çıxmışdı. Dağ yolu ilə üzü aşağı, hər əlində on kq-lıq vedrə beş km yolu getmək asan deyildi. Ancaq O çox tələsirdi, gecikə bilərdi deyə var gücünü toplayıb, az dayanmağa və tez-tez getməyə çalışırdı. Əllərindəki dünənki üzüm vedrələrinin yerini indi pendir vedrələrinin qulpu kəsirdi.

***

Əli getməyə hazırlaşırdı. Yaxşı ütülənmiş qara şalvar, ağ köynək geyinib, nənəsi, atası, anası və bacısı ilə  ilə görüşdükdən sonra, anasının onun üçün hazırladığı sovqat dolu iri çantasını əlinə alıb gülərək dedi:

  • Yaxşı, bu mürəbbə, pendir, üzüm kimi yeyəcəkləri çantaya yığmısınız ki ağır gəlsin? Hələ anamdan olsa idi kortof, soğan da qoyardı. Bəs pul? Orda çörəyi pendir verib alacam, ya mürrəbə verib metroya minəcəm?

Hamısı onun bu sözünə güldülər. Ana nigaran halda yenə pəncərədən yola baxıb, ona yaxınlaşıdı və əlindəki az midar pulu ona uzadıb dedi:

  • Anan ölsün, Atan ehtiyacımız var idi deyə ərizə yazıb maaşı vaxtından tez aldı, xərclədik. Götür bunu birtəhər ötüş, gələn maaşda göndərərik.

Nənəsi sözə qarışdı:

  • Sizin nə vaxt ehtiyacınız olmayıb ki… Bu uşağa pul saxlamadınız. İndi orda tələbə yoldaşları pul çıxardanda, bu neyləyəcək?

Atası saata, sonra isə Əliyə baxıb gülümsəyərək uşaq vaxtı səvələdiyi kimi dedi:

  • Kopolu kişisən. bax gör sənədlərin yerində gedək, səni yola salım, qatara gecikəcəksən.

Əli gülüməsyib dedi:

  • O mərifətsiz yalnçıdan muğayat olun, qoymayın evə gec gəlsin, avara işlərlə məğul olsun. İndi ALLAH bilir, hardadır, bizi də aldadıb ki, dağa gedirəm…

Əli ilə atası getdilər. Nənə də çıxdı həyətə. On dəqiqə keçdi. Qurban qaranəfəs içəri girdi. Tez əlindəki hazır saxladığı pulu anasına uzatdı. Bacısı heç ananın əlinə pulun dəyməyinə macal vermədi. Cəld götürüb Əligilin arxasınca  qaçdı…

Ana xeyli Qurbanın üzünə baxıb soruşdu:

  • Niyə gec gəldin?

Qurban zornan gülümsəyib dedi:

  • Bazara pendir də aparmışdım.

Ananın gözləri yaşardı, özünü ağlamqdan gücnən saxlayıb dedi:

  • Neçə gündür inəkləri də çöldə sağıb, xəstə pişik balalarını yedizdirirsən…

Hər ikisi susdu. Ana pəncərədən yola baxaraq yavaş səslə dedi:

  • Vəsiyyət edirəm ki, mən öləndə sən harada olsan gözləsinlər. Sənin çiyinlərində qəbirə getmək istəyirəm.

***

Bir aydan çox idi ki Əli onu  görmək istəyiridi. Görə bilmidri. Nəhayət gördü.. yonca sahəsinə gedən kiçik arxın kənarında durmuşdu. Yanında sarımtıl iki pişik balası var idi. Günəş üfüqdə, batana yaxın, qırmızımtıl sarı rəngdə, həm də iri idi. Arxın içindən dum-duru su axırdı. Arxın qıraqlarından sallanan, keçən ildən qalan saralmış çayır otunun nazik yarpaqlarını axar su, aparırmış kimi üzərində üzdürürdü. Hər tərəf yaşıll çəmənlik, əkin sahələri və topa –topa bitmiş ağaclardan ibarət idi. O, qonur qırmızımtıl rəngli köynəkdə, gənc yaşındaydı. Siması daha gözəl, kefi kök, təbəssümülü dayanmışdı.  Gülümsəyərək, qayğılı halda  deyirdi- neyliyirdin bu qədər xərc çəkirdin, öz rahatlığına xərcləyəydin….

 

05-06.02.2020. Bakı şəhəri.

Sadıq Qarayev.

(Biologiya üzrə fəlsəfə doktoru, dosent. Azərbaycan Yazıçılar Birliyini və Rusiya Yazıçılar İttifaqının üzvü. Prezident təqaüdçüsü, Qızıl kəlmə mükfatçısı.)

 

Share: