“Ayrılanda ovcumuz boş, Hesabımız heç-heçəydi…”- Şahnaz Şahin

 

BU GECƏ

(Şahnaz Şahin)

Bu gecə məni sevmədi
Mən bu gecənin olmadım..
Nə bir köz verdi isinəm,
Nə bir xatirə qoymadı…

Çox baxdım tanıyammadım..
Bilmədim yaşı neçəydi.
Ayrılanda ovcumuz boş,
Hesabımız heç-heçəydi…

 

 

…….

İlk..
şəkillərindən tanıyıram adamları..
Şəkil-şəkil payız olur,qış olur..solur,
dəyişir adamlar
Ən çox yaddaşı pozulur..
Sonra üstündən boş şeylər yazılır..,
Başlayırlar boş quyuya daş atmağa..
boş-boş işlə baş qatmağa..

Son..,
gedişlərindən tanıyıram adamları..
Bütün gəlişlər eyni olur..
həmişə
gəliş bir ayrı səhnə !
Gedişsə..eh,
gedişə çox şey mahna olur..

Ölümündən tanıyıram adamları..
Ölüm hər şeyə nöqtə qoyan son söz,son hökm..
son səs!..
Ölüm var yandırar..
Ölüm var qandırar..
Ölüm də var sındırar adamı…

..Şəkil-şəkil gəlir,
Səhnə-səhnə qalır,
Mahnı-mahnı gedir adamlar…

 

 

Yurd elə fağır içimi

Getməyin neçə adı var
Bu gediş su içimi..
Gedənin nə borcuna
Çatlayır bağrı içimin..

Qurd kimi ulayıb keçir..
Oğrudu talayıb keçir
Dərdlərin alayı keçir
Doğrayır sancı içimi..

Şeytandı mələkdi bilməm
Gedib görməyincə ölməm
Göydən düşməyən üç alma
Yandırır yaxır içimi..

Dininə qurban dinsizim
Yoluna qurban yolsuzum
Günah dolu günahsızım
Yurd elə fağır içimi..

 

 

…….

Yavaş-yavaş dağılırlar dostlarım
Biri elə,biri belə ..
başımdan.
İpək kimi xasiyyətim olsa da
Biri keçmir bircə gilə suçumdan..

Yerdə qalır ..
heç bilmirəm nə qalır..
Yerdə qalan məni ümid biləndi.
Əsib keçir yel aparan sevgilər
Düşüb qalan könlümü səmt biləndi..

Bu gecə də haram oldu bal yuxum
Yazdım,pozdum,qaralmadı bir vərəq..
Kimsə varmı bu qapını bağlaya
Kimsə varmı hay deyəndə hay verə…

 

 

 

Soyuq çəkər ürəyin

 

Soyuq çəkər ürəyin,
De ki,hava şaxtadı.
Bir az yolum uzaqdı,
Bir az əlim aşağı…

Nə görüb yoruldu ki,
Gözlərimi vaxt döyür..
Sonacan çəkmədiyim
Pərdələri ah döyür…

Hər öpəndə çat verir
Dodağının buz qatı…
Sır-sıradı saçların
Kipriklərin düz tutub…

Yağışlar çiçəkləyir
Gecə fanarı üstə.
Kəpənəklər uçuşur..
Göz yolda,könül səsdə…

 

 

Müstəqil.Az

Share: