“Biz Allahın ədalətinə və Azərbaycan dövlətinə inanaraq yola çıxmışıq…”- Elnur Kəlbizadə

Biz Allahın ədalətinə və Azərbaycan dövlətinə inanaraq yola çıxmışıq

 

Parlament seçkiləri elan olunar-olunmaz cəmiyyətin ən müxtəlif təbəqələrindən olan şəxslər namizəd olacaqları ilə bağlı açıqlamalarla çıxış etdilər. Öncədən namizəd olacağı ilə bağlı heç bir açıqlama verməyən, ancaq namizədliyi qeydə alındıqdan sonra 45 saylı Abşeron seçki dairəsindən namizəd olduğu barədə şəxsi facebook səhifəsində məlumat yayan maraqlı namizədlərdən biri AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə oldu.

Vikipedia məlumatlarına istinad etsək, 1988-ci ildə anadan olan  Elnur Kəlbizadə həm də Beynəlxalq münasibətlər üzrə Respublika Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının, AMEA-nın “Gənc tədqiqatçı” elmi jurnalının Redaksiya Şurasının üzvüdür. İndiyə qədər 8 kitab və monoqrafiyası, 60-dan artıq elmi məqaləsi nəşr edilib. 45 saylı Abşeron seçki dairəsində seçkinin sürpriz namizədi hesab oluna biləcək Elnur Kəlbizadəyə musteqil.az saytı olaraq suallarımızı ünvanladıq.

 

  • İlk sualımız namizədliyinizlə bağlı olacaq. Yalnız namizədliyiniz qeydə alındıqdan sonra bu barədə məlumatı açıqladınız. Bunu nə ilə əlaqələndirmək olar: taktiki gediş, yoxsa inamsızlıq?

Əvvəla, diqqətiniz üçün təşəkkür edirəm. Namizədliyimi yalnız qeydə alındıqdan sonra açıqlamağımı bir neçə məsələ ilə izah edə bilərəm. İlk növbədə seçki sənədlərini DSK-ya təqdim etdikdən dərhal sonra şəxsin özünün namizədliyini irəli sürməsini elan etməsini düzgün hesab etmirəm. Bu mərhələdə şəxs “namizədliyə iddialı” hesab olunur, türklərin dili ilə desək “aday adayı”. Yalnız 500 seçicinin imzasını toplayıb komissiyaya təqdim etdikdən sonra siz namizədliyinizi irəli sürmüş hesab edilirsiniz. İkincisi, bir çox şəxslərin sosial şəbəkələr vasitəsi ilə insanlardan imza istəməsini də taktiki olaraq bir vasitə kimi qəbul etsəm də, namizədin özünə inamsızlığının göstəricisi hesab edirəm. Əgər namizədliyini irəli sürdüyün dairədən 500 səsi toplamaq üçün bu qədər hay-həşir salırsansa və bu prosesdə belə çətinlik çəkirsənsə hansı namizədlikdən söhbət gedə bilər. Üçüncüsü, hər kəsin namizədliyə iddialı olduğunu açıqladığı dövrdə mənim bunu daha sonraya saxlamağım bir az da kiçik taktikin addım kimi qiymətləndirilə bilər.

 

  • Şüarınız da maraq doğurur: “Səsi sizdən istədik, qələbəni Allahdan!” Niyə məhz bu şüar?

Bəli, hansı şüarla seçicilərimə müraciət mənim üçün çox önəmli idi. Seçki komandamız uzun zaman bu mövzuda müzakirə apardı, müxtəlif versiyalar irəli sürüldü. Sonda məhz bu versiyanın üzərində dayandıq. Şüarın birinci hissəsi namizədin səsi yalnız seçicidən istəməyi ilə bağlıdır. Səsi almaq, istədiyi namizədi qalib etmək üçün ilk növbədə seçicinin seçkiyə gəlməsi və seçmək hüququna sahiblənməsi vacibdir. Qələbəni Allahdan istəməyə gəlincə, Quran-Kərimdə belə bir ifadə var: “La qalibə illəllah”, yəni, “Alladan başqa qalib yoxdur!”. Biz qələbənin Uca Yaradana məxsus olduğuna inanırıq. Əgər Uca Yaradan, kiməsə qələbəni bəxş etmək istəyirsə, qələbə onun da olacaqdır. Biz də o qələbəni bəndə olaraq istəyirik.

 

  • Tərcümeyi-halınıza diqqət etdik. Lənkəranda doğulmusunuz, Naxçıvanda təhsil almısınız, Bakıda işləyirsiniz, amma Abşerondan namizədsiniz. Niyə?

Tamamilə, haqlı sualdır. Qəbul edirəm ki, hər iki regionda tanıdıqlarım və çevrəm daha genişdir. Lakin mən 5 ildən artıqdır Abşeronda – Xırdalan şəhərində yaşayıram. 2 il Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt-Abşeron şöbəsində işləmişəm. Abşeronu kənd-kənd, qəsəbə-qəsəbə, məhəllə-məhəllə gəzmişəm. Hətta seçki dairəmə daxil olan kəndlərdə köklü nəsilləri, məhəllələri belə tanıyıram. Xırdalan və Mehdiabad kimi böyük yaşayış məntəqələrimzi yaxından tanımadan, Görədildə məsələn deyək ki, Əhmədliləri, Səhərbəyliləri, Şanazarlıları, Fatmeyidə Şah Hüseynliləri, Poladlıları, Kolanılıları, Gudeyləri, Əlibeytliləri tanımadan onların parlamentdə nümayəndəsi olmaq olmaz. Bu baxımdan mən həm Abşerona, həm abşeronlulara, həm də onları maraqlandıran məsələlərə, narahat edən problemlərə, onların xüsusiyyətlərinə daha yaxından bələdəm. Hesab edirəm ki, fəaliyyət göstərdiyim dövrdə də Azərbaycan dövlətinin və dövlətçiliyinin, millətimizin mənafeyini layiqincə qorumuş və mənə verilən səlahiyyətlər çərçivəsində ədalətlə fəaliyyət göstərmişəm. Yuxarıda da qeyd etdiyim ki, mən də Abşeronda yaşayıram və seçicilərimə imza topladığım müddətdə də ilk verdiyim söz bu olub. Seçilsəm, fəaliyyət müddətimdə həmişə sizin aranızda olacam və sizin də tanıdığınız ünvanımı dəyişməyəcəyəm.

  • Seçicilərə vədləriniz nədən ibarətdir?

İlk növbədə seçicilərimi indidən əmin edə bilərəm ki, bizim üçün ən vacib məsələ Allahın, Azərbaycan dövlətinin və seçicilərimizin etimadını doğrultmaq olacaqdır. Milli-ideoloji məsələlərlə bağlı , onu deyə bilərəm ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi siyasi ideyadan ümummilli ideologiya səviyyəsinə qaldırdığı Azərbaycançılıq prinsiplərinin ən dönməz təbliğatçısı olacağam. Azərbaycançılıq bizə görə üç prinsipə əsaslanır və Azərbaycan Respublikasının dövlət bayrağında bu prinsiplər öz əksini tapmışdır. Biz düşünürük ki, yalnız keçmişindən güc alan, gələcəyinə inanan QÜDRƏTLİ MİLLƏT QÜDRƏTLİ DÖVLƏTÇİLİYİN qarantına çevrilə bilər. Bu mənada Azərbaycançılığın xüsusi istiqamət kimi öyrənilməsi və öyrədilməsi mexanizmləri ilə bağlı müvafiq qurumlar qarşısında təşəbbüslərlə çıxış edəcəyəm.

Təəssüf edirəm ki, bu seçkidə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinə münasibətlə bağlı namizədlərin platformalarında çox cüzi məlumatlar əks olunub və yaxud olunmayıb. Lakin seçici ölkəsinin bir nömrəli taleyüklü probleminə namizədin münasibətini mütləq bilməlidir. Mən bu məsələdə Azərbaycan dövlətinin bu günə qədər nümayiş etdirdiyi qətiyyətli mövqeyin müdafiəçisi olacağam. Hesab edirəm ki, dövlətimizin iqtisadi imkanlarından istifadə edərək ordu quruculuğuna ayrılan vəsaiti hər il artırmaqla, cüzi iqtisadi imkanlara malik Ermənistanı da hərbi xərcləri artırmağa məcbur etməsi, paralel olaraq işğalçı dövləti bütün iqtisadi layihələrdən kənarda qoyması əvvəl-axır öz bəhrəsini verəcəkdir və verməkdədir. Bununla yanaşı münaqişənin ədalətli həlli geosiyasi proseslərdən və maraqlardan kənarda düşünülə bilməz. Belə bir şəraitdə münaqişənin ədalətli həllinə nail olmağın yolu Azərbaycanda sabitliyi qorumaqdan, Azərbaycan dövləti ətrafında sıx birləşməkdən, əlverişli şəraitin yaranmasına qədərki dövrdə eyni hədəflərə istiqamətlənməkdən keçir.

Milli və mənəvi dəyərlərimizin ideoloji terrordan qorunması üçün qanunların sərtləşdirilməsinin tərəfdarı kimi çıxış edəcəyəm. Unutmamaq lazımdır ki, bu dəyərlərə sədaqət ruhunda tərbiyə olunmayan insan digər hansı dəyərlərə sahib olursa olsun əsl VƏTƏNDAŞ ola bilməz.

  • Bəs sosial-iqtisadi məsələlər və problemlər?

Dövlətimizin kiçik sahibkarlığın inkişafı ilə bağlı illər ərzində həyata keçirdiyi siyasəti dəstəkləmək məqsədi ilə təkliflərlə çıxış edəcəm. Çalışacağam ki, vətəndaşlar “işyeri axtaran”dan “işyeri yaradana”, “vergilər hesabına yardım alan”dan “vergi verən”ə çevrilsinlər.

Həm imzatoplama mərhələsində, həm də gündəlik həyatda ən çox eşitdiyimiz problemlər Abşeronda yollar, binaların altına yığılan çirkab suları, binaların dam örtüyü, küçələrdə məişət tullantıları, uşaq oyun sahələri, parklar və s. kimi məsələlərlə bağlı olmuşdur. Məlumdur ki, yollarla bağlı məsələ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqətindədir və bu istiqamətdə rayona son dövrlərdə kifayət qədər yüksək məbləğdə maliyyə vəsaitləri ayrılıb. Sakinlər tərəfindən səsləndirilən digər problemlər isə deputatların deyil, fəaliyyətini düzgün prinsiplər əsasında qurmuş bələdiyyələrin tənzimləyə biləcəyi məsələlərdir. Bələdiyyələrin bu sahədə fəaliyyətini düzgün qurması üçün bir sıra qanunvericilik təşəbbüsləri ilə çıxış edəcəyəm.

Mühüm məsələlərdən biri köhnə və yeni çoxmərtəbəli tikililərin idarə edilməsində yaranan problemlə bağlıdır. Bu məsələdə yeni binalarda səlahiyyətlərin bina sakinləri tərəfindən seçilən sakin-komendanta verilməsi mexanizmi hələ ki, bizim cəmiyyətimizdə işləmir. Çünki, müxtəlif işlərin həyata keçirilməsi üçün toplanan “kommunal pulu” deyilən vəsaitlərin müəyyənləşdirilməsi üçün vahid qayda və bunu ödəməyə məcburetmə mexanizmi yoxdur. Köhnə binalarda isə vəziyyət daha acınacaqlıdır: artıq ləğv olunmuş, həm də olunmamış “jek”lər və bələdiyyələr arasında ikitirəlik davam etməkdədir. Bu mənada bütün çoxmənzilli yaşayış binalarının idarəetmə mexanizmlərini müəyyənləşdirən qanunvericilik aktlarına və ya onların təkmilləşdirilməsinə ehtiyac var. Biz bu təşəbbüslə çıxış edəcəyik.

  • Bildiyimiz qədər təhsil sahəsində də müəyyən təklifləriniz var.

Doğrudur. Məsələn, ölkə paytaxtı Bakı şəhərində yerləşən bir sıra universitetlərin Abşeron rayonu ərazisinə köçürülməsi, Abşeron ərazisində yeni Universitet kampusları yaradılması üçün güzəştli zonaların yaradılması barədə təşəbbüslə çıxış edəcəyəm. Bu Abşeron rayonunun daha da inkişafına, rayonda yeni müvəqqəti və daimi iş yerlərinin sayının artmasına gətirib çıxara bilər.

Digər tərəfdən ali təhsil müəssisələrinə qəbulun asanlaşdırılması, lakin təhsilalma prosesinin şərtlərinin sərtləşdirilməsi təşəbbüsləri ilə çıxış edəcəm. Bu həm də ölkəmizdən hər il xeyli miqdarda valyutanın xaricə axmasının qarşısını ala bilər. Qoy vətəndaşlarımız Ukrayna və digər ölkələrin biznes maraqları üzərində qurulmuş universitetlərinə pul ödəmək yerinə,öz universitetlərimizə qəbul olunsunlar. Yalnız təhsil prosesində kimin təhsilə davam edəcəyi, kimin etməyəcəyi müəyyənləşsin.

Deputatlıq maaşımın ən azı 1/9 hissəsini Abşeron rayonundan olan aztəminatlı ailələrin övladlarının ali təhsil haqlarının ödənilməsinə ayıracağam. Bu isə hər il ərzində ən azından orta hesabla 3 tələbənin illik təhsil haqqını ödəməyimiz deməkdir. Bu məsələdə xüsusi diqqət qız övladlarımızın təhsil almasına yönəldiləcəkdir.

Xüsusən texniki və innovativ biliklər verən məktəbəqədər təhsil müəssisələrinin yaradılması üçün qanunvericilik təşəbbüsləri ilə çıxış edəcəyəm. Ölkəmizə gələcəkdə lazım olacaq kadr potensilının yaradılmasına məktəblərdən başlamaq gecdir, buna bağçalardan başlamaq lazımdır. Qoy analar uşalarını yatızdıranda “mənim hüquqşünas balam” deyə əzizləyəndə, bağçalar o uşaqlara “kosmonavt” olmaq kimi bir seçimlərinin olduğunu da təlqin etsinlər.

  • Seçkidəki rəqibləriniz arasında həm keçmiş parlament sədri, həm tanınmış jurnalistlər, həm də digər peşə sahibləri var. Onlarla bağlı nə düşünürsünüz?

Onların bir çoxunu yaxşı tanıdığımı deyə bilərəm. Seçki bir yarışdır, seçən xalqdır. Xalqımız kimə etimad göstərəcəksə, o da seçiləcək. Biz buna inanırıq. Digər namizədlərlə münasibətlərimizə gəlincə, biz ayırıcı dillə deyil, birləşdirici dillə danışırıq. Qırmızı xəttlərin keçilməməsinə çalışacayıq. Hətta bizə qarşı bu xətti keçmək istəyən olsa belə, biz hörmət və sayqımızı qorumağa çalışacağıq. Çünki, seçki bir prosesdir, bitəcək. Həyat isə davam edir. Şərq fəlsəfəsində bir fikir var. Özümüzlə məşğul olmaqdan, başqalarına vaxtımız yoxdur. Biz öz təbliğatımızı aparacayıq. Qoy seçici kimə inanırsa, kim layiqlidirsə onu seçsin.

 

  • Təşəkkür edir və uğurlar arzulayırıq.

          Söhbətləşdi: Aysel Səfərli 

          Müstəqil.Az

Share: