ZAHİR ƏZƏMƏTİ SEÇKİDƏN KİM KƏNAR SAXLADI?

Xalqımız müstəqillik illərində ən çox seçki və referendum keçirən xalqlardan biridir. Zarafat deyil, 1992-ci ildən bəri keçirilən bütün seçki və referendumları – ümumxalq səsvermələrini toplayanda, ortalama hesabla iki ilə bir səsvermə düşür.

Əgər bu müddətdə ölkəmizdə demokratik seçki ənənəsi köklənməyibsə, deməli, “doyanlar” hər iki ildən bir yenidən acırlar. Bu, yetərincə ciddi fəlakətdir – Mərkəzi Seçki Komissiyasında 20 ildən çox vəzifə tutanlar hələ də özlərini “stajçı” tələbələr kimi aparırlar, parlaq namizədlərin seçkidə iştirak haqqını təmin etmək üçün, sanki aciz durumda qalıblar.

Hakim partiyanın namizədlər siyahısına da nəzər salanda, gördüm ki, 90 faizi “doyan” adamlardır. Onlar nəinki namizəd olmağa layiqdir, hətta təkrarən deputat olmağa da. Beşinci, altıncı, yeddinci, hətta öləndən sonra, mumyalayıb bəzilərini parlamentə də qoymaq olar. Milli Məclisə bitişik bir mavzoley də tikmək olar.

Bu “doymuş”ların yerinə gələn isə “ac” olacaqdı. Mandatı ciblərinə qoyaraq partizanlıq edəcək, rayondakı probemlərdən danışa-danışa RİH-lərin rahatlığını da pozacaqdılar.

Məsələn, belə “ac”laran biri Zahir Əzəmətdir (Zahir Rəhimov). Gənc deyil, orta nəsil nümayəndəsidir. Amma 1990-lardan bəri mətbuatdadır, bu illərdə bir xeyli qəzet və sayta rəhbərlik edib, hələ də meydandadır.

Hələ də sosial problemlərdən danışır, hələ də hansısa məsələ ilə bağlı müraciət edən insanları pərt yola salmır, hələ də “doymuş” məmurlarla “vilka-lojka” olmağa çalışmır.

Bəlkə də, elə buna görə, Zahir Əzəmətin 45 saylı Abşeron seçki dairəsində ən “doymuş” namizəd Oqtay Əsədova rəqib olmasına imkan vermədilər.

Zahir Əzəmət öz imzatoplama kampaniyasını yetərincə mütəşəkkil apardı. Abşeronun bütün qəsəbə və kəndlərindən imza toplanıldı və hətta bir çox hallarda imzatoplamada özü də iştirak edərək, seçicilərlə tanış oldu.

Əlbəttə ki, seçicilərlə tanışlıq onların problemləriylə də tanışlıq idi. Bu tanışlıq təşviqat kampaniyası zamanı daha “amansız” formatda davam edə bilərdi.

Abşerondakı namizədlər siyahısına baxanda, gözədəyən o qədər də məşhur namizəd yoxdur. İctimaiyyətdə az-çox tanınan insanların seçkilərdən kənarda qalması isə o deməkdir ki, Abşeronun bitmək-tükənmək bilməyən problemləri yenə də diqqətdən kənarda qalacaq, yenə də “doymuş” deputat və məmurlar öz aralarında bütün problemləri “həll” edəcəklər…

Oqtay Əsədov məmnun, Abşeronu illərlə yeyib-dağıdan məmurlar ondan da məmnun.

Yenə də, “self-made” iş adamları, yazarlar və ictimai xadimlərə ancaq prosesə kənardan baxmaq qalacaq.

İndi isə qayıdaq başlıqdakı suala: Zahir Əzəməti seçkidən kim kənar saxladı? Rayondakı real acların daha 5 il problemlər içində boğulması kimə ən çox sərf edirsə, baxın, onlar da bu işin dalında dururlar.

Təəssüf ki, MSK da bu dəstəyə havadarlıq elədi… Bir dəfə yazmışdım, bir daha təkrar edirəm: İslahatların ciddi nəticə verməsi üçün, ilk növbədə “köhnə” kadrların MSK-dan təmizlənməsi lazımdır!

Hörmətlə, Pan Rufat (Rüfət Əhmədzadə)

Share: