“Uzaqdan bir şeir” layihəsində CAVANŞİR ELOĞLU (Dərviş Cavanşir)

QANLI YUXULAR YOZULMUR

 

Deyirdin yuxuda qan qovuşuqdur,
Mən görən yuxular yozulmur, ana.
Əksi-əlifbadı alın yazım da,
Əvvəli sonundan oxunur,ana.

Düzüymüş “yazıya pozu yox ” sözü,
Yazdı torpağıma, daşıma yazdı.
Gördü mürəkkəbi quruyur, fələk
Batırıb gözümün yaşına yazdı.

Qan qana qovuşdu, qan da torpağa,
Torpaq çəkməyəni qan çəkir,ana.
Qanlı köynək oldum düşmən əlində,
O da yaxasını yan çəkir,ana.

Çoxdakı, adımı “od oğlu”qoydun,
Mən pərvanə qanı tökmüşəm,axı.
Qan oyanan vaxtı bu nə yuxuydu,
Yuxuda pərvanə görmüşəm ,axı?!

Kişilər heç zaman tökülən qanı
Tökdüyü qanlarla yerdə qoymayıb.
Allaha xoş gedər əl-ələ versək,
Allah əlsizləri darda qoymayıb…

Deyirdin yuxuda qan qovuşuqdu,
Mən görən yuxular yozulmur,ana.
Əksi-əlifbadı alın yazım da,
Əvvəli sonundan oxunur,ana …

1990


Layihənin Kamalə ABİYEVA təqdim edir

 

Share: