Biz neyləyək, hamımız namizədliyimizi geri götürək? -Müraciət

Tanınmış gənc yazıçı, yüzlərlə oxucunun sevimli yazarı, Milli Məclisə deputatlığı namizədliyi  80 saylı İmişli-Beyləqan seçki dairəsindən na qeydə alınan Kəramət BÖYÜKÇÖL Prezident İlham Əliyevə müraciət edib.

Müstəqil.Az müraciəti olduğu kimi yayınlayır:

“Cənab Prezident!

Çıxışlarınızda tez-tez deyirsiniz ki, qarşıdan gələn parlament seçkiləri azad, ədalətli və demokratik keçiriləcək. Biz Sizə inandıq və inanırıq. Və sizin gəncləri həvəsləndirən, ruhlandıran inamlı çıxışlarınızdan sonra seçki prosesinə qoşulduq, 80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizədliyim qeydə alındı. Hazırda təbliğat-təşviqat kampaniyasına hazırlıq mərhələsindəyik.

Mən yazıçıyam. İki romanım çap olunub. Çoxlu hekayələr və publisistik məqalələr müəllifiyəm. Bakı Dövlət Universitetini bitirmişəm və hazırda Universitetdə çalışıram. Və sizin imzanızla yazıçı kimi Prezident mükafatına layiq görülmüşəm. Saytlarda, televiziyada tez-tez çıxışlarım olur. Bəlkə də, məni efirlərdə görmüsünüz, bilmirəm.

 

Kəramət Böyükçöl adlı şəxsin şəkli.

Hal-hazırda İmişli rayonunda keçirilən seçkilərə müdaxilələr üçün ciddi planlar qurulur. İcra başçısı Vilyam Hacıyev keçmiş millət vəkili Çingiz Qənizadə ilə əlbir olub onun təzədən seçilməsi üçün işlər görməyə hazırlaşır. Eyni zamanda əldə olunan məlumatlara görə İmişlinin biznesmen, bina tikən adamları seçiciləri pulla ələ almaq üçün Çingiz Qənizadəyə ciddi maliyyə dəstəyi göstərir. Çingiz Qənizadə yuxarıdan tapşırılıb sözlərini eşitməkdən daha yorulmuşuq və bütün bu məsələlər bizi namizəd olaraq həvəsdən, ruhdan salır.

İndi biz neyləyək? Əgər doğrudan da, Çingiz Qənizadə yenidən millət vəkili seçdiriləcəksə və bizim çəkdiyimiz əziyyətlər, seçki kampaniyası üçün nəzərdə tutduğumuz enerji boş-boşuna gedəcəksə, biz ortalıqda özümüzü niyə əsir-yesir edirik? Hamımız çıxıb gedək, oturaq evimizin-eşiyimizin altında, Çingiz müəllim də olsun deputat, bununla da məsələ qurtarıb getsin. Bunlar sanki, seçki prosesini də, seçicini də, namizədi də ələ salırlar. Dövlətin seçki kimi taleyüklü bir məsələsinə bu qədər qeyri-ciddi münasibətin başqa bir adı yoxdur.

Cənab Prezident!

Sizdən yeganə istəyimiz və xahişimiz budur ki, seçkinin azad, demokratik və ədalətli keçirilməsini üçün prosesi tam nəzarətdə saxlayasınız. Təsəvvür edin, İcra başçısı, biznesmenlər, bina tikənlər Çingiz Qənizadəyə hər cür yardım göstərir. Bizi dəstəkləyənlər isə sadə kənd adamlarıdır ki, onlara da pul paylayıb səslərini bu yolla almağa cəhd eləyirlər. Bəs biz neyləyək? Hamımız həvəsdən, ruhdan düşüb namizədliyimizi geri götürək, Çingiz Qənizadənin adı bülletendə tək qalsın? ”

Müstəqil.Az

Share: