Nərminin qətlində onun əli var… – Dəfndə yaşananlar

Ötən gün 2019-cu il noyabrın 21-də Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşən və yanvarın 6-da yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın dəfnində iştirak etmək və cəmiyyəti şoka salan bu olayla bağlı prosesləri işıqlandırmaq üçün həmin kəndə yollandıq.

Səhər 05.30-da Tovuza çatdığımız üçün dəfn mərasiminə qədər qarşımıza çıxan rayon sakinlərindən Quliyevlər ailəsi barədə məlumat toplamağa cəhd etdik. Yaxınlaşdığımız insanlarda qəribə bir sükut vardı, sanki iki gün əvvəl yaşanan bu hadisənin şokunda idilər və hər biri evindəki körpəsi üçün narahat idi. Hər kəsin dilində Nərmin üçün “heyf o körpədən…” sözləri vardı.

Qəribədir, çoxu da ailəni qınayırdı. Apardığımız söhbət zamanı bəziləri “ailəni tanımırıq” desə də, əksəriyyəti ailə başçılarının məsuliyyətsiz olmasından gileylənirdi. Guya məsuliyyətli, diqqətli olsalar, bu qədər yaşanmazdı – belə hesab edirlər…

Bəziləri iddia edir ki, qatil ailəni daha yaxından tanıdığı üçün belə rahatlıqla cinayəti törədə bilib. Çünki Nərminin bacısının bəhs etdiyi “Jiquli” sürücüsünün eyni gündə ailənin iki qız övladına yaxınlaşması da, qatilin axşamçağı meyiti araba ilə gətirib evin yanında yandırması da təsadüfi hal kimi görünmür.

Səhər saat 08.30 radələrində artıq biz sözügedən kəndə yollandıq. Nərminin yandırıldığı yerin yaxınlığında polislər araşdırma aparırdı, bir qədər irəlidə – əmisinin evində isə Nərmin üçün mağar qurulmuşdu və yaxın qohumları mərasimə hazırlıq görürdü. Mağara yaxınlaşdıqca onun yanındakı evdən Nərmin üçün ağlayan yaxınlarının səsi gəlirdi. Bir qədər sonra isə bu “ağlaşma səsi”nin arasından kimlərinsə bir-birini təhqir etməsini duyduq…

Bu məqamı yazmasaq yaxşıdır…

Daha sonra Nərminin oxuduğu məktəbə üz tutduq. Orada bizi direktor Mətanət Vəliyeva qarşıladı. Mətanət xanımla Nərmin və ailəsi haqqında danışdıq, onun sonuncu dəfə elə itkin düşdüyü gün məktəbdə olduğunu öyrəndik. Məktəb direktor bizimlə söhbət zamanı ailəsinin Nərmini sonuncu dəfə qohumları Maarif Quliyevin görməsi barədə söylədiklərinin əksi olaraq bildirdi ki, Nərmin əslində Maarif bəydən ayrıldıqdan sonra əmisigilə gedib.

Nərminin müəlliməsi Rəna Yusifova isə onun tərbiyəli və dərslərində davamiyyətli olduğunu qeyd etdi.

Məktəbdə çəkiliş bitdikdən sonra biz dəfn mərasiminə yollandıq. Mərasimdə millət vəkili Qənirə Paşayeva, bəzi rəsmilər iştirak etsə də, Tovuz rayonunun icra başçısı Məmməd Məmmədovun və rayon deputatı Rafiq Məmmədhəsənovun orada olmaması gözümüzdən qaçmadı…

Nərminin başına gələn dəhşətli hadisə müəllimlərini, qohumlarını, rayon sakinləri, bir sözlə, hər kəsi dərindən sarsıtmışdı. Qohumları Qənirə Paşayevadan qatilin tez tapılması üçün kömək etməsini xahiş edirdilər. Mərhumun bibisi qatilin elə bu mərasimdə olduğunu iddia edərək, onun tez tapılması üçün yalvarırdı.

Bir qədər sonra mağardan çıxıb, yazdığım məlumatı redaksiyaya göndərmək üçün evin qarşısına keçib, pilləkanların üstündə dayandım. Elə bu vaxt çadırın qarşısında dayanan iki kişinin söhbəti diqqətimi çəkdi. Onlardan biri digərinə əminliklə uşağın qətlində ailənin qohumunu (konkret adı ilə) suçlayırdı, digəri də onun dediklərini təsdiqləyirdi…

Nərmin torpağa tapşırıldıqdan sonra yenidən mərasim yerinə gəldik və atasına Nərmin yaşadığı evdə, otağında çəkiliş etmək istədiyimizi dedik, lakin razılıq vermədi. Hətta çəkilişi dayandırmağımızı tələb etdi…

Biz də dayandıq və ümidimizi istintaqa bağladıq. İnanmaq istəyirik ki, istintaq canini tapacaq – həm rayon bu xofdan qurtulacaq, həm də qohumlar arasında “bir-birindən görmək” şübhələri yoxa çıxacaq…

 

358 baxılıb
mersin escort