Tanınmış publisist Azər Qismət “Xanım Taksini” təqdim edəcək…

 

Müstəqil.Az xəbər verir ki, tanınmış və sevilən telejurnalist, publisist-yazıçı Azər Qismətin yeni, “Xanım Taksi” adlı kitabı işıq üzü görüb.

Azər Məmmədov (Azər Qismət) 1972-ci il oktyabrın 9-da Sabirabad rayonunda anadan olmuşdur.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini telejurnalistika ixtisası üzrə bitirib. Universitet illərində BMTİ teleşirkətində çalışıb, “Telebenefis” və Xəbərlər verilişlərinin aparıcısı olub. Tələbə ikən Azərbaycanda ilk dəfə azərbaycandilli “Şən və Hazırcavablar Klubunun” təsisçilərindən biri kimi tanınıb.

UŞU (Universitetin Şən Uşaqları) komandasının ssenari müəllifi kimi fəaliyyət göstərib. Parodiyalar üzrə diplomları var.  “168 saat” qəzeti redaksiyasında redaktor , “Bizim əsr” qəzetində müxbir işləmişdir.

Uşaq yaşlarından bədii yaradıcılığa həvəs göstərmişdir. İlk mətbu yazısı Azərbaycan pioneri qəzetində çıxmışdır. Bundan sonra dövri mətbuatda və almanaxlarda hekayə, novella və məqalələrlə çıxış etmişdir.

“Duman” hekayə və novellalar, “Çuğullar” və Sankt-Peterburqda rus dilində dərc edilmiş “Mən məşuqam” romanlarının müəllifidir.

Ədəbiyyat üzrə Prezident təqaüdçüsüdür.

2016-cı ildə Azərbaycanda keçirilən hekayə yarışmasına qatılıb, münsiflər heyətinin yekdil qərarına əsasən 400 nəfər arasından 1-ci yerə layiq görülüb. “Hamilə dəli” hekayəsi MDB ölkələri üzrə keçirilən “Sodrujestva” ədəbiyyat müsabiqəsində 2-ci yer tutub. Hekayə, novella və publisistik məqalələri Yaoniya, İran, Rusiya, Qazaxıstan, Ukrayna, Polşa, Çexiya və Macarıstanın ədəbi portallarında dərc edilib.

Xidmətlərinə görə “İlin debütant yazarı” diplomuna və bir sıra fəxri tərifnamələrə layiq görülmüşdür.

ANS-media və yayım şirkətində  “XƏBƏRÇİ” və “İÇ XƏBƏR”  verilişlərinin aparıcısı olub. Hazırda AZTV-nin Ədəbi-dram üzrə baş redaktorudur.

Azər Qismətin “Xanım Taksi” adlı yeni kitabında müəllifin son illərdə qələmə aldığı hekayə və novellaları toplanıb.

29 dekabr, saat 15 :00-da “Xanım taksi” adlı yeni kitabın təqdimat mərasimi və imza günü keçiriləcəkdir.

Arzu edən hər kəs ilin  sonuncu kitab  bayramına dəvətlidir.

Mədəniyyətimizin və ədəbiyyatımızın keşiyində şərəflə durmuş yazıçıya yaradıcılıq uğurları arzulayırıq.

Ünvan : “Kitabevim.az”

(Puşkin k, 32 a , AK center, 2-ci mərtəbə)

 Müstəqil.Az 

Aysel Səfərli

 

Share: